Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətrafında baş verən daşqınlarda ölənlərin sayı 1003-ə çatıb.
Tezadlar.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında ölkənin Çinlə sərhədi yaxınlığındakı ərazilərə təsir edən daşqınlarla bağlı açıqlama yayıb.
Məlumatda daşqından zərər çəkən müxtəlif ərazilərdə ölənlərin sayının 1003-ə çatdığı və 583 xarici vətəndaş da daxil olmaqla 3916 itkin düşmüş şəxs üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Məlumatda həmçinin axtarış-xilasetmə işlərinə 21314 təhlükəsizlik işçisinin cəlb edildiyi və daşqından zərər çəkən bölgəyə yardım ləvazimatlarının göndərildiyi qeyd olunub.
Bu arada, əvvəllər Çinin Tibet Muxtar Bölgəsində Nepal daşqınları nəticəsində ölənlərin sayının 16-ya çatdığı bildirilirdi.
Mütəxəssislər buzlaqların çökməsinə işarə edirlər
26 avqustda Nepalın Rasuva bölgəsində daşqın baş verib, onlarla körpü dağılıb, yollar zədələnib və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlər cəlb edilib.
Daşqınlardan əvvəl bölgədə ilk dəfə zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaq çökməsi olduğunu bildirib.
Katmandunda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri daşqının dağlıq ərazidən qopan buzlaq parçalarının qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.
ELBAR







