Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2026 / 09:36

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİ ZAHİR YUSİFOV

1972-ci ilin dekabr ayı idi. Qış öz sərt üzünü göstərmişdi.Tovuzun dağları qarın ağ örpəyinə bürünmüşdü. Bayramlı kəndinin ətrafında uzanan əsrarəngiz yüksəkliklər sanki ağappaq bir səssizliyə qərq olmuşdu. Gecənin sərt şaxtası torpağın sinəsinə gümüş naxışlar çəkirdi. Küləklər dağlardan enərək kəndin geniş küçələrində insanın ruhuna sehirlənib hopan bir nəğmə kimi dolaşırdı.

27 dekabr ayazlı şaxtalı bir gecədir. Göy üzünün sonsuz lacivərd dərinliyində minlərlə ulduzlar ətrafa sevinc nuru səpərək yanıb parlayır. Sanki göylər yer üzünə baxıb hansısa böyük hadisəni gözləyirdi. Bayramlı kəndində sadə bir həkim evinin pəncərəsindən süzülən işıq qaranlığı yarıb uzaqlara yayılırdı. O evdə bir ana  doğum sancısı çəkirdi. Bir ata həyacanla ocağın başında gəzişir, üzünü Allaha tutub xeyirli bir övladının dünyaya bəxş olması üçün ürəyində dualar edir, təkrar ata olmaq həyəcanını yaşayırdı.

Kənd isə dərin yuxuda idi. Heç kim bilmirdi ki, həmin gecə Azərbaycanın gələcək qəhrəmanlarından biri dünyaya gələcək, o körpənin adı illər sonra ehtiramla çəkiləcək. Heç kim bilmirdi ki, o körpənin məzarı önündə minlərlə insan baş əyəcək.

Nəhayət, gecənin səssizliyini həmin körpənin mübarək səsi pozdu. Elə bil qışın sərt bağrından baharın ilk çiçəyi boy verdi, qaranlıq gecənin qoynunda yeni bir günəş doğdu. Ofelya ana qucağına aldığı körpəyə baxdı. Onun gözlərində qəribə bir nur vardı, izah olunmayan bir işıq. Bəlkə də bu, gələcəkdə Vətən uğrunda yanacaq müqəddəs ruhun ilk parıltılarından bir parça idi. Adını Zahir qoydular…

Zahir böyüdükcə sanki həyat da onunla birlikdə böyüyürdü. Dağlar onun uşaqlığını seyr edirdi, axar sular onun gülüşünü öz nəğməsinə qatır, yazda çiçək açan ağaclar bağ-bağçalar onun sevincinə bələnir, payızda saralan yarpaqlar onun addımlarının altında xışıldayırdı. Təbiət sanki onu öz övladı kimi böyüdürdü. Dağlar ona məğrurluğu öyrədir, torpaq ona əzimliyi, mətinliyi dərk etdirir, küləklər ona azadlıqdan xəbər verir, sular ona saflığı xatırladırdı.

İllər keçirdikcə, körpə Zahir yavaş-yavaş elin-obanın sevimlisinə çevrilirdi.

Onun baxışlarında yaşından böyük düşüncə vardı. Danışığında qəribə bir təmkin hiss olunurdu. Kəndin ağsaqqalları onu görəndə üzlərinə bəxtiyar dolu təbəssüm bəxş olunurdu. İftixarla tez-tez deyirdilər:

— Zahir balanın yeri başqadır, sanki onun alnında başqa bir tale izi yazılıb…

Atası Zal kişi insanlara xidmət etməyi həyatının mənası hesab edən mərd kişilərdən idi. O, ixtisasca həkim idi. Xəstəxanada iş vaxtı tamam olduqdan sonra evində də, insanların sağlamlığına xidmət edərdi. Qapısına gələn heç kəsi geri qaytarmazdı. Kimin nə dərdi vardısa səbirlə dinləyərdi. İnsanların ağrısını azaltmağa çalışardı. Əlindən gələn köməkliyi göstərib müayinədən keçirib, dəva-dərman edərdi.

Anası Ofeliya xanım tibb bacısı işləyirdi. İstər xəstəxanada olsun, istərsə də evdə, mərhəmətin canlı təcəssümü idi. Onun baxışlarında ana sevgisinin bütün rəngləri yaşayırdı. Belə bir ocaqda böyüyən Zahir insanlara kömək etməyi nəfəs almaq qədər təbii qəbul edirdi. O, hələ uşaq yaşlarından anlayırdı ki, insanın böyüklüyü sahib olduğu var-dövlətdə deyil. İnsanlığındadır, vicdanındadır, yaxşılıq etməyi bacarmasındadır.

