…Necə illər əvvəl televiziyalarda bir mətbəx verilişini izləmişdim. Aşpaz türkiyəli bir kişi idi. Bu veriliş hansı kanalda idi, orda nə bişirirdilər, qonaq kim idi, aparıcı kim idi – bunların heç biri yadımda qalmayıb. O verilişdən yalnız bir məqam qalıb yadımda: aşpaz qonaq qadına dedi ki, qazanda qaynayan yarmanın kəfini almaq lazımdır. Qadın təəccüblə soruşdu ki, yarmanın da kəfi olur (yəqin, düşünürmüş ki, təkcə ətin kəfi olur)? Aspaz cavab verdi ki, əlbəttə. Sonra əlavə etdi: “Qazanda nə qaynayırsa, onun kəfi olur. Hətta suyun da kəfi olur”.
Bu sözər yaddaşıma yazıldı. Düzdür, aşpazın dedikləri mənim üçün təzə bir xəbər deyildi, qaynayarkən suyun üzünə kəf yığıldığını dəfələrlə görmüşdüm, bilirdim. Nədənsə bu sözlər məni xeyli düşündürdü və belə bir fikir gəldi ağlıma: suyun kəfi var, bəli. Suyun həm də çöküntüsü var…
Bundan sonra fikirdə cərəyan edənləri sözbəsöz ifadə etmək imkan xaricində olan bir işdir, qismən də olsa, yalnız yekun fikri, nəticəni ifadə etmək olar : ətrafımızda mövcud olan cürbəcür rəsmi və qeyri-rəsmi informasiya qaynaqlarının yaydığı xəbərləri seçıb dinləmək lazımdır. Müxtəlif KİV-də verilən, hətta adi məişət söhbətlərində yer alan kriminal xəbərləri, əhvalatları dinləmək, kriminal video-materiallara baxmaq məsləhət deyil! Onların məzmunundakı zəhər adamın beyninə çöküb oradan da bütün vücuda yayılır. Elə mənzərələrə baxmaq, elə sözləri dinləyib-oxumaq lazımdır ki, onlardan çöküb vücudda qalanlar insanı zərrə-zərrə öldürməsin, əksinə, zərrə-zərrədirçəltsin, dikəltsin, işiqlandırsın, təravətləndirsin, cicəkləndirsin.
İnsanın daxilində sevdiyi bütün varlıqlara olan hisslərinin qarışığından yaranan güclü bir duyğu var: həyat eşqi. Bu eşq çağlaya gərək. Çağlayarsa, dibindəkilərin hamisı üzə çıxacaq. Əgər o eşqə insan düşmənləri zərərli nələrsə qatışdıra biliblərsə, onlar da üzə çıxacaq, amma kəf kimi. O “kəfi” həyat esqinin üzərindən yığıb atmaq lazımdır. O zaman yerdə yalnız gözəlliklər qalacaqdır. Gözəlliyin isə, hətta durğunluğundan belə təşvişə düşməyə ehtiyac yoxdur: əsil gözəl olan hər varlıqdan dibə süzülən də, əlbəttə ki, onun özü kimi gözəl, həm də qiymətli daş kimi dəyərli olacaqdır və hər an özünü göstərməyə qadir olan güclü bir potensiala çevriləcəkdir.
İmarət Cəlilqızı







