Futzal üzrə Azərbaycan millisinin tarixində Yevgeni Kukseviçin dönəmindəki qədər ardıcıl böyükhesablı məğlubiyyətlər olmayıb.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
O, rusiyalı sabiq baş məşqçinin dövründə klub və milli səviyyəsindəki fərqli nəticələrin səbəblərinə toxunub:
“Ötən mövsümün əvvəlində Yevgeni Kukseviçin istəyi ilə “Araz-Naxçıvan”a qayıtdım və birlikdə çempion olduq, UEFA Çempionlar Liqasında uzun fasilədən sonra mərhələ keçdik. Lakin klub ilə milli səviyyəsi tam başqadır. Klubda hazır və təcrübəli legionerlər var, məşqçi istədiyi taktikaya uyğun heyət seçə bilir. Millidə isə seçim məhduddur, komanda gəncləşir, beynəlxalq təcrübəsi olanlar azdır. Milli tarixində ardıcıl böyükhesablı məğlubiyyətlər görməmişdik. Məşqçiyə bəlkə də zaman lazım idi ki, bizim mentaliteti, xüsusiyyətləri hiss etsin”.
R.Hüseynli müqavilə müddəti uzadılmayan Yevgeni Kukseviçə gələcək karyerasında uğurlar arzulayıb.