Məktəb illərində kitablar onun ən yaxın dostlarından oldu. O, bilik əldə etdikcə dünyanı daha dərindən tanıyırdı. Müəllimlərinin hər sözünü diqqətlə dinləyirdi.

Çünki bilirdi: Elm insanı qaranlıqdan işığa aparan müqəddəs yoldur. Elm insan ruhunun qanadıdır. Elm gələcəyin açarıdır.

Lakin Zahirin xarakterini formalaşdıran yalnız ailə tərbiyəsi və aldığı biliklər deyildi. O, hələ məktəb illərindən idmana böyük maraq göstərirdi. Xüsusilə də güləşə. O dövrlərdə kənd yerlərində güləş sadəcə idman növü hesab olunmurdu. Bu, mərdlik məktəbi idi. Gücün, dözümün, iradənin və kişi qeyrətinin sınağa çəkildiyi bir meydan idi.

Zahir böyüdükcə arzuları da böyüyürdü. O, insanlara şəfa vermək istəyirdi.

İnsanların üzündə təbəssüm görmək istəyirdi. Bir ağrını azaltmağın, bir göz yaşını silməyin dünyanın ən böyük savabı olduğuna inanırdı.

Buna görə də tam orta məktəbi bitirdikdən sonra tibb sahəsinə üz tutdu. “Stomatoloji texnik” ixtisasını seçdi. O, insanların həyatına təbəssüm saçmağı, işıq gətirməyi arzulayırdı. Amma taleyin onun üçün hazırladığı yol daha böyük, daha müqəddəs və daha uca idi.

Bu yol şəhidlik yolu idi… İnsan taleyinin yollarını bəzən insanın özü deyil, zaman seçir. Zahir də bunu hələ bilmirdi. O, gələcəyini qurmağa çalışırdı. Ürəyində dünyaya sığmayan  arzuları, xəyalları vardı. Sevdiyi qız, xəyalını qurduğu xoşbəxt bir ailə səadəti  vardı.

İnsanlara xidmət etmək, ata-anasının yolunu davam etdirmək xeyirxah işlər görmək istəyirdi. Həyat onun qarşısında geniş üfüqlər açmışdı. Gənclik illərinin ən gözəl çağları idi. Ürəyində ilk məhəbbəti boy vermişdi. Tərtərin bərəkətli torpaqlarının rəna gözəllərindən olan bir qız onun könlünə yol tapmış, mehri-məhəbbəti ilə qəlbini ovsunlamışdı. Zahir üçün bu sevgi çox müqəddəs bir sədaqət, güvən bağı, paklıq rəmzi, dağ bulaqları kimi saf, səhər şəfəqləri kimi təmiz idi.

Müəyyən bir müddət sonra bu ülvi məhəbbətin müşk-ənbər ətri onu sevən hər kəsin könlünü şad etdi. Hər iki gəncin ailələri arasında razılıq oldu. Nişan mərasimi keçirildi. Ağsaqqallar xeyir-dua verdi. Hamı xoşbəxt günlərin yaxınlaşdığına inanırdı.

Zahir təhsilini bitirdikdən sonra Sovet Ordu sırslarında əsgəri xidmətə yola düşür və xidməti vəzifəsini şərəflə yerinə yetirərək vətənə qayıdır.

Lakin həmin ərəfədə Azərbaycanın taleyi ağır sınaq qarşısında idi. Birinci Qarabağ müharibəsi başlayır. Yurd yerləri od içində yanırdı. Məscidlərin minarələri həsrət çəkirdi. Kəndlərin üstünü qara bulud kölgəsi alırdı. Anaların duaları göylərə yüksəlir, atalar göz yaşlarını gizlədir, hər kəsin ürəyi qan ağlayırdı. Vətən öz oğullarını çağırırdı. Bu çağırış adi səs deyildi, bu, torpağın harayı, bu nakam şəhidlərin ruhunun müqəddəs pıçıltısı idi. Bu, min illərin tarixindən gələn müqəddəs nida idi…

Zahir həmin səsi eşidəndə biganə qala bilmədi. Gecəni səhərə qədər uzun-uzadı düşündü. Ata ocağının istiliyinə baxdı. Anasının üzünə baxdı. Sevib-seçdiyi rəna gözəli, qurmaq istədiyi ailə səadətini düşündü. Sonra Vətəni düşündü…

O an onun vicdanı qərarını verdi. Çünki bəzi insanlar öz həyatlarını yaşamaq üçün doğulurlar. Bəzi insanlar isə xalqın taleyini yaşamaq üçün. Zahir ikinci yolun yolçusu idi. O, könüllü olaraq cəbhəyə yollandı. Arxasında onun yolunu gözləyən əzizlərini, doğmalarını, yarımçıq qalan arzularını qoydu. Arxasında sevgi qoydu və köksündə özü boyda Vətən sevgisini apardı.

