3 İyul 2026 / 11:55

Dünya ağılla idarə olunarsa…- POLKOVNİK “TƏZADLAR”A YAZIR

(Publisistik düşüncələrin axarında…)

“Bəşəriyyət yerin cazibə qüvvəsindən kənara çıxmış kosmonavt kimi çəkisizlik şəraitində üzənlərə bənzəyir”

Mixail Şoloxovun Nobel nitqindən

Elə bir dünyada yaşayırıq ki, ölənlər sevgi ilə yad edilir, məzarlar gül-çiçəyə bürünür. Amma dirilərin evi, yaşayış məskənləri, bağ-bağçalar viran edilir, xarabalığa çevrilir. Bəzən hər şeyi öncədən görmək bacarığı o qədər səhih olur ki, ən uzaq üfüqləri və ora uzanan cığırları ayırd etmək mümkün olur. Qorxu bizi qarşımızda uzanan,çətin dolanbaclı yollardan yayındırmamalıdır. İnsan doğulduğu andan məşəqqətli, həm də firavan həyat yaşamaq üçün mübariz bir sosial varlıq kimi xəlq edildiyi üçün, öz ideallarının sadiq nökəri olduğunu anlamalıdır. Müasir dünyada isə ideal personalar görən varmı?-deməkdə çətinlik çəkirəm. Buna hədsiz səriştəli və peşəkar antropoloq olmaq gərəkdir. Həyatda peşəkar olmamaq bəzən utanc bir vəziyyət yaradır.

Yaşımın elə bir vaxtı çatıb ki, dünyasını dəyişən əzizlərimi,ehtiram bəslədiyim dostları, valideynlərimi tez-tez xatırlayıb qəhərlənirəm. Üzülürəm ki, onlar sağ deyillər. Onlara çatdırılası xəbərim və məsləhət alacağım bir kimsə də yoxdur. Yay tətillərinin birində kəndə getmişdim. Salam-kəlamdan sonra, eyvanda dincələn atamla maraqlı bir dialoqumuz oldu.

  • Ata!
  • Eşidirəm oğul,nəsə olub?
  • Yox, – dedim. Sadəcə boynuma düşən həddindən artıq çətin bir borcu qaytara bilmirəm.
  • Atam:
  • Allah şahiddir ki,buna imkanım yoxdur.

Atam borcun maliyyə ilə bağlı olduğunu anlayaraq, belə demişdi.

  • Təəssüf ki, bu məsələdə sənə kömək edə bilməyəcəm,-dedi.
  • Yox ata. Pul borcum yoxdur. Mənim borcum daha böyükdür.
  • Danış görüm nə deyirsən, anlat məni.
  • Mənim ən böyük borcum sizə olan övlad borcumdur, ata!
  • O, isə, – “Bu borcu anladığına görə şadam. Halal xoşun olsun. Elə bil ki, ödəmisən! Borcunu sildim!”
  • Borcum yenə var, – dedim. Vətən borcu, müəllim borcu, qardaş borcu….. mənə danışmağı öyrədənlərin borcu. Dilimizi formalaşdırıb güclü silaha çevirənlərə, ondan istifadə etməyi öyrədənlərə də borcluyam,ata!
  • Həə, haqlısan, oğul, haqlısan. Doğrudan da borcun çoxdur. Amma ən mühüm bir borcu niyə unutdun bəs , ay bala?
  • Ata, hansını unutdum ki?”
  • Vətənə və Allaha olan borcunu! Birinci onu qaytar, oğul! Allahın borcunu ödəyə bilməsən, çətin olacaq!…

Heç nə deyə bilmədim. Axı, valideyinlərimin hər gün və hər il ilahi borcunun necə ödədiklərinin canlı şahidi idim… Məni tərbiyə etmiş valideynlərimin vəsiyyətini gücüm çatdığı qədər yerinə yetirdiyimə görə rahatam. Birinci Qarabağ müharibəsinin veteran komandirlərindən və Kəbə evini təvaf(Kəbə evində müəyyən qaydalarla 7 dəfə dövrə vurmaq) edənlərdən  biriyəm.İbadətimdən qalmıram. Allah dərəcəyə çatdırsın. Zəhmətə bağlılığımı da onlardan öyrəndim. Sağlam toxumun cücərməsi və alaq otlarının çoxalmaması üçün necə çalışdıqlarını çox görmüşəm.

