…Bir müddətdir ki, şagirdlərin məktəbə vahid məktəbli geyimində gəlməsi barədə Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı sosial mediada, KİV-də geniş ictimaiyyət tərəfindən müzakirə mövzusuna çevrilib. Kimi haqlı, kimi haqsız qərar olduğunu bildirir – hər kəs məsələyə öz baxış bucağından yanaşır. Əslində, bu Qərar yenidrimi? Xeyr! Şagirdlərin vahid məktəbli geyimi ilə bağlı əsas qaydalar hələ Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə verilmişdi. Sadəcə, son dəyişiklik məsələni yenidən gündəmə gətirdi və ictimaiyyətə vahid məktəbli geyiminin tətbiqinin ayrı-ayrı şagirdlər üçün individual olaraq deyil, məktəb partası arxasında əyləşən hər bir şagirdə aid olduğunun fərqində olmasını diqtə etmiş oldu. Bəs, Azərbaycan ictimaiyyəti vahid məktəbli geyimi tələbi yalnız indimi üzləşir? Əsla!
70 il bəh-bəhlə öyülən sovet təhsil sistemindən bəhrələndiyimiz illərdə də vahid məktəbli geyimi vardı, həmçinin ölkədə, məktəbdənkənar hicab qadağası da yox idi: həm də indiki kimi fərqli dizaynlarla deyil, bir qayda olaraq yay-qış eyni formada: qızlar ağ yaxalıqlı qara donda – yay aylarında ağ önlük, qışda qara önlükdə, həmçinin saçlarında ağ lentlə. Oğlanlar isə ağ köynək və qara şalvarda.
O zaman, heç bir kəs səsini belə çıxara bilməzdi və heç bir narazılıq da yox idi! Bütün valideynlər bu geyim formasından birmənalı razı idilər. Niyə, çünki sinifdə də bərabərlik vardı. Heç kəsin övladı digərindən fərqli, yaxud bahalı geyinə bilməzdi. Bu bərabərlik şagirdlərin qarşılıqlı münasibətlərinə də, məktəbdəki davranışlarına da müsbət mənada təsir edirdi.
Bəs bu gün nədən bu qədər məktəbli forması barədə danışılır, qızışdırıcı, araqatıcı mövqelər sərgilənir? Müstəqil, demokratik dövlət olmağımız hər bir kəsin özbaşına, qayda-qanuna uymamağı deməkdirmi?
Azərbaycan tolerant və dünyəvi dövlətdir. Bu, hamıya məlumdur. Heç bir kəs dini inancına, irqinə, etnik mənşəyinə, sosial statusuna, geyiminə görə təqibə, aşağılanmaya məruz qalmır. Bunu ölkəmizə ayaq basan hər bir kəs deyir və əməli olaraq da görür. Prezident İlham Əliyev özü buna bir nümunədir! Qarabağ erməni işğalından azad edilən kimi, bir vaxtlar ermənilərin donuz saxlayaraq tövləyə çevirdiyi, təhqir etdiyi məscidlərdən etiraz səsini ucaltmadımı? Qısa zamanda böyük məbləğdə vəsaitlər ayıraraq həmin məscidləri təmir etdirmədimi, yenilərini tikdirmədimi, ölkənin Birinci xanımı Mehriban Əliyeva həmin məscidlərə Quran kitabları aparmadımı, dəfələrlə ölkəmizdəki dini məbədlərimizi, müqəddəs Məkkə torpağını ziyarət etmədilərmi? Ölkə başçısının İslam dininə, ümumiyyətlə, bütün dinlərə olan hörmətini hər bir kəs yaxşı bilir və təkrarçılığa, uzun-uzadı sadalamağa da ehtiyac yoxdur. Belə olan halda, yəni İslama olan inancımızla vahid məktəbli formasının nə əlaqəsi var? Geyim Allaha, dinə olan hörmətimizin və sevgimizin ölçü vahididirmi? Yenə də əsla!
Bəli, Allaha olan inam və sevgimizin, dinə olan hörmətimizin böyüklüyündən asılı olmayaraq, azyaşlıların – hələ dinin nə demək olduğunu yetəri qədər anlamayan, buna görə də yanlış qərarlar verə biləcək yaşda olan orta məktəb şagirdlərinin kimlərinsə təzyiqi altında qərarlar alması birmənalı şəkildə yolverilməzdir! Biz onların valideyni olsaq belə…
***
Bu gün Azərbaycandakı din azadlığından kimlərsə başqa məqsədlər üçün istifadə etməyə çalışır. Adi məktəbli geyimi ilə bağlı tələb də ona görə bu qədər şişirdilir. Qərarda nə deyilir: bütün şagirdlər eyni geyim tərzində məktəbə gəlsin.Vəssalam! Şagird məktəbdən küçəyə çıxdıqda isə hansı tərzdə istəyir geyinib gəzə bilər. Tələb bundan ibarətdir. Bəziləri bunu dinə qarşı az qala hörmətsizlik, qısnama kimi təqdim etməyə çalışır. Amma düşünən yoxdur ki, kim isə məktəbə fərqli geyimdə gələcəksə, bu dəfə də digər şagirdlərin hüququ pozulmuş, ayrı-seçkilik qoyulmuş olur. Biri üçün vahid geyim məcburi olur, digərinə istədiyini geyinməyə şərait yaradılır… Bu, necə ola bilər? Qərardan narazılıq edənlər bunu heç fikirləşirmi?..
***
Azərbaycanda hansısa kəsin geyiminə qarışan olurmu? Söhbət dini geyimdən gedir. Tam sərbəstlikdir! Amma təhsil ocağının öz geyim tərzi var və olmalıdır. Bununla hər kəs barışmalıdır. Ümumtəhsil məktəbləri mədrəsə deyil və burada heç bir kəsə dini-irqi ayrı-seçkilik qoyulmadan bilik verilir. Və vahid məktəbli geyimi ilə bağlı tələb də təkcə ölkəmizdə deyil, dünyanın əksər ölkələrində keçərlidir.
Xarici qüvvələrin və dövlətlərin təsiri altında olan bəzi araqızışdıran, qərarı müxtəlif yerlərə yozan şəxslərin müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq haqqı yoxdur! Bunu birdəfəlik dərk etmək lazımdır! Azərbaycanda yetəri qədər dini inanclara hörmət var. İslam dəyərləri qorunur, ölkənin elə bir kəndi yoxdur ki, heç olmasa orada bir məscid belə olmasın. Ölkədə bildiyim qədər, İlahiyyat İnsitutu da fəaliyyət göstərir, istəyən şəxslər dini təhsil də alırlar. Qafqaz Müsəlmanları İdarəsi də məhz Bakıda – Təzə Pir məscidində yerləşir. Bütün dini bayramlar və dini mərasimlər də tam sərbəst olaraq qeyd edilir. Lakin unutmayaq ki, bütün dinlərə yaşıl işıq yandıran Azərbaycan dünyəvi dövlətdir. Dövlət təhsil sistemi də dünyəvilik üzərində qurulub… Və bunun da əsasını neytrallıq və bərabərlik təşkil edir.
Yasəmən Məmmədli







