Əsas məzmuna keç

Azərbaycanla bağlı dörd qətnamə yenidən qəbul edilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında Azərbaycanla bağlı dörd qətnamə yenidən qəbul edilib, həmçinin Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bənd əksini tapıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 17-18-də İraqın paytaxtı Bağdadda keçirilən sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, təşkilat məkanında baş verən yeniliklər və əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində əsas plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib.

Y.Rəfiyev çıxışlarında regionda baş verən hərbi qarşıdurmalar və artan gərginlik, eləcə də dünyada islamofobiya meyillərinin yüksəlməsi ilə bağlı narahatlığını ifadə edib. O, Azərbaycan-Ermənistan normallaşma prosesinə, Fələstin məsələsinə və Azərbaycanın qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunub.

Sessiyanın yekununda siyasi, iqtisadi, humanitar-mədəni və digər istiqamətlər üzrə qətnamələr, həmçinin Bağdad Bəyannaməsi qəbul edilib.

Azərbaycanla bağlı yenidən qəbul edilən dörd qətnamə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik” adlanır. Qətnamələrə müvafiq yeniliklər daxil edilib.

Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanıb. Sənəddə Ermənistan tərəfinə sülh sazişinin imzalanması istiqamətində qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı İƏT üzv dövlətləri adından çağırış edilib.

Bəyannamədə, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə olunub. İƏT üzv dövlətləri həmin ərazilərdə minalardan təmizləmə fəaliyyətinə fəal dəstək verməyə çağırılıb.

Sessiyanın Azərbaycan üçün digər əlamətdar nəticəsi nümayəndəmiz Aydın Səfixanlının İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilməsi olub. O, müvafiq səsvermənin nəticələrinə əsasən bu vəzifəyə seçilib.

Tədbir çərçivəsində Y.Rəfiyev Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə İƏT çərçivəsində Azərbaycanla bu ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…