Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurma NATO-nun mövqeyi ilə bağlı sualları yenidən gündəmə gətirib. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter hesab edir ki, belə bir müharibə baş verərsə, Ankara alyansın dəstəyinə arxalana bilməyəcək. Tezadlar.az xəbər verir ki, o, bu barədə “TRT World” telekanalına müsahibəsində danışıb.
Ritterin fikrincə, Avropa Türkiyədən üz döndərib, NATO isə bu ölkədən yalnız öz maraqları naminə istifadə edib. O, Türkiyənin gələcəyini Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi platformalarla əməkdaşlıqda görür. Keçmiş kəşfiyyatçı, həmçinin Ukrayna müharibəsinin NATO daxilində parçalanmanı dərinləşdirdiyini və alyansın uzunmüddətli perspektivdə mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini düşünür.
Digər tərəfdən, Türkiyə ilə İsrail arasında mümkün hərbi toqquşma NATO üçün ciddi sınağa çevrilə bilər. Belə bir ssenaridə ABŞ və digər müttəfiqlərin münaqişənin qarşısını almaq üçün hansı addımları atacağı, eləcə də alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqinin mümkünlüyü müzakirə doğurur. Türkiyə ilə İsrail arasında müharibə başlayarsa, NATO üzvü olan Türkiyə müttəfiqlərinin dəstəyini qazanacaq, yoxsa alyans onu taleyi ilə baş-başa buraxacaq?
Məsələ ilə bağlı Tezadlar.az-a açıqlama verən türk siyasətçi Aydın Sezer bildirib:
“İlk növbədə, bir məqamı xüsusi vurğulamaq lazımdır. Rusiya-Ukrayna müharibəsindən sonra NATO Avropanın təhlükəsizliyi məsələsində ABŞ-la digər avropalı NATO üzvləri arasında fikir ayrılıqlarının yarandığı bir platformaya çevrilib. Buna görə də Avropa zaman-zaman öz hərbi qüvvələrini yaratmağa çalışır. Deməli, NATO daxilindəki problemlər Türkiyədən fərqli, daha geniş müstəvidə inkişaf edir”.
Siyasətçinin sözlərinə görə, indi Avropa Silahlı Qüvvələrinin yaradılması ideyası ortaya çıxdıqda, Avropa ən böyük orduya malik ölkə kimi Türkiyəni görür. Buna görə də əminliklə deyə bilərik ki, Avropa öz təhlükəsizliyini təmin etmək üçün Türkiyəyə ehtiyac duyur və onu kənarda qoymaq məcburiyyətində deyil. Ərdoğan da bunu bildiyi üçün “Elədirsə, bizi də Avropa İttifaqına qəbul edin” məntiqinə əsaslanan siyasət yürüdür. Birinci məqam budur.
İkinci məsələnin NATO daxilində Türkiyə ilə İsrail arasında müharibənin baş verməsi ehtimalı olduğunu deyən Aydın Sezər əlavə edib:
“Bu, texniki baxımdan mümkün görünmür. Belə bir ssenarinin reallaşma ehtimalı milyonda birdir. Əvvəla, ABŞ-ın regiondakı mövqeyini və mövcudluğunu nəzərə alsaq, Vaşinqton belə bir müharibəyə imkan verməz. İkincisi, İsrail İran kimi ərəb olmayan başqa bir müsəlman ölkəsi ilə də müharibə aparmaq məcburiyyətində qalaraq cəbhəni genişləndirmiş olardı. İsrailin isə buna nə gücü, nə də imkanları çatır. Yəni İsrail özü də belə bir vəziyyətin yaranmasını istəməz”.
Aydın Sezer qeyd edib ki, hər halda, Türkiyə ilə İsrail arasında müharibə baş verərsə, Avropanın və ya ABŞ-ın öz seçimlərinə uyğun olaraq Türkiyəyə qarşı səssiz qalması mümkün deyil. Çünki ortada NATO müqaviləsi var və Türkiyənin həmin müqavilədən irəli gələn hüquqları mövcuddur. Əgər belə bir müharibə başlasa və NATO ilə ABŞ Türkiyəyə dəstək verməsə, bu, NATO-nun faktiki olaraq sona çatması demək olar. Buna görə də bu cür ssenarilər bir qədər utopik və xəyali qiymətləndirmələrdir.
Üçüncü məqamın Şanxay Əməkdaşlıq Təşkilatının NATO-ya alternativ olmamasını deyən siyasətçi vurğulayıb:
“Şanxay Əməkdaşlıq Təşkilatının nizamnaməsində üzv dövlətlərdən birinə qarşı hərbi hücum baş verəcəyi təqdirdə NATO-dakı kimi kollektiv müdafiə mexanizmini işə salan 5-ci maddə mövcud deyil. Buna görə də Şanxay Əməkdaşlıq Təşkilatı NATO-nun alternativi sayıla bilməz.
Tutaq ki, bu təşkilat NATO-ya alternativ oldu. Hətta bu halda belə, Şanxay Əməkdaşlıq Təşkilatının Türkiyəni bu məqsədlə üzvlüyə qəbul edəcəyini düşünmürəm. Xatırlayırsınızsa, BRICS-ə üzvlük müraciətimiz Hindistan tərəfindən əngəlləndi. Beləliklə, biz iqtisadi birlik olan BRICS-ə belə üzv ola bilmədik, təkcə müşahidəçi statusu əldə edə bildik. Deməli, Rusiyanın və Çinin Türkiyəni öz sıralarında görəcəkləri hərbi ittifaqa qoşulması real görünmür. Üstəlik, Çinin xarici siyasətində belə bir hərbi ittifaq anlayışı yoxdur, Pekin daha çox əməkdaşlığa üstünlük verir. Buna görə də bu variantın reallaşması da inandırıcı deyil”.
“Beləliklə, Skott Ritter öz şəxsi fikirlərini gündəmə gətirib. Mən heç bir məsələdə onun kimi düşünmürəm və bunu açıq şəkildə deyə bilərəm”, — siyasətçi əlavə edib.
Burada Türkiyə-Rusiya münasibətlərinə də başqa bir prizmadan baxmağın lazım olduğunu deyən siyasətçi sonda açıqlayıb:
“Rusiya üçün ən dəyərli Türkiyə NATO üzvü olan Türkiyədir. Çünki Rusiya Türkiyə vasitəsilə NATO-nun şərq cinahında baş verən proseslərə təsir göstərə bilir. Məsələn, S-400 məsələsi və boğazlarla bağlı vəziyyət buna nümunədir. Ona görə də Türkiyənin keçmiş sovet ölkələri və Mərkəzi Asiya dövlətləri kimi Rusiya ilə müttəfiq olması Moskvanın maraqlarına uyğun deyil. Bir daha təkrar edirəm: Rusiya üçün ən dəyərli Türkiyə, NATO üzvü olan Türkiyədir.
Deməli, Rusiya, Çin, İran və Türkiyə ittifaqı ideyası sadəcə xəyali bir ssenaridir. Bunu ingiliscə “wishful thinking”, yəni arzulanan, lakin reallığa əsaslanmayan düşüncə də adlandırmaq olar”.
Dəniz Pənahova
Rusiya Türkiyəni niyə NATO-da görmək istəyir? – Aydın Sezerdən SİYASİ TƏHLİL






