Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 11:35

Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir

CENEVRƏ, 6 iyul – Qarşıdakı 20-25 il ərzində dünya aviasiyasında sərnişin axınının iki dəfə artacağı proqnozlaşdırılır. Lakin sənaye bu artımı yeni hava limanları, daha çox təyyarə və ya sərhəd-keçid məntəqələrində əlavə işçi qüvvəsi hesabına deyil, rəqəmsal texnologiyalar vasitəsilə idarə etməyə hazırlaşır. Tezadlar.az xatırladır ki, Bu barədə SITA-nın Impact Report 2025 hesabatında bildirilir. Hesabata əsasən, beynəlxalq aviasiya sektoru yaxın onilliklərdə ildə 8 milyard sərnişinə xidmət göstərəcək, 2050-ci ilə qədər isə bu rəqəm 10 milyarda çatacaq. SITA bildirir ki, bu həcmi mövcud infrastrukturla idarə etməyin əsas yolu proqram təminatı, süni intellekt və avtomatlaşdırılmış rəqəmsal həllərdir.
SITA-nın baş icraçı direktoru David Lavorel deyib ki, aviasiyanın qarşısındakı əsas sual daha çox hava limanı tikmək deyil, mövcud imkanlarla daha çox sərnişinə xidmət göstərməkdir.
Onun sözlərinə görə, artıq bir çox hava limanı yeni terminallar inşa etmədən mövcud binaların imkanlarını genişləndirir, dövlət qurumları sərnişin hava limanına çatmamış sərhəd yoxlamalarını həyata keçirir, süni intellekt isə sınaq mərhələsini geridə qoyaraq gündəlik uçuş əməliyyatlarının ayrılmaz hissəsinə çevrilib. “Bu dəyişiklik təkcə bir şirkətin uğuru deyil. Aviaşirkətlər, hava limanları, dövlət qurumları və texnologiya tərəfdaşlarının birgə fəaliyyəti sayəsində hava nəqliyyatının gələcəyi formalaşır”, – deyə David Lavorel bildirib.

Hesabatda qeyd olunur ki, rəqəmsallaşmanın ən nəzərəçarpan nəticələrindən biri sərhəd-keçid prosedurlarında müşahidə edilir.
Məsələn, Arubada əvvəlcədən təsdiqlənmiş sərnişinlər rəqəmsal səyahət identifikatoru və biometrik yoxlama vasitəsilə ölkəyə giriş prosesini cəmi 8 saniyəyə başa vururlar. Bu, əvvəlki sistemlə müqayisədə 78 faiz daha sürətlidir. SITA həmçinin hər il 271 milyondan çox sərnişin üçün əvvəlcədən risk qiymətləndirilməsi həyata keçirir və bu yoxlamaların böyük hissəsi 4 saniyədən az müddətdə tamamlanır. Hesabatda süni intellektin artıq real əməliyyatlarda geniş tətbiq olunduğu vurğulanır.
Belə ki, SITA OptiFlight platforması maşın öyrənməsi və “digital twin” texnologiyasından istifadə edərək pilotlara yanacaq sərfiyyatını azaltmağa kömək edən uçuş tövsiyələri təqdim edir. 2025-ci ildə sistem 59 aviaşirkətin 2,9 milyon uçuşunu analiz edib. Nəticədə 127 732 ton yanacaq və 403 633 ton karbon emissiyasına bərabər qənaət əldə olunub.

Toronto Pearson və Əbu-Dabi hava limanlarında tətbiq edilən süni intellekt əsaslı Total Airport Management sistemi hər təyyarənin yerdə qalma müddətini bir neçə dəqiqə azaldaraq ümumi əməliyyat səmərəliliyini artırıb. Thai Airways-də isə SITA WorldTracer Auto Reflight sistemi səhv istiqamətləndirilmiş baqajları avtomatik olaraq növbəti uyğun reysə yönləndirir. Bunun sayəsində əvvəllər təxminən 3 dəqiqə çəkən proses artıq 1 saniyə ərzində həyata keçirilir. Hesabat göstərir ki, rəqəmsal texnologiyalar təkcə gündəlik əməliyyatları deyil, həm də fövqəladə halların idarə olunmasını xeyli asanlaşdırır. Fransada Reyms Hava Hərəkətinin İdarəetmə Mərkəzində həyata keçirilən pilot layihə çərçivəsində dispetçerlər ilk dəfə pilotların istifadə etdiyi real vaxt hava məlumatlarını əldə ediblər. Nəticədə hava şəraiti ilə bağlı gecikmələr 65 faizə qədər azalıb və cəmi 21 gün ərzində 105 min dəqiqəlik gecikmənin qarşısı alınıb. 2025-ci ildə CrowdStrike platformasında baş verən qlobal nasazlıq zamanı isə 460-dan çox uçuş SITA Maestro DCS sistemi vasitəsilə fasiləsiz həyata keçirilib. Həcc mövsümündə də SITA-nın avtomatlaşdırılmış insident idarəetmə sistemi və 24/7 texniki dəstəyi aviaşirkətlərin və hava limanlarının fəaliyyətini fasiləsiz təmin edib. Baqajların izlənməsi sahəsində də mühüm nəticələr əldə olunub. Apple ilə başlayan, daha sonra Google-un da qoşulduğu əməkdaşlıq çərçivəsində Apple AirTag cihazı ilə təchiz olunmuş baqajların geolokasiyası SITA WorldTracer sistemi üzərindən paylaşılır. Şirkətin məlumatına görə, bunun nəticəsində həqiqətən itirilən baqajların sayı 90 faiz azalıb. Avropada isə Frankfurt Hava Limanının yeni Terminal 3 layihəsi SITA və CCM tərəfindən hazırlanmış rəqəmsal ümumi istifadə konsepsiyası əsasında qurulur. Terminalın ilkin mərhələdə ildə 19 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır. Hesabatda SITA-nın maliyyə göstəricilərinə də yer verilib. Şirkətin gəlirləri 2025-ci ildə 7 faiz artaraq 1,71 milyard ABŞ dollarına çatıb. Bu, son dörd il ərzində ardıcıl olaraq illik 7-8 faizlik artımın davam etdiyini göstərir. Eyni zamanda, SITA tədqiqat və inkişaf layihələrinə investisiyalarını artırıb, hava limanı interyerlərinin dizaynı üzrə ixtisaslaşmış CCM şirkətini satın alıb və SITA Labs vasitəsilə 30-dan çox müştəri ilə innovasiya layihələri həyata keçirib. Şirkət ekoloji göstəricilərini də yaxşılaşdırdığını açıqlayıb. 2025-ci ildə SITA-nın karbon emissiyaları əvvəlki illə müqayisədə 1,3 faiz azalıb. Bununla da 2019-cu illə müqayisədə ümumi azalma 32 faizə çatıb. Hazırda şirkətin dünya üzrə ofislərində istifadə olunan elektrik enerjisinin 90 faizi bərpa olunan enerji mənbələrindən təmin edilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!