Valideynlərimin və həyatda təmasda olduğum müdrik insanların uzağı yaxın, yadı doğma edən geniş baxışları, kübar niyyətləri mənə həyatda həmişə mayak olub. Böyük məktəbin və böyük ehtiramın ağırlığı altında baş əyir və bu yükü daşıya bildiyimə görə qürur duyuram. Çatışmayan isə yaddaşımdan heç vaxt silinməyən , valideyinlərim, müəllimlərim və həmyaşıdlarımla birlikdə olduğum xatirələrimin zamanın arxivində qalmasıdır.İnsan həmin illəri xatırlamaqla yaşlaşır. Geriyə ləyaqət və minnədtarlıqla boylananda gözəl olur.

Hamı həmişə ədalətə xidmət etmir. Kaş bəşəriyyətin taleyini hər vaxt ədalətli insanlar müəyyən edəydilər. Tarixin qanlı, dağıdıcı, amansız, vandal müharibələrini sülhlə başa vurmaq mümkün olmur. Sütunlu salonlarda sağlam düşüncələrə yer verilmir, dünya iflasa doğru addımlayır. Dövlətlər arasında həmrəylik yox,insanlıq naminə birlik nümayiş etdirməyə inam tükənib.

Mətin, vicdanlı, dəyanətli və uzaqgörən insanlar, erudisiyalı diplomatlar, bacarıqlı liderlər yer üzündə çoxdur. Onlara meydan vermək lazımdır. Dünya zamanında buxarın və elektrikin istifadəsi ilə məsafələrin qısaldılacağına, xalqların mənəvi yaxınlaşmasına yardım edəcəyinə inanırdı. Bu ümid özünü doğrultmadı,aradan qaldırıla bilməyən ziddiyətlər bir az da şiddətlənir…

Bəzən bir obada,bölgədə xüsusi dəyərlə seçilən şəxslər əlahiddə rola malik olur. Ailədə də bu baş verə bilir. Ailə üzvünün biri yüksək dəyərlərin simvoluna çevrilməklə onun çiyinlərinə əvvəllər daşımadığı bir yük qoyulur. Bu yükün, vəzifənin nə dərəcədə daşıya biləcəyi isə başqa məsələdir,amma əhəmiyyətlidir.Hər ailə başçısı da,ailənin cəmiyyətin əsas özəyi olduğunu,borcunu və konstitusion öhdəliyini anlamır.Hərc-mərclik,yaxud xaos,nizamsızlıq  belə başlayır…

Başqa sənədlərlə müqayisədə qələmlə şan-şöhrət qazanıb tanınmaq çətin olsa da,vətənə, doğulduğun regiona hədsiz bağlılığı ilə seçilir.Qələmlə yazılan səmavi kitablar, müdrik kəlamlar, poeziya, nəsr, rəngkarlıq, memarlıq sənətləri çox zaman hər kəsi həyəcanlandıra bilib. Poetik əsərlər ilk baxışdan adi görünsə də,burada İlahi hikmətlə verilən bir istedad var, insanları birləşdirən,düşmənə nifrət bəsləyən bir güc var lirikada, nəsrdə. Məsələn: Böyük yazıçı Süleyman Rəhimov yazır:”Xoşbəxt o insandır ki,övlad dağı görməyib…”Və yaxud Məmməd Araz:”Vətən daşı olmayandan,olmaz ölkə vətəndaşı…”, ”Azərbaycan deyiləndə ayağa dur ki,ana yurdun ürəyinə toxuna bilər…”Bəxtiyar Vahabzadə isə:”Sənə şorun bahalığı dərd olmasın.Yağın,şorla bir tutulsa vay halına!…”, haray qoparır.

Qənaətimə görə yazılanlarda hər müəllifin xalq, cəmiyyət və yaxın ətrafı qarşısında ölçüyə gəlməz borcu var. Qələmə alınanlar Vətənə, Allaha və doğmalarına olan sevgidən və ya oxuduqlarından  qidalanmasa dəyəri olmaz. Bu mənada yaradıcılığa hopan çox şeylər var ki, onunla bir torpaqda yaşayan və eyni dildə danışan insanların ruhunda əks-səda  verir.Şahmar Əkbərzadə: ”Kəsə bilsək yollarını dərdlərin,

Bu dünyanın qara daşı göyərər.

Arzu sonsuz, ömür qısa,gün qısa,

Nahaq yerdən qoy batmasın göz yasa.

Daş ürəkli insafsızlar olmasa,

Bu dünyanın qara daşı göyərər.”

Musa Yaqub isə; ”Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb,Göy çəməndə ocaq yanıb,daş qalıb,Bu dünyanın qara daşı göyərməz…”,-deyir.

