…Reytinq və şou xətrinə özlərini lezvalayan “xəbər saytlarına” – sadəcə öz vəzifəsini yerinə yetirən, ölümlə üz-üzə olan zaman belə namus və qeyrəti düşünən xilasedicidən dərs götürün!
Bir – neçə gün əvvəl Ağdam rayonunun Xaçınçay su anbarında baş vermiş ağır ailə faciəsi – Şəhid Şəmsəddin İsgəndərovun oğlu Şərif İsgəndərov və onun iki yeniyetmə övladının vaxtsız itkisi hamımızı sarsıtdı.
Dərhal əraziyə cəlb olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc-axtarış qrupunun əməkdaşları haqqında yazacam.
Onların peşəkarlığı sayəsində nəşlər sudan çıxarılaraq təhvil verildi. Bu haqda yazmaqda və təşəkkürümün səbəbi var.
Hər anını təhlükə içində keçirən o fədakar dalğıcların qızımızın nəşini sudan çıxararkən göstərdiyi o unudulmaz mənzərəni heç vaxt unutmayacağam. Onlar qızımızın ruhuna və bədəninə elə bir ehtiram göstərdilər ki, nəşi suyun üzünə belə çıxarmadan, elə suyun altındaca xüsusi meyit kisəsinin içinə qoydular (Qızımız paltarlı olsa da!).
Bu rəftar təkcə peşəkarlıq deyil, həm də böyük bir insanlıq örnəyi idi. Göstərdikləri bu həssaslığa və fədakarlığa görə Ağdam camaatı adından o igid dalğıclara sonsuz minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin əməkdaşları, TƏBİB in tabeliyində fəaliyyət göstərən Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi yardım briqadası da uzaq yol, çətin relyef olmasına baxmayaraq hər biri öz vəzifəsini həmişə olduğu kimi laiqincə yerinə yetirdilər. Allah sənə və övladlarına rəhmət eləsin qardaş!
Allah Şərif qardaşımızın anasına, həyat yoldaşına və hər birimizə səbr versin.
Maya Quliyeva