Əsas məzmuna keç

Səudiyyə Ərəbistanı İsraillə görüş iddialarını təkzib etdi

Səudiyyə Ərəbistanı rəsmisi bazar günü Əbu-Dabidə İsrailin Baş naziri Binyamin Netanyahu ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan arasında keçirilən görüşdə Səudiyyə nümayəndələrinin iştirak etməsi ilə bağlı məlumatları təkzib edib.

Tezadlar.az xəbər verir ki, İsrail mediasında verilən xəbərlərdə Səudiyyə rəsmilərinin Netanyahu ilə Əl-Nəhyan arasındakı təmaslardan sonra geniş miqyaslı görüşdə iştirak etdiyi iddia edilib. Bu xəbərlərdə bazar günü keçirilən görüşün əsas mövzusunun təhlükəsizlik əməkdaşlığı, İran, Yəməndəki husilər və regional müdafiə sistemləri olduğu iddia edilib.

Çərşənbə axşamı Fransanın AFP xəbər agentliyinə danışan Səudiyyə rəsmisi bildirib: “Heç bir rəsmi görüş olmayıb. Heç bir təmas olmayıb. Qətiyyən heç nə. İsraillə bağlı mövqeyimiz dəyişməyib.”

ABŞ-ın bölgədəki ən vacib müttəfiqlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri, Donald Trampın ABŞ prezidenti kimi ilk müddətində 2020-ci ildə imzalanmış İbrahim Sazişləri vasitəsilə İsraillə rəsmi münasibətlər quran azsaylı ərəb ölkələrindən biri olub.

Lakin Ər-Riyad administrasiyası Fələstin dövlətinə aparan aydın bir yol təqdim edilmədikcə İsraillə münasibətlərin normallaşmayacağını vurğulamağa davam edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…