Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail kabinetinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımaq təklifi Ankarada qəzəblə qarşılanıb. Xarici İşlər Nazirliyinin açıqlamasında qərar “İsrailin öz cinayətlərini ört-basdır etmək cəhdi” kimi qiymətləndirilib.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kommunikasiya direktoru Burhanəddin Duran Netanyahu və hökumətini “ikiüzlü” adlandırıb.
İsrail xarici işlər naziri Gideon Saarın 1915-ci il qondarma “erməni soyqırımı”nı tanımaq təklifi kabinet tərəfindən yekdilliklə qəbul edilib.
Türkiyənin QƏRARA REAKSİYASI
Qərarın qüvvəyə minməsi üçün İsrail Parlamenti Knesset tərəfindən təsdiqlənməsini gözləsə də, Türkiyə buna mənfi reaksiya verib.
Xarici İşlər Nazirliyi İsrail hökumətinin Beynəlxalq Ədalət Məhkəməsində “Qəzza xalqına qarşı soyqırım törətdiyinə” görə mühakimə olunduğunu xatırladan bir bəyanat yayıb və “1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyi hədəflədiyini” bildirib.
Nazirliyin bəyanatında qərar “hüquqi və tarixi faktları nəzərə almayan zərərli bir cəhd” kimi təsvir edilib.
Bəyanatda əlavə edilib: “Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmağa davam edəcək”.
SİYASİ REAKSİYALAR BİR-BİRİNƏ ARXA OLDU
Bu arada, Kommunikasiya direktoru Burhanəddin Duran İsraili “ikiüzlülükdə” günahlandırıb. Duran bildirib ki, “İsrailin 1915-ci il hadisələrini qondarma “soyqırım” kimi tanıması, əllərindəki günahsız fələstinlilərin qanını və törətdikləri insanlığa qarşı cinayətləri ört-basdır etmək üçün boş bir cəhddir”.
AK Partiyasının sədr müavini Efkan Ala da “Netanyahu hökumətinin bu qərarı Qəzzada törədilən cinayətlərin yaratdığı beynəlxalq təcrid və hüquqi çarəsizliyin məhsuludur” mesajını çatdırıb.
AZƏRBAYCANDAN REAKSİYA
Azərbaycan Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “İsrail hökumətini bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq” deyilir.
Bəyanatda əlavə olaraq bildirilir ki, “1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq, siyasi qərar qəbuletmə məsələsinə çevrilməsi qəbuledilməzdir”.
Bəyanatda bu cür addımların kompromisə və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətləri dərinləşdirməyə və regionda davamlı sülh və barışıq səylərinə mane olmağa xidmət etdiyi qeyd olunur və əlavə olunur: “İsrail hökumətini bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”.
Vurğulanıb ki, Azərbaycan tarixi faktları müdafiə etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət etmək və regionda davamlı sülhü təşviq etməkdə qətiyyətli mövqeyini davam etdirəcək.
E.ŞİRİNOV