Rəvayətlərə görə dünyada sevgi deyilən kiçik, lakin həqiqi dünyaya sığmayan bir dünya da var. Bəzən sevgi dünyası iblislərin gözündə kasıb və xoşagəlməz görünür. Sevgi dünyası da, əbədidir. Sevgililər dolaşdığı sevgi dünyasını gəzdikcə uzanıb istirahət etdikləri torpağı əyilib tez-tez öpər, ağacların kölgəsinə həsəd aparar, dincələrlər. Ömür möhləti başa çatanda hər kəs “öz evinə” ,- köşklərinə yollanar…

***

Yəhudilər bir zamanlar İsa Peyğəmbərə: “Bizə gözəl sözlər söylə. Bizi ürəkaçan yalanlarla aldat! – dedilər. Bəli, həyatda həmişə “ürəkaçan” sözlər və ya yalanlar söyləmək olmur. Zərdüştün “Allah ölüb” (Əstəğfirullah) harayının əks sədası Avropanı üzləşdiyi dəhşətin nəticələrindən xilas edə bilmədi. Orada Allaha inanmayanlar hələ də çoxdur, hələ də,başa düşmürlər ki, günahları var. Şər əmələ arxalandıqlarını qismən anlasalar da, sonrakı peşmançılıq fayda vermir. Ümumilikdə həyatın ali bir məqsədə sevgi ilə xidmət etdiyinə şübhə etməyənlər heç vaxt ümidsiz qalmırlar.Müqəddəs kəlamlarda ifadə edildiyi kimi: ”Allah sevgidir,sevgi ilk öncə Ona(Mənə)olmalıdır ki, sənə də pay düşsün!”Sevgi üçün isə qeyri-mümkün heç nə (olmur)yoxdur.

Ümidsizlik adətən imansızlıqdan, inamsızlıqdan, həyatın məntiqsiz, gülünc və anlaşılmaz vəziyyətindən doğur. Belə ümidsizliklər hətta insanlığı da yox edə bilir. Nitsşe Allahın öldüyünü (Əstəğfirullah) həyasızcasına bəyan etməklə əslində bu, insanların ruhsuzlaşıb fərdi taledən məhrum qaldığı, nasistlərin nasist metodlarından istifadə və insanlara qarşı amansız, heyvan kimi rəftar etməsi barədə xəbərdarlığı idi…

Hər şeyin bazar qiyməti var. Amma müasir dövrün  insanları da, əşya kimi alğı-satqı predmetinə çevrilir, rezin qayıqlarda dəniz vəhşilərinə yem olur, doğma ocaqlarından didərgin düşür, danışan alətə, kapital gətirən izafi dəyərə çevrilir… Allahın ulu babamız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan yaratdığı, sonra həmin maddəni biz insanların şəklində surətlərə ayırdı, ona ruh üfürəndən sonra  mələklərə əmr edildi: “Adəmə səcdə edin!” Məncə, Allahın Hz.Adəmdən (Ə.S) sonra yaratdığı Məryəm oğlu İsanın müqəddəs ruhun nurlandırdığı insanı diqqət mərkəzində saxlamaqla naümidliyin üzərindən xətt çəkmiş oldu. Hz.İsa Ruhulqüdslə dünyaya gəlmişdi….

XXI əsrin insanlığı ağır yaralıdır. Alimlərin yazdıqları kimi bəşəriyyətin tarixi dinc həyat üzərində yarana bilməzdi. Şər əməllərə aludə olmaq saflığa yox, axmaqlığa, iblisə aludə olmaqdı…

Bir hüquqşünas kimi hər zaman fərdi,kollektiv və mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər arasında yaxın bağlılığın olduğuna inanmışam. Şərin şərliyində iştirak etmək cəmiyyətə həmişə baha başa gəlir. Yer üzündə insanların hələ də hüquqsuzluğa malik olduğuna, lakin şüurun azad olduğu məkanların, Balzakın romanında deyildiyi kimi,“Şaqren dərisi”nin tədricən kiçilməyinə tamaşa edirik. Romanda konkret  əşya-dəri həm də, simvolik məna daşıyır. Baş qəhrəman sehirli bir Şaqren dərisi (xüsusi işlənmiş,  çox davamlı dəri növü) əldə edir. Dəri, sahibinin bütün arzularını yerinə yetirir. Hər arzu həyata keçdikcə dəri bir az da kiçilir. Dəri kiçildikcə qəhrəmanın ömrü də, həyat enerjisi də azalır. Yəni, hər istək və arzu, ehtiras müəyyən bir bədəl tələb etməsini ifadə edir. Bununla Balzak göstərir ki, arzuların həyata keçməsi həmişə qazanc gətirmir, bəzən insan öz ömründən və enerjisindən ödəməli olur. (Honore De Balzakın bu əsəri XIX əsr Fransız ədəbiyyatının məşhur fəlsəfi romanlarından biridir). Müasir dünyada hüquq və azadlıqların dairəsi böyüdükcə,ondan istifadə Şaqren dərisi kimi kiçilməyə başlayır.

