Əsas məzmuna keç

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün onlayn Azərbaycan dili dərsləri keçirilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan, xüsusilə xaricdə doğulmuş azərbaycanlı uşaqların ana dilini öyrənməsi və milli kimliyinin qorunması məqsədilə onlayn təhsil layihəsi həyata keçirilir. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov məlumat paylaşıb. O qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, xüsusilə xaricdə böyüyən uşaqların Azərbaycan dilini öyrənməsinə şərait yaratmaq, onların milli şüurunu və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir.

Dərslər məsafədən, Microsoft Teams platforması üzərindən həftədə 2–3 dəfə keçirilir. İştirakçılar yaş qruplarına, dil bilikləri səviyyəsinə və vaxt zonalarına uyğun qruplara bölünürlər. Dərslərə başlamazdan əvvəl iştirakçıların dil səviyyəsini müəyyənləşdirmək üçün qısa yoxlama keçirilir. Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunur. Layihədə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər: Qeydiyyat linki: https://forms.gle/o6MYvWZJjc9ywj7g9

Qeyd edək ki, indiyədək layihəyə İran, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qətər, Böyük Britaniya, Türkiyə, Polşa, Macarıstan, İordaniya, Çexiya, Filippin, Niderland, İsveç, Fransa, Qazaxıstan, Belçika, Yeni Zelandiya və Qırğızıstan daxil olmaqla 25-dən çox ölkədə yaşayan azərbaycanlılar qoşulub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…