“Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi çərçivəsində fermerlərin aqrar sığorta sahəsində bilik və məlumatlılığının artırılması məqsədilə növbəti maarifləndirici tədbir 2 iyul 2026-cı il tarixində Beyləqan rayonunun Orta Əlinəzərli kəndində keçirilib. Layihənin rəhbəri Akif Nəsirli tezadlar.az- a bildirib ki, “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin əsas məqsədi kənd təsərrüfatı ilə məşğul olan fermerləri aqrar sığorta sistemi barədə məlumatlandırmaq, onları mövcud sığorta imkanlarından istifadə etməyə təşviq etmək və təsərrüfat fəaliyyətində risklərin idarə olunması ilə bağlı biliklərini artırmaqdır.
Təlim zamanı iştirakçılara aqrar sığortanın mahiyyəti, sığortalanan risklər, dövlət dəstəyi mexanizmləri, sığorta müqaviləsinin bağlanması qaydaları, zərər baş verdiyi hallarda müraciət prosedurları, eləcə də fermerlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Tədbirdə aqrar sığortanın kənd təsərrüfatında risklərin idarə olunmasında oynadığı mühüm rol praktiki nümunələr əsasında izah edilib, iştirakçıların mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Maarifləndirici tədbirin əsas məqsədlərindən biri fermerlər arasında aqrar sığorta mexanizmlərinə etimadın artırılması, təbii fəlakətlər, iqlim dəyişiklikləri və digər kənd təsərrüfatı riskləri nəticəsində yarana biləcək maliyyə itkilərinin minimuma endirilməsində sığortanın əhəmiyyətini diqqətə çatdırmaq olub.
“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin nümayəndələri Orta Əlinəzərli kəndi və ətraf yaşayış məntəqələrindən olan fermerlərə, ailə-kəndli təsərrüfatı sahiblərinə və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər iştirakçılara tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.
Xatırladaq ki, “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi 1 may–31 iyul 2026-cı il tarixlərini əhatə edir və layihə çərçivəsində Beyləqan rayonunun müxtəlif yaşayış məntəqələrində fermerlər üçün silsilə maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində fermerlərin operativ məlumatlandırılması məqsədilə 099 470 43 01 nömrəsi vasitəsilə mobil məsləhət xidməti də fəaliyyət göstərir. Fermerlər aqrar sığorta ilə bağlı suallarını bu nömrəyə ünvanlayaraq mütəxəssislərdən məsləhət ala bilərlər.
“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi hesab edir ki, bu cür maarifləndirici tədbirlər fermerlərin aqrar sığorta sistemindən daha səmərəli istifadə etməsinə, kənd təsərrüfatında risklərin düzgün idarə olunmasına və dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verir.
Layihə uğurla davam etdirilir.
SƏBUHİ
