30 İyun 2026 / 22:56

Aİ rusiyalılara viza qaydalarını sərtləşdirir

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Viza Məcəlləsinə keçiriləcək baxış çərçivəsində Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı əlavə məhdudiyyətlər hazırlayır, lakin söhbət bütün rusiyalıların Şengen zonasına girişinə tam qadağa qoyulmasından getmir.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Brüssel Rusiya vətəndaşlarına viza verilməsinə dair tövsiyələrin yenilənməsi üzərində işi davam etdirir və viza qanunvericiliyi ilə bağlı aparılacaq islahat çərçivəsində məqsədyönlü məhdudlaşdırıcı viza tədbirləri hazırlayır.

Komissiyanın nümayəndəsi bütün Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə tam qadağa qoyulmasının müzakirə edildiyi barədə məlumatı təsdiqləməyib.

Lammertin sözlərinə görə, Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra Aİ Rusiya vətəndaşlarına münasibətdə viza siyasətini artıq əhəmiyyətli dərəcədə sərtləşdirib.

“Biz bu tədbirlərin nəticələrini görürük: son illər Rusiya vətəndaşlarına verilən vizaların sayı xeyli azalıb”, – o bildirib.

Xatırladaq ki, Rusiya mediasında yayılan məlumata görə, Avropa Komissiyası Rusiyada sabitliyi pozmaq məqsədilə rusiyalıların Şengen zonası ölkələrinə girişinə tam qadağa qoyulmasını müzakirə edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!