Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 110-cu iclası keçirilib. Tezadlar.az xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Ermənistan bu dəfə də iclasa yüksək səviyyəli nümayəndə göndərməyib. Belə ki, respublikanı MDB İqtisadi Şurasının iclasında Belarusdakı səfir Razmik Xumaryan təmsil edib. Məhdud formatda keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri MDB daxilində iqtisadi əməkdaşlığın cari məsələləri barədə fikir mübadiləsi aparıb və bir sıra sənədləri nəzərdən keçiriblər. 2025-ci il üçün MDB ölkələrinin makroiqtisadi inkişaf göstəricilərinə xüsusi diqqət yetirilib. İlkin hesablamalara görə, MDB üzv dövlətlərinin ümumi daxili məhsulu 2,1 faiz artıb. Ümumi işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 9 faiz azalaraq 3,6 milyon nəfərə və ya işçi qüvvəsinin 3,1 faizinə çatıb. MDB İqtisadi Şurasının növbəti iclasının 11 sentyabr 2026-cı ildə Aşqabadda keçiriləcəyi barədə qərar qəbul olunub.