Bakı ilə Moskva arasında münasibətlərdə yeni inkişaf istiqamətləri siyasi dialoqdan tutmuş müxtəlif sahələrdə əməkdaşlığa qədər qarşılıqlı faydalı razılaşmalar və uğurlu layihələr ola bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.Ru”ya müsahibəsində bildirib.
“Bu, əmtəə dövriyyəsinin artması və ya yeni investisiya layihəsi, birgə universitetin yaradılması ya da Xəzərin sığlaşması probleminin həllində irəliləyiş, qarşılıqlı mədəniyyət günləri və ya turist axınının artması, vətəndaş cəmiyyətləri, gənclər təşkilatları və beyin mərkəzləri arasında dialoqun fəallaşması ola bilər”, – o bildirib.
Mustafayev Rusiya təhsil müəssisələrində Azərbaycan dilinin öyrənilməsinə, eləcə də azərbaycanlıların yığcam yaşadığı regionlarda etnomədəni komponentə malik məktəblərin açılmasına xüsusi diqqət ayırıb.
“Müvafiq tapşırıqlar parlamentlərarası komissiyanın aprel iclasının protokolunda yer alıb. Bütün bunlar münasibətlərdə potensial inkişaf nöqtələridir”, – səfir qeyd edib.
2026-cı ildə ikitərəfli əməkdaşlığın aktivləşməsindən danışan R.Mustafayev qeyd edib ki, münasibətlərin vəziyyətinin əyani göstəricilərindən biri yüksək səviyyəli səfərlərin statistikasıdır. Onun sözlərinə görə, bu ilin yeddi ayı ərzində 30 ikitərəfli səfər baş tutub. Ən uğurlu hesab edilən 2024-cü ildə səfərlərin sayı 66, böhranlı 2025-ci ildə isə 20 olub.
“Əgər konkret misallardan danışsaq, ilk növbədə ali və yüksək səviyyələrdə müntəzəm dialoqu qeyd edim. Ölkələrimizin prezidentləri iki dəfə telefonla danışıblar. Hökumət başçıları və Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri olan baş nazir müavinləri arasında əlaqələr saxlanılır”, – o bildirib.
Səfirin sözlərinə görə, regionlararası qarşılıqlı fəaliyyət də aktivləşib – ilin sonunadək Ryazan vilayəti, Altay diyarı, Moskva və Voronej vilayətindən Azərbaycana biznes-missiyalar planlaşdırılıb: “Kareliya Respublikası, Tatarıstan Respublikası, Dağıstan Respublikası, Krasnoyarsk diyarı, Həştərxan və İrkutsk vilayətləri, eləcə də Rusiyanın digər regionları Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər”.
Səfir qeyd edib ki, mədəni-humanitar əməkdaşlıq da canlanıb. O vurğulayıb ki, 2026-cı ilin martından 2027-ci ilin yanvarınadək Azərbaycanda konsertlər, teatr tamaşaları, akademik musiqi proqramları, mədəni-maarifləndirici və xatirə tədbirləri də daxil olmaqla 30-dan çox tədbir təşkil olunub və planlaşdırılıb.
“Nəhayət, bu yaxınlarda AZAL aviaşirkətinin Bakı ilə Rusiyanın üç şəhəri arasında birbaşa reyslərinin bərpa edilməsi barədə qərar qəbul edilib”, – o qeyd edib.