Cinayətlərlə dolu bir tarixin şahidi olmasına baxmayaraq hələ də, inamını saxlayan insan günahından təmizlənməsinin qarşısında karıxıb qalır. İlahiyyatçıların şərin varlığına verdikləri cavablar isə hamını qane etmir. Müəyyən mənada Avropa və Qərb dünyasının səhiyyə və sosial təminat sisteminin  guya hamı üçün açıq olan imkanı ilə vəcdə gəlsək də, aclığın, yoxsulluğun, qəddarlığın, dağıntının,miqrasiyanın və münaqişələrin şahidi oluruq. Müasir amansızlıqların və əzazilliyin, hegemonluğun və ağalığın arzuolunmaz simtomplarını gördükcə keçmişdə baş verənlər kölgədə qalır. Ziddiyətlərdən və aramsız çəkişmələrdən zaman-zaman əziyyət çəkən dünya,bəşəriyyəti sirkələyən vahiməli qarşıdurmalarla üz-üzə qalıb.

Baş verən hadisələrdən yer kürəsini daha çox həyacanlandıran əsas səbəb odur ki, BMT kimi yüksək nüfuza malik bir qurum-təsisat ümumi niyyətdən kənara çıxır, üzvü olan dövlətlər susur, çıxış yolu tapmaq istəmir, dövlətlər beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmir. Bəşəriyyət qolları üstündə can verən dünyanı ölməkdən xilas edə bilmir. Başgicəlləndirici vədlər, ən müasir texnika,ölmüş ideologiyalar, ağlın zülmə, istibdada xidmət etdiyi ortamda, hər şeyin bir anda dağıla biləcəyini gözləri ilə görən bu nəsil, yalnız özünə güvənərək ətrafındakı insanların qəlbində  ümid işığı yandıra və uğur qazana bilər. Dağılmaqda olan dünyanı ölüm səltənətinə çevirən “Güclülər”i Beynəlxalq hüquq ittiham edə bilmək gücündə deyil!Belə bir durumda,saat əqrəblərinin əksinə hərəkət edən bəşəriyyət millətlər arasında sülhü bərqərar etmək vəzifəsini yerinə yetirə bilərmi?

Fransanın dünyada tanınmış yazıçı və dramaturqu, esseçi, filosof və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamü, mükafatın təqdimetmə mərasimindəki nitqində deyir: “Həqiqət sirlidir, o həmişə tutulan anda əldən sürüşüb çıxır, hər dəfə ona yiyələnmək lazım gəlir. Azadlıq isə,təhlükəlidir, ona sahib olmaq çox çətin olduğu üçün şirnikləndiricidir.Çətin olsa da, qətiyyətlə irəliləməli və bu dolanbac yollarda bizi hansı əzabların gözlədiyini qabaqcadan bilərək, bu iki məqsədə doğru getməyi bacarmalıyıq.” Dünya da, iki şeyə-həqiqət və azadlığa önəm verir və günlərin bir günündə, ağlına heç nə gətirmədən bütün həyatını bu yolda fəda etmək olar.

Yeri gəlmişkən, həyat hər birimizi bu lənətə gəlmiş qəziyyəni (yaşı bilinməyən tarixi) yaşamağa məhkum edir. Bölüşdürülən dünyanın rəmzi sayılan talesizliyin əzabını daşımağa təhrik edir. Birinci və İkinci Dünya müharibələri dövründə dünyaya gəlmiş bəzilərinin yeniyetmə çağı Hitler hakimiyyətinə, digərlərinin taleyi Stalin repressiyasına təsadüf etdi. O, düşərgələrdə, bir növ cəhənnəmdə bərkiyən, məhbəslərdə işkəncələrə sinə gərən insan nəslinin başının üstünü bu gün nüvə fəlakəti kəsir, dronlardan atılanlar tut kimi başlarına tökülür. “Ümidsizliyin ağrısına davam gətirməyib şərəfsizliyin əlinə su tökən” və  “Bir ömürdə şərəfsizlik də etmək olar”,- deyir, Alber Kamü”.

Vətən mənim üçün təkcə coğrafi məkan deyil. O mənim anam, atam,inamım və imanım,dinim və dilim, mədəniyyətim və ədəbim, tarixim və xatirələrim,adət-ənənələrim və mənəvi dəyərlərə bağlılığım,torpağını ovcuma basıb tərəddüd etmədən çeynəyə biləcəyim İlahi nemət və bərəkətim,yurdum, yuvam və doğma ocağımdır. Vətən, ona cani dildən bağlıyam.

