Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yola saldığımız gecə Ukrayna ordusu Rusiyanın iki hərbi-sənaye kompleksinə məxsus müəssisəsinə, “Belqorod” aerodromunun neft bazasına, işğal altındakı Krımda iki dəmir yolu körpüsünə və digər hərbi obyektlərə zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında belə bir məlumat yayıb. Belə ki, Bryansk şəhərində yerləşən “Kremniy EL Group” ASC də hədəfə alınıb. Qeyd olunub ki, “Kremniy EL Group” Rusiya silahlarında istifadə olunan mikrosxemlər, güc yarımkeçirici cihazları və digər elektron komponentlər istehsal edir. Bundan əlavə, Bryansk vilayətinin Seltso şəhərində yerləşən Bryansk Kimya Zavodu da zərbəyə məruz qalıb. İlkin məlumata görə, müəssisənin ərazisində dörd partlayış baş verib. Baş Qərargahın məlumatına əsasən, bu müəssisədə barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal olunur. Ukrayna qüvvələri həmçinin “Belqorod” aerodromunun neft bazasına da zərbə endirib. Bundan başqa, Krımda Razdolnoye və İçki yaşayış məntəqələri yaxınlığında yerləşən iki dəmir yolu körpüsünün uğurla vurulduğu bildirilir. Ukrayna tərəfi qeyd edir ki, Rusiya ordusu bu körpülərdən şəxsi heyətin, silahların və sursatın daşınması üçün hərbi logistika məqsədilə istifadə edir. Eyni zamanda, Donetsk vilayətinin Volnovaxa və Yasinovata rayonlarında yerləşən Rusiya ordusunun maddi-texniki təminat anbarlarına da zərbələr endirildiyi bildirilib.
Rəsmi Moskva isə rəsmi Kiyevi sülh danışıqlarına gəlməyə səsləyib. Sülh danışıqlarının şərtləri isə Ukrayna üçün məğlubiyyət senarisidir…
A.Məmmədli