Batumidə Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb. Tezadlar.az xəbər verir ki, onun yaxınlarının sözlərinə görə, Hafiz Süleymanovla avqustun 28-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. İtkin şəxsin qardaşı qızı, Azərbaycan vətəndaşı Günay Əlizadənin bildirdiyinə görə, sərhəd kameralarının görüntüləri yoxlanılıb və Hafiz Süleymanovun Türkiyədən Gürcüstana keçdiyi müəyyən edilib. Bundan sonra onun harada olduğu barədə ailənin heç bir məlumatı olmayıb. Məlumata görə, Hafiz Süleymanov telefonunu Türkiyədə itirib və bu səbəbdən onunla əlaqə saxlamaq mümkün deyil. Ailə onun axtarışına başlayıb və aidiyyəti qurumlara müraciət edib. Yaxınları Hafiz Süleymanovu görən və ya onun harada olduğu barədə məlumatı olan şəxslərdən polisə məlumat vermələrini xahiş edir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, itkin şəxsin axtarış işləri davam etdirilir.







