Əsas məzmuna keç

“Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir…”

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.

Tezadlar.az xəbər verir ki,  bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən ölkəmizlə bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.

“Azərbaycan xalqı öz milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşmışdır. Ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərir və dini müxtəlifliyi cəmiyyətimizin zənginliyi hesab edir.

Təhsil sahəsində tətbiq olunan qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir”, – deyə açıqlamada qeyd edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…