Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 21:00

Milli Oftalmologiya Mərkəzində xəstələri bu cür incidib- bezdirib pul alırlar- ŞOK

TƏBİB-in bu qaydası kimə xidmət edir?

Redaksiyamıza Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaşanan problemlərlə bağlı bir vətəndaşın şikayəti daxil olub. Şikayətçi üzləşdiyi süründürməçilik, uzun növbələr, mənasız prosedurlar və qanunsuz ödəniş tələbi ilə bağlı ciddi narazılığını ifadə edir. Onun sözlərinə görə, baş verənlər yaşadıqları ölkənin səhiyyə sistemində mövcud olan problemlərin və bəzi qurumların üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyinin göstəricisidir.

wp cdf nocomment fdfdbadeacfff fwairngtlvqe

Şikayətçi yaşadığı hadisələri o qədər ağrılı və emosional şəkildə nəql edir ki, biz də media olaraq bu müraciəti ictimailəşdirməyi və aidiyyəti qurumların diqqətinə çatdırmağı özümüzə borc bildik. Ümid edirik ki, Səhiyyə Nazirliyi, TƏBİB və digər məsul qurumlar bu iddiaları obyektiv araşdıracaq, qanun pozuntusu və ya vətəndaşın hüquqlarının pozulması halları müəyyən edilərsə, müvafiq tədbirlər görüləcək. Eyni zamanda, vətəndaşların hər il üzləşdiyi və zəruriliyi barədə suallar doğuran prosedurların hüquqi və tibbi əsasları da ictimaiyyətə aydın şəkildə izah ediləcək.

Əks halda, bu cür halların davam etməsi cəmiyyətdə həmin prosedurların arxasında qanunsuz ödənişlərin və korrupsiya risklərinin olması ilə bağlı şübhələri daha da artıracaq.

Şikayətçi redaksiyamıza göndərdiyi müraciətdə yaşadıqlarını belə nəql edir:

Mən övladımın anadangəlmə ürək qüsuruna görə əlillik pensiyası alıram. Övladımın gözündə yalnız görmə zəifliyi mövcuddur və eynəkdən istifadə edir. Lakin təyin olunmuş pensiya görmə zəifliyinə görə deyil, ürək qüsuruna görə təyin edilib. Bu səbəbdən hər il müvafiq tibbi komissiya və müayinələrdən keçirik.

Ancaq Səhiyyə Nazirliyinin və TƏBİB-in qoyduğu qaydalar deyir ki, sən mütləq göz müayinəsindən keçməlisən. Mən də etiraz edirəm ki, axı mən niyə göz xəstəxanasına getməliyəm? Uşaq gözünə görə pensiya almır, ürəyinə görə alır. Məni niyə göz xəstəxanasına göndərirsiniz? Bu sualıma isə heç kim cavab verə bilmir. Sadəcə deyirlər ki, “qanun belədir” və məcburi şəkildə hər il məni ora göndərirlər.

Bir sözlə, bizi hər il göz müayinəsi üçün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərirlər. Orada isə növbənin ucu-bucağı görünmür. Mənə verilən növbə isə oktyabr ayına idi. Mənsə oktyabra qədər gözləyə bilməzdim. Çünki övladımın pensiyasının müddəti may ayının sonunda başa çatırdı.

nocomment fdadfbcabcccbeeb ygofevpmrubniwszq x

Nə isə, növbəsiz getdim xəstəxanaya və elə bundan sonra da əsl süründürməçilik başladı. Bir əməkdaş məni 5-ci otağa, digəri başqa otağa göndərirdi. Otaq-otaq gəzdirildikdən sonra məlum oldu ki, “Tibbi ekspertiza”, “Tibbi nəzarət” və “Hərbi baxış” şöbəsinə müraciət etməliyəm.”

