Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn Rusiya vətəndaşının əl yükündəki ayaqqabıda 11 ədəd patron aşkar edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri zamanı sərnişinin əl yükü stasionar rentgen qurğusundan keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub.
Daha sonra aparılan yoxlama nəticəsində əl yükündə olan ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkarlanıb.
Ekspertiza zamanı patronların zavod üsulu ilə istehsal edilmiş 9×18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.










