İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir təhlükəsizlik vəziyyətinin qeyri-sabit olması səbəbindən oktyabr ayında ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Zamirin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşməsi planlaşdırılırdı.
Tərəflər İran ətrafında yaranmış münaqişə və digər təhdidlərlə əlaqədar əməkdaşlığı müzakirə etməli idilər. Ynet-in iddiasına görə, İsrail Baş Qərargahının rəisi ABŞ tərəfinə bildirib ki, İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu nəzərə alaraq ölkədən getməyi və hadisələri xaricdən izləməyi düzgün hesab etmir.
Portal qeyd edir ki, Zamir daha əvvəl təhlükəsizlik təhdidləri baxımından xüsusilə riskli dövr hesab olunan yəhudi bayramları ərəfəsində İsrail ordusunun döyüş hazırlığı səviyyəsinin artırılması barədə qərar qəbul edib.