Burda mənim TƏBİB-ə və Səhiyyə Nazirliyinə daha bir haqlı sualım yaranır: Mənim övladım niyə burada tibbi ekspertizadan keçməlidir? Axı ona təyin olunan əlillik pensiyası göz xəstəliyinə görə deyil, ürək qüsuruna görə təyin olunub. Gözündə sadəcə bir az zəiflik var və eynəkdən istifadə edir. Bu halda onun Tibbi Ekspertiza şöbəsindən keçirilməsinin hüquqi və tibbi əsası nədir? Buna baxmayaraq, mənə bildirdilər ki, “siz mütləq bu şöbədən keçməlisiniz.” Nə edim, başqa çıxış yolum olmadığına görə mən də hamı kimi buna razılaşmağa məcbur oluram. Nə isə, həkimlərdən soruşdum ki, indi hara müraciət etməliyəm? Dedilər ki, 7-ci otağa gedin. Onu da qeyd edim ki, mən poliklinikanın rəsmi göndərişi ilə gəlmişdim. Saat artıq 08:00 idi. Səhər saat 07:00-dan xəstəxanada idim və artıq bir neçə saat idi ki, otaq-otaq gəzirdim. Nəhayət 7-ci otağa çatdım, lakin həkim yerində yox idi. Kimdən soruşurdumsa, “gözləyin, indi gələcək” cavabını alırdım.

Sonda qeydiyyatçı qızdan xahiş etdim ki, həkimə zəng edin, görək gələcək, ya yox. O da sağ olsun zəng etdi və həkim gələcəyini bildirdi. Nəhayət ki, bir qədər sonra həkim gəldi və məni qəbul etdi. Sənədlərimə baxdıqdan sonra bildirdi ki, “siz növbəsiz gəlmisiniz, əvvəl növbə götürməlisiniz”. Mən izah etdim ki, mənə verilən növbə oktyabr ayınadır, lakin övladımın pensiyasının müddəti may ayının sonunda bitir, gec olacaq. Bu səbəbdən oktyabra qədər gözləmək mümkün deyil. Bunu deyəndən sonra həkim bildirdi ki, “hə yaxşı, köməklik edərik, keçərsiniz”. Daha sonra lazımi aparat müayinələrinin siyahısını yazdı və məni 11-ci otağa göndərdi. Bu məqamda onu da qeyd edim ki, 7, 10 və 11-ci otaqlar bir-birinin düz yanındadır. Kənardan baxanda elə təəssürat yaranır ki, burada adi qəbul deyil, ayrıca bir sistem qurulub.

Nəhayət, 11-ci otağa gəldim. Burada isə nə həkim var idi, nə də hər hansı bir müayinə aparatı. Otaqda yalnız bir tibb bacısı stol arxasında oturmuşdu. Qarşısında da bir dəftər. Əlində qələm nəsə yazırdı. Hiss etdim ki, pasiyentlərdən pul yığıb dəftərə qeyd edir. Öz-özümə düşündüm: Mənim burada nə işim var? Axı burada nə aparat var, nə də hər hansı müayinə aparılır. Bu əliynən “filffilo” edəcəkmi? Görünür, məqsəd tamam başqa imiş. Axırda elə düşündüyüm kimi də oldu. Növbədə gözləyəndə görürdüm ki, otağa girib-çıxan adamlar ciblərindən pul çıxarıb sayırlar, hazırlayırlar ki, içəri girəndə versinlər. Yanımda dayanan bir pasiyentdən soruşdum: Qardaş, bu nə məsələdir belə? O isə mənə bildiirdi ki, “…burada pul alırlar, rüşvət istəyirlər. Səndən də alacaqlar”. Mən isə cavab verdim ki, yox, məndən niyə alsınlar ki? Mən rəsmi göndərişlə gəlmişəm, məni poliklinika göndərib. Mən pul verməyəcəyəm.

Nəhayət, içəri girdim. Yanımda dayanan pasiyentin dedikləri doğrudan da düz çıxdı. Həmin o dəftərə yazan tibb bacısı mənə bildirdi ki, bu qədər pul ödəməlisiniz. Soruşdum ki, niyə pul ödəməliyəm? O isə bildirdi ki, aparat ödənişlidir. Dedim ki, hansı aparat? Bu dövlət xəstəxanasıdır, kiminsə şəxsi klinikası deyil ki, pul ödəyim. Aparat da dövlətindir, kiminsə şəxsi aparatı deyil axı. Bəs niyə pul ödəməliyəm? Cavabında tibb bacısı bildirdi ki, onda poliklinika göndərişdə sizə aparat müayinəsi üçün göndərildiyinizi yazmalıdır.