Bu sevgi onun ən böyük silahı idi. Əvvəlcə Tovuz istiqamətində xidmət etdi.

Sonra döyüş yolları onu Tərtərə apardı. Sanki tale onun addımlarını əvvəlcədən yazmışdı, qəlbində yaşatdığı sevgi ilə Vətən sevgisini eyni torpaqda birləşdirmək istəyirdi.

Müharibə insanı dəyişir. Müharibə insanın daxilində gizlənən bütün həqiqətləri üzə çıxarır. Kimisi qorxur, kimisi geri çəkilir, kimisi isə tarix yazır.

Zahir tarix yazanlardan oldu. Döyüş yoldaşları onun mərdliyindən danışırdılar.

Zaman keçdikcə güləş Zahirin ruhuna xüsusi bir möhkəmlik bəxş etmişdi. O, çətinlikdən qaçmamağı öyrəndi. Mübarizənin sonadək aparılmalı olduğunu dərk etdi. Həyatın ən ağır sınaqları qarşısında belə sınmamağı özünə həyat prinsipi seçdi. Qarabağın qanlı döyüş meydanlarında bu xüsusiyyətlər onun ən böyük üstünlüklərindən birinə çevrildi.

Bir kəşfiyatçı olaraq sıldırım yüksəkliklərə qalxarkən, kilometrlərlə məsafəni silah və sursatla qət edərkən, günlərlə davam edən ağır döyüşlərdə dözüm göstərərkən gənclik illərində qazandığı idman hazırlığı ona dayaq olurdu. Döyüş yoldaşları onun çevikliyinə, gücünə və yorulmazlığına heyran qalırdılar. Ən çətin tapşırıqlar zamanı irəli çıxmasının səbəbi yalnız cəsarəti deyildi. İllərlə məşqlərdə bərkimiş iradəsi də ona güc verirdi. Çünki Zahir hələ güləş meydanlarında öyrənmişdi ki, insanın əsl qələbəsi rəqib üzərində deyil, öz qorxusu üzərində qazanılır. Döyüş səngərlərində düşmənlə üz-üzə dayananda onun daxilində həmin pəhləvan ruhu yaşayırdı. Hər addımında uşaqlıq illərinin məşqləri, hər qərarında qazandığı iradə, hər nəfəsində Vətən sevgisi vardı.

Ən çətin tapşırıq veriləndə irəli çıxırdı. Ən təhlükəli mövqe tutulanda ön sırada dayanırdı. Ən ağır anlarda belə təmkinini itirmirdi. Onun baxışlarında qəribə bir arxayınlıq vardı. Sanki ölümün özündən də qorxmurdu. Çünki artıq ürəyində bir həqiqəti qəbul etmişdi. Vətən uğrunda yaşamaq da şərəfdir, Vətən uğrunda ölmək də…

Zahiri fərqləndirən yalnız döyüşçü və peşəkar idmançı olması deyildi. Onun daxilində başqa bir ürək də döyünürdü. Şəfa verən ürək. Yaralı əsgər görəndə dərhal onun yanına qaçırdı. Qan içində qalan döyüşçülərin yaralarını sarıyırdı. Onlara ümid verirdi, onlara yaşamaq eşqi verirdi. Bəzən əlində silah düşmənə qarşı vuruşurdu. Bəzən də eyni əllər bir yaralının həyatını xilas etməyə çalışırdı.

Səngərlərdə onu sevirdilər. O, yalnız döyüş yoldaşı deyildi, qardaş idi, dayaq idi, ümid idi.

1994-cü ilin ayazlı-şaxtalı yanvar günləridir, qış yenə öz  sərt üzünü göstərmişdi. Göy üzü yenə boz buludlarla örtülmüşdü. Külək yenə dağların arasında haray qopararaq uğuldayırdı. Torpaq isə yenə öz oğullarını sınağa çəkirdi.

3 yanvar səhəri… Həmin səhər günəş sanki bir qədər solğun doğmuşdu. Küləklər bir qədər kədərli əsirdi. Təbiət görünməyən bir ayrılığı hiss etmişdi. Səngərdə döyüş yenidən alovlanmışdı. Mərmilər səmanı amansızcasına yarıb keçirdi. Güllələr ölüm nəğməsi oxuyur, ətraf barıt qoxusunun tüstüsünə bürünmüşdü. Yer-göy lərzə gəlib silkələnirdi sanki. Alov göylərə yüksəlirdi.

Həmişə olduğu kimi Zahir yenə ön sırada idi. Yenə tərəddüd etmədən geri çəkilmədi. Həmişə olduğu kimi yenə vətəni öz canından üstün tutdu.