Rusiyanın Nobelçi Luareatı şair və nasir, müasir lirik poeziyasında mühüm naliyyətlərini, epik roman ənənələrini davam etdirən Boris Leonidoviç Pasternak yaradıcılığında inqilab mövzusunu daha davam etmədiyinə görə 1934-cü ildə keçirilən sovet yazıçılarının birinci qurultayında proletar ədəbiyyatının alovlu nümayəndələrindən biri kimi təqdim olunsa da, sonradan kəskin tənqiq olunub. Represiyaya məruz qalmasa da, əsərlərinin nəşrinə qadağa qoyulmuşdur. 1936-1943-cü illər arasında yazdıqları əsərlərindən bir sətir belə çap edilməyib. Müharibəyə getmək üçün rəsmi müraciətinə 1943-cü ildə əməl olunub.Partiyanın və Sovet hakimiyyətinin ona münasibətindən sarsılan Boris, N.S.Xruşşova və Sovet Hökümətinə müraciət edir: “Vətənimi tərk etmək mənim üçün ölümə bərabərdir, buna görə də mənə qarşı belə bir tədbir görməməyinizi xahiş edirəm.Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, sovet ədəbiyyatı üçün müəyyən işlər görmüşəm, hələ də faydalı ola bilərəm”.

Yetkin, sivilzasiyalı insanlar heç vaxt ölmürlər, sadəcə dərilərinin rəngi dəyişir. Onlar adilikləri alt-üst edə bilir, zamandan və tarixdən asılı olmur,öz əməllərinin hakimi olmağı bacarır,təkcə danışmaq və işləmək yox, həm də, yarada bilirlər.

Hərdən adama elə gəlir ki, insanlıq ağlı kəsməyə başlayandan üzü bəri,eyni bir nağılı, hekayəni müxtəlif variantlarda nəfəsinə və nəbzinə inyeksiya edir. Əfsanəvi rəvayətlərdə olduğu kimi,sanki əli baltalı bir cəlladı aldatmaq istəyir… Bəşəriyyət indi qaranlıq, ümidsizlik və çaşqınlıq içində yaşayır. Zamanın məqsədi isə dəyişmir, nöqsanları və amansızlıqları olduğu kimi tarixin arxivinə ötürür. Belə çıxır ki, bəşəriyyət özünü təkmilləşdirməyə qabiliyyəti və bacarığı yetərincə deyil. Təbiət qapılarının açarlarını əlinə alan bəşəriyyət ən ağır bir yük çiyninə götürüb, sanki bütün dünyanın həyatına cavabdehlik daşıyır.(?) İlahi hikmətlərdə ifadə olunan müdrikliyi bəşəriyyət təzahür etməlidir. Yəni Söz də insandır və Söz həmişə insanladır, – deyə bilərik.

Qədim yunan faciələri həmişə elə qurulur ki, həddini aşmış, yolunu azmış adamı Epiniy (İlahi cəzanın daşıyıcıları, Qədim yunan mifologiyasında intiqam və cəza ilahələri) cəzalandırarmış. Həmin qanun deyirlər ki, elə indi də təbiət hadisələrinə şamil olunur. Heraklit (Qədim yunanların qaranlıq filosofu) deyir ki, “Günəş müəyyən edilmiş ölçülərindən kənara çıxa bilməz, yoxsa Epinilər, həqiqət xidmətçiləri (intiqam ilahəsi) onu axtarıb tapar, cəzalandırar”.

***

Müasir dünyada baş verən ədalətsizliklər bəşəriyyəti məhvə aparır. Dövlətlər sanki  baş verən “ədalətsizlikləri“n qisasını başqa dövlət və xalqlardan almağa başlayıblar… Qədim Yunan mifologiyasında olduğu kimi – “Edip Fivaya gedən yolda Sfinqə rast gələndə qız ona bir tapmaca söyləyir. Tapmacanın cavabı belə olur: Sadə və adi sözlə yaranan insan əjdahanın axırına çıxır. Biz çoxlu əjdahaları məhv etməyi bacarmalıyıq!”

Edipin cavabı bəlkə müasir dünyanı da düşündürməlidir?!

İsveçin Uppsala şəhər Üniversitetinin girişində həkk olunmuş,- “Sərbəst düşünmək vacibdir, ədalətli düşünmək isə daha vacibdir”, -sözləri dünyaya görk olmalıdır…

Şəmsəddin Əliyev,

İstefada olan Polis polkovniki,

Hüquqşünas,

publisist   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!