Bunu eşidəndən sonra dedim ki, hə, yaxşı, onda mən indi gedim poliklinikaya onların gözünü çıxarım ki, niyə göndərişdə “aparat müayinəsi” sözünü yazmayıblar? Sən isə məndən niyə pul istəyirsən? Bunu deyəndən sonra başladı ki, “yaxşı, onda iki dəqiqə gözləyin.” Bayırda da xeyli adam qapının ağzında gözləyirdi, biri girirdi, biri çıxırdı. Dedim ki, hə, yaxşı, gözləyərəm. Bir qədər gözlədikdən sonra yenidən içəri girdim. Dedi ki, “zəhmət olmasa qapını bağlayın.” Sonra isə bildirdi: “Hə, yaxşı, yazıram, göndərişi sonra gətirərsiniz.” Amma sonradan məlum oldu ki, hətta rəsmi göndərişlə gələn pasiyentlərdən də 60–80 manat və daha artıq məbləğdə pul alırlarmış. Halbuki məntiqlə fikirləşəndə poliklinika aparat müayinəsinin rəyini verə bilməz. Poliklinika sadəcə göndəriş verir ki, Zərifə Əliyeva adına Göz Xəstəxanasına gedin və müayinədən keçin. Onların vəzifəsi yalnız pasiyenti ixtisaslaşmış tibb müəssisəsinə yönləndirməkdir.

Ən qəribəsi isə odur ki, bütün bu süründürməçiliyin sonunda vətəndaş yenə də haqlı olduğunu sübut etməyə çalışır. Halbuki dövlət tibb müəssisəsində xidmət alan və rəsmi göndərişlə gələn bir şəxsin belə problemlərlə üzləşməməsi lazımdır. Vətəndaşın işi asanlaşdırılmalı olduğu halda, əksinə, ona əlavə maneələr yaradılır, saatlarla vaxtı alınır və əsəbləri gərilir. Belə olduqda isə haqlı olaraq sual yaranır: dövlət qurumları vətəndaşa xidmət etmək üçün fəaliyyət göstərir, yoxsa vətəndaşı süründürmək üçün?

Baxın, adi bir vətəndaş belə bu qədər əziyyət çəkir. Görünür, bəzi qurumların əsas vəzifəsi insanların işini asanlaşdırmaq yox, əksinə, onları süründürmək, vaxtını almaq və əlavə çətinlik yaratmaqdır. Halbuki cənab Prezident hər çıxışında dövlət qurumlarına dəfələrlə tapşırır ki, vətəndaşlara həssas yanaşılmalı, onları incitmək olmaz, dövlət xidmətləri operativ, şəffaf və keyfiyyətli göstərilməlidir. Təəssüf ki, bəzi qurumlarda bunun tam əksini görürük. Mən hətta, deyərdim ki, bir çox dövlət qurumları vətəndaşı dövlətdən narazı salmaqla, onu dövlətlə üz-üzə qoymaqla məşğuldur. Bu baxımdan ən çox narazılıq doğuran sahələrdən biri də səhiyyə sistemi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən bəzi tibb müəssisələridir.

Axı niyə belə olmalıdır? Vətəndaş iş yerindən cəmi bir-iki saatlıq icazə alır ki, sənədini və ya müayinəsini tez həll edib geri qayıtsın. Amma nəticədə saatlarla otaq-otaq gəzdirilir, mənasız prosedurlarla üzləşdirilir, vaxtı itirilir və müxtəlif problemlərlə qarşılaşır. Belə hallarda insanlarda haqlı narazılıq yaranır. Əgər doğrudan da haradasa qanunsuz ödəniş tələb olunursa, vətəndaşın işi əsassız yerə çətinləşdirilirsə və ya zəruriliyi izah olunmayan prosedurlar tətbiq edilirsə, bu halların qarşısı qətiyyətlə alınmalıdır. Çünki cəzasızlıq olduqca, özbaşınalıq və vətəndaş narazılığı da davam edəcək”.

Biz media olaraq redaksiyamıza daxil olan bu müraciəti ictimailəşdirməyi özümüzə borc bildik. İndi söz Səhiyyə Nazirliyinindir, TƏBİB-indir və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinindir. Ümid edirik ki, müraciətdə səsləndirilən iddialar obyektiv araşdırılacaq, ictimaiyyəti maraqlandıran suallara rəsmi cavab veriləcək və qanun pozuntusu aşkarlanacağı təqdirdə məsul şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

“Təzadlar” olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!