Düşmən atəşi güclənirdi. Lakin onun iradəsi daha güclü idi. Son nəfəsinə qədər döyüşdü. Son damla qanına qədər müqavimət göstərdi. Onun son baxışında belə Vətən sevgisi vardı və o müqəddəs an gəlib çatdı.

Yer üzü üçün bir qəhrəmanın son anı, göylər üçün bir qəhrəmanın əbədiyyətə yüksəliş məqamı çatmışdı. Zahirin gözlərində bir anlıq zaman dayandı. Səngərlərin gurultusu uzaqlaşdı, küləklər susdu və göy üzünün qapıları açıldı. Görünməz bir nur səmalardan yerə endi. Mələklər Vətən uğrunda canından keçən igid oğulunu səf-səf düzülüb qarşıladılar. Cismindən süzülən alqanı buzla örtülmüş sıldırımlı qayaların köksünü isitdi. O soyuq buz parçalarına qarışıb süzülən qan damlaları adi bir cisimdən süzülüb axan qan damlaları deyildi. O qan damlaları Vətən adlı ulu və müqəddəs torpağı cana gətirən ən ali nemət, mələklərin səcdə qıldığı gözyaşları, bir igidin Allah qarşısında ucaldığı zirvənin göstərişi idi…

Torpaq öz qəhrəman oğlunu bağrına basdı. Göy üzü onun müqəddəs ruhunu öz qoynuna aldı. Beləcə, Zahir Zal oğlu Yusifov şəhidlik zirvəsinə yüksəldi. Vətən torpağının müqəddəs nəfəsinə çevrildi. Özü boyda Vətən oldu!

4 yanvar 1994-cü ildə izdihamlı insan axınının iştirakı ilə böyük hörmət və ehtiramla Tovuz rayon Şəhidlər xiyabanına dəfn olundu.

Şəhidliyindən sonra Vətən uğurunda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Yusifov Zahir Zal oğlunun adı əbədiləşdirilərək təhsil adığı Tovuz rayon Bayramlı kənd tam orta məktəbinə verilib.

Şəhid Zahir Yusifovun müqəddəs qəbiri Tovuz rayon Şəhidlər xiyabanındadır. Amma onun mübarək ruhu Bayramlı kəndinin səhər mehindədir. O, məktəbə gedən uşaqların sevinc dolu baxışlarındadır. O, Azərbaycan bayrağının qürurla dalğalanan rənglərindədir. O, əsgər andı içən gənclərin qəlbindədir. O, anaların müqəddəs dualarında yaşayır, Vətən sevgisinin adıyla ucalır.

Bu gün onun adını daşıyan Bayramlı kənd tam orta məktəbin həyətində hər səhər zəng çalınanda sanki zaman dayanır, divarlar onun xatirəsini pıçıldayır, sinif otaqlarında onun yarımçıq qalan arzuları dolaşır və hər bir şagirdə səssizcə deyir: “Oxuyun… öyrənin… Vətəni sevin… Çünki bizim qoruduğumuz torpaqların gələcəyi sizsiniz.”

İllər keçəcək, əsrlər dəyişəcək. Nəsillər bir-birini əvəz edəcək. Lakin Bayramlı kəndində bir ad heç vaxt unudulmayacaq. Zahid Yusifov kimi Vətən uğurunda canını fəda etmiş igidlərimiz bir millətin qürurudur. Azərbaycan var olduqca üç rəngli bayrağımız zirvələrdə dalğalandıqca şəhidlərimizin adı və əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq. Cəmi şəhidlərimizin ruhu şad olsun. İlahi amin!

ŞƏHİD ZAHİRİM

Könlündə vətənə eşq dolu iman,

Əhdinə vəfalı sadiqi peyman,

Ey polad biləkli, şanlı pəhləvan,

Məqamı çox uca şəhid Zahirim.

 

Ürəyi təpərli, əli şafalı,

Ən çətin anlarda dosta vəfalı,

Gənc ömrünü fəda edən cəfalı,

Məqamı çox uca şəhid Zahirim.

 

İlk eşqi köksündə qönçə tək soldu,

Eşidən hər kəsin gözləri doldu,

Getdiyin yol hünər, qeyrət yoludu,

Məqamı çox uca şəhid Zahirim.

 

Buludlar yorğanı, məskəni səngər,

Adı əbədiyyət qazanan əsgər,

Zəkiyyə sayğıyla sənə baş əyər,

Məqamı çox uca  şəhid Zahirim.

 

Dərin hörmət və ehtiramla:

Zəkiyyə Musaqızı,

AJB-nin və AYB-nin üzvü

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!