Ağ Evin süni intellekt üzrə yeni işçi qrupu dörd ay ərzində bu texnologiyanın riskləri və imkanları ilə bağlı hesabat hazırlayacaq, həmçinin federal hökumətin bu sahədə məsuliyyətini müəyyənləşdirəcək. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton Prezident Donald Trampın daha əvvəl yaradıldığını elan etdiyi “Superintellekt Qüvvələri”nə rəhbərlik edəcək. Sitat:“Prezident elə bir qrupun yaradılmasını tapşırıb ki, onun dediklərini həyata keçirsin: superintellekt sahəsində liderliyimizi qorumağımızı və Amerika vətəndaşlarının maraqlarının birinci yerdə olmasını təmin etsin”, – Kleyton bildirib.
“WSJ”nin Ağ Evdəki mənbəsinin sözlərinə görə, bu, faktiki olaraq Kleytonun ölkədə süni intellektin inkişafına cavabdeh olacağı anlamına gəlir. İşçi qrup mümkün risklərin idarə edilməsində ilk növbədə süni intellekt sənayesinin nümayəndələrinin məsuliyyət daşımalı olduğu yanaşmasından çıxış edəcək. “Mən gözləyirəm ki, digər sənaye sahələrində olduğu kimi, dialoq nəticəsində müvafiq mexanizmlər hazırlanacaq”, – Kleyton deyib. O əlavə edib ki, işçi qrup mövcud qanunvericiliyi araşdıracaq və ABŞ Konqresinin görə biləcəyi tədbirləri müzakirə edəcək. Nəşr yazır ki, işçi qrupun nizamnaməsinə əsasən, qurum “innovasiya və rəqabətə mane ola biləcək həddindən artıq tənzimləmənin qarşısını almaqla yanaşı, süni intellektin cəmiyyət üçün yaratdığı təhdidlərə cavab planları hazırlayacaq”.







