Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2026 / 11:47

Sənədsiz evlər problemi necə həll olunacaq? – Əmlak amnistiyası yenidən gündəmdə

Azərbaycanda sənədsiz tikililərə amnistiyanın tətbiqi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mütəxəssislər və deputatlar hesab edirlər ki, bu addım həm vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasına, həm də dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına töhfə verə bilər.

 

Məsələ ilə bağlı Təzadlar.az -a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, ölkədə uzun illərdir mövcud olan sənədsiz tikililər probleminin həlli istiqamətində əmlak amnistiyasının tətbiqi zəruridir.

“Azərbaycanda artıq uzun müddətdir əmlak amnistiyasının verilməsi ilə bağlı müzakirələr aparılır. Əslində bu istiqamətdə vaxtında addımlar atılsaydı, bu qədər geniş miqyasda sənədsiz ev problemi yaranmazdı. Milli Məclisin bir sıra deputatları və mən də dəfələrlə bu məsələ ilə bağlı təkliflərimizi səsləndirmişik”.

Deputatın sözlərinə görə, hazırkı iqtisadi şəraitdə belə bir qərarın həm dövlət, həm də vətəndaşlar üçün mühüm üstünlükləri ola bilər.

“Hazırda dövlət xərclərinin optimallaşdırılması və büdcədə qənaət rejiminin tətbiq olunduğu bir dövrdəyik. Düşünürəm ki, əmlak amnistiyası həm dövlət büdcəsinə əlavə gəlir gətirə, həm də vətəndaşların əmlaklarını rəsmiləşdirməsinə imkan yarada bilər. Bununla yanaşı, sosial həssas ailələr də nəzərə alınmalıdır. Elə ailələr var ki, 3 faizlik rüsumu ödəməkdə çətinlik çəkə bilər. Ona görə də bu məsələ minimal ödənişlərlə həll edilməlidir”.

Müşfiq Cəfərov hesab edir ki, sənədsiz evlərə amnistiya verilməsi ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcək.

“Ölkədə təxminən 500 mindən çox sənədsiz ev olduğunu nəzərə alsaq, amnistiyanın tətbiqi doğru addım olar. Bu, həm vətəndaşların mülkiyyət hüquqlarını qoruyacaq, həm də ölkə iqtisadiyyatına milyardlarla manat gəlir gətirə bilər. Bundan sonra həmin evlərin sahibləri qeydiyyata düşə, kommunal xidmətlərdən tam yararlana və vərəsəlik hüquqlarını rəsmiləşdirə bilərlər”.

Deputat bildirib ki, amnistiya daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər.

“Hazırda sənədsiz evlər bazarda dəyərindən təxminən 20-30 faiz aşağı qiymətə satılır. Müvafiq amnistiya proqramının qəbul edilməsi bu fərqi aradan qaldıra, eyni zamanda vergi və sığorta daxilolmalarını artıra bilər”.

Müşfiq Cəfərovun fikrincə, bu sahədə Türkiyənin təcrübəsindən də yararlanmaq mümkündür.

“Düşünürəm ki, bu sahədə Türkiyənin ‘İmar Barışı’ proqramı nümunə kimi götürülə bilər. Nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, eləcə də təhlükəli və riskli ərazilərdə yerləşən tikililər istisna olmaqla, digər sənədsiz evlərin bu proqrama cəlb edilməsi mümkündür”, – deyə deputat vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!