Şimali Koreya lideri Kim Çen Inın beyin qanaxması keçirərək komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı barədə yayılan iddialardan sonra onun vəfat etdiyi də irəli sürülüb. Bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, iddiaların doğruluğu beynəlxalq ictimaiyyətin diqqətini Şimali Koreyada hakimiyyətin gələcəyi və mümkün siyasi dəyişikliklər məsələsinə yönəldir. Kim Çen Inın vəfatı təsdiqlənərsə, bu, təkcə ölkənin daxili siyasətinə deyil, həm də regionda geosiyasi vəziyyətə təsir göstərə bilər.
Əgər Kim Çen Inın vəfatı ilə bağlı iddialar təsdiqlənərsə, Şimali Koreyada hakimiyyətin gələcəyi necə müəyyənləşə bilər? Ölkədə hakimiyyət uğrunda mübarizə ehtimalı varmı?
Bu barədə politoloq Rəşad Bayramov Tezadlar.az-a açıqlamasında deyib ki, Şimali Koreya dünyanın ən qapalı siyasi sistemlərindən birinə malikdir və ölkə rəhbərliyinin səhhəti ilə bağlı məlumatların müstəqil şəkildə yoxlanılması olduqca çətindir:
“Şimali Koreyanın dövlət mediası bu gün Kim Çen Inın ictimai sərgiyə baş çəkdiyini və qızı ilə birlikdə olduğunu göstərən fotolar yayıb. Cənubi Koreyanın rəsmi dairələri də onun ölümü barədə iddiaları təsdiqləyən məlumatlarının olmadığını bildiriblər. Bununla belə, Kim Çen Inın vəfatı təsdiqlənərsə, bu, Şimali Koreyanın müasir tarixində ən ciddi hakimiyyət sınaqlarından birinə çevrilə bilər. Çünki ölkədə siyasi sistem onilliklər ərzində Kim sülaləsinin hakimiyyəti ətrafında formalaşıb. Kim Çen In hakimiyyətə 2011-ci ildə atası Kim Çen İrin ölümündən sonra gəlib və ordu, Koreya Fəhlə Partiyası, təhlükəsizlik strukturları üzərində nəzarətini möhkəmləndirib. Belə sistemlərdə liderin qəfil sıradan çıxması yalnız yeni rəhbərin müəyyənləşdirilməsi məsələsi deyil. Əsas problem hakim elitanın, hərbi rəhbərliyin və təhlükəsizlik aparatının yeni lider ətrafında razılığa gəlib-gəlməyəcəyidir”.
Politoloq qeyd edib ki, hakimiyyətin ötürülməsi məsələsində Kim Çen Inın bacısı Kim Yo Çjonun adı tez-tez çəkilir:
“O, yüksək siyasi mövqeyə və rəhbərliyə yaxınlığa malikdir. Lakin onun avtomatik olaraq ölkənin növbəti lideri olacağını söyləmək də olmaz. Kim ailəsinin varisləri, Koreya Fəhlə Partiyasının rəhbərliyi və hərbi elita arasında razılaşma həlledici rol oynaya bilər. Kim Çen Inın övladlarından birinin gələcəkdə varis kimi hazırlanması da mümkün ssenarilərdən biridir. Hakimiyyət uğrunda açıq mübarizə ehtimalına gəldikdə isə belə bir ehtimal olsa da elə böyük deyil. Çünki Şimali Koreyanın siyasi sistemi elita daxilində fikir ayrılıqlarının açıq nümayişinə imkan vermir. Buna görə də mümkün rəqabət ilk mərhələdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və rəsmi təbliğatın istiqamətindəki dəyişikliklərlə özünü göstərə bilər. Kim Çen Inın ölümünün beynəlxalq münasibətlərə təsiri isə mütləq olacaq. Bu ilk növbədə Çin üçün ciddi strateji sınaq yaradar. Pekin Şimali Koreyanın sabitliyində maraqlıdır, çünki sərhədində hakimiyyət böhranı, qaçqın axını və ya ABŞ-nin regiondakı hərbi mövqelərinin güclənməsi Çin üçün arzuolunmaz ssenarilərdir. Buna görə də Çin yeni rəhbərliyin formalaşmasına təsir göstərməyə və nüvə silahına malik qonşusunda idarəolunmaz böhranın qarşısını almağa çalışa bilər”.
Politoloq son olaraq diqqətə çatdırıb ki, Rusiya üçün isə əsas məsələ Şimali Koreya ilə hərbi-siyasi əməkdaşlığın qorunmasıdır:
“Son illərdə Moskva ilə Pxenyan arasında yaxınlaşma güclənib. Yeni rəhbərliyin Rusiyaya münasibəti dəyişərsə, bu əməkdaşlığın gələcəyi sual altına düşə bilər. Bununla belə, hakimiyyət dəyişikliyi avtomatik olaraq xarici siyasətin dəyişməsi demək deyil və Şimali Koreyada ehtimal olunan hakimiyyət dəyişikliyinin də Rusiya ilə münasibətlərə təsir göstərəcəyi inandırıcı görünmür. ABŞ və Cənubi Koreyaya gəldikdə isə onlar üçün mümkün keçid dövründəki ən vacib prioritet nüvə silahlarının təhlükəsizliyi, raket sınaqları və hərbi eskalasiya risklərinə diqqət yetirməkdən ibarət olacaq. Hakimiyyət daxilində qeyri-müəyyənlik yaranarsa, yanlış hesablamalar və hərbi insidentlər təhlükəsi arta bilər. Eyni zamanda, yeni rəhbərliyin dialoqa maraq göstərməsi diplomatik imkanlar da yarada bilər”.
Aysel Timur







