Bərdə rayon prokuroru Rəşad İsgəndərov fakt üzrə cinayət işinin başlanılmasında «Təzadlar» qəzetindəki məqaləyə əsaslanır, redaksiyanın bundan xəbəri olmur, cinayət işinin rədd edilməsi barədə 20 avqust 2026-cı il tarixli qərarını isə redaksiyadan gizlədir…
YADDAŞ ÜÇÜN: Azərbaycan Respublikası CPM-nin 46-cı maddəsi:
«Maddə 46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər».
«Maddə 206. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları
206.1. Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir…» və s.
***
Beləliklə, «Təzadlar» qəzetinin və eyni adlı tezadlar.az saytının 13 aprel 2026-cı il tarixli sayında «Bərdə Müalicə-Diaqnostika Mərkəzi həkiminin səhlənkarlığı: məktəbli qızın ayağı kəsildi-ŞOK» başlıqlı yazı dərc edilir… Yazı Ağdam rayon sakini, hazırda Ağcabədi rayonunun Hüsülü ərazi nümayəndəliyinin Təzəkənd kəndində müvəqqəti məskunlaşmış Əliyev Zabil Əsgər oğlunun Baş Prokuror Kamran Əliyevə şikayət məktubu əsasında hazırlanmışdı və yazıya aidiyyəti mötəbər sübutlar və rəsmi sənədlər əlavə olunmuşdu.
Baş verən bədbəxt və ağır faciəli hadisə barədə aşağıda ətraflı bəhs ediləcək. Hələlik qısa olaraq deyək ki, söhbət 11-ci sinif şagirdi olan qızın avtoqəzadan sonra Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi tərəfindən ayağının əzilmiş hissəsinin deyil, bütün bud hissəsinin gipsə qoyulması ilə ayağının qanqrena olunmasına gətirib çıxarmış səhlənkar hərəkəti sayəsində zərərçəkənin ayağının dizdən yuxarı kəsilməsi ilə əbədi şikəst olmasından gedir… Şikayət məktubunu kiçik ixtisarla təqdim edirik:
«Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!
Çox hörmətli cənab Baş prokuror, mən-Ağdam rayon sakini Əliyev Zabil Əsgər oğlu, bildirirəm ki, 09.01.2026-cı il tarixdə yaşadığımız Ağcabədi rayonunun Təzəkənd kəndində övladım, 08.03.2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi Əliyeva Yetər Zabil qızı, kəndin mərkəzi yolunun kənarı ilə gedərkən arxadan gələn “Jiquli06» markalı 50BF670 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən, sürücülük hüququ olmayan, Ağcabədi rayonu Təzəkənd kənd sakini Məhərrəmov Elnur Novruz oğlu başqasına məxsus avtomaşınla qızım Yetəri yol kənarında olan qaz borusuna çırpmışdır. Yetərin sağ ayağı dizdən aşağı sınmış, avtomaşının qabaq təkəri isə sağ ayağının üstündə təxminən 3-4 dəqiqədən artıq qalaraq ayağının pəncəsini ağır vəziyyətdə əzmişdir. Sürücü isə hadisə yerindən kənarlaşmış, mən özüm qızım Yetər Əliyevanı dərhal şəxsi avtomaşınla Bərdə Müalicə Diaqnostika Mərkəzinə aparmalı oldum. Xəstə həkim travmatoloq Xaliq Məmmədov tərəfindən qəbul edildi, o, rentgen çəkilişinə baxaraq ayağı baldır hissəyədək gipsə qoydu, bunun müqabilində 100 (yüz) manat da pul aldı, sonra bizi xəstəxanada saxlamayaraq evə yola saldı. Onun sonrakı müddətdə xəstə ilə hər hansı bir formada maraqlanması baş vermədi. Bu hadisədən təxminən 19 gün sonra- 28.01.2026-cı il tarixdə baxdıq ki, Yetərin barmaqları və ayağının üstü qaralır. Dərhal ayağı gipsə qoymuş həkim Xaliq Məmmədovla əlaqə saxladıq, bildirdi ki, təcili Bakıya aparın, mən heç nə edə bilmərəm və s. Biz dərhal qızımı Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Funda” Hospitalına apardıq. Həkimlər uzun müddət müalicə etməsinə baxmayaraq azyaşlı qızım Yetər Əliyevanın sağ qılçası dizindən yuxarı amputasiya edildi. Həkimlərin rəyi əvvəldən belə olmuşdu ki, Bərdə Müalicə Diaqnostika Mərkəzinin travmatoloqu Xaliq Məmmədov ayağın sınmış hissəsini deyil, diz də qarışıq, yuxarı baldır hissəni də gipsə qoymaqla oynaq damarlarının sıxılmasına və ayağa qan işləməməsinə səbəb olan səhlənkarlığa yol vermiş, nəticədə aşağı ayaq hissəyə qan işləmədiyindən qanqren vermiş, damarlar tıxanmış, çürümə baş vermişdir.
Xatırladım ki, törədilmiş avtoqəza ilə bağlı Ağcabədi RPŞ-nin istintaq bölməsində cinayət işi başlansa da, bu günədək başqasının avtomobili ilə sürücülük vəsiqəsi olmadan ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücünün və avtomobilin əsl sahibinin barəsində qanuni tədbirlər görülməmiş, əksinə, müstəntiqlə «dil tapan» «sürücü» bizə açıq şəkildə deyir ki, hara istəyirsiniz şikayət edin, mənlik deyil və s. Axı bu necə ola bilər! Aradan üç aydan çox vaxt keçməsinə baxmayaraq hadisəni törətmiş Elnur Məhərrəmov və həkim travmatoloq Xaliq Məmmədovun barəsində istintaq heç bir tədbir görməmişdir
Hörmətli cənab Baş Prokuror!
Bu cür ailə faciəsi üzərindən istintaqın hərəkətsizliyinə isə istintaqa nəzarət etməli olan Ağcabədi rayon prokuroru Vüqar Hacıyev 3 aydır susur. Mən ata kimi məktəbli qızımın qarşısında hər gün dayanıb susuram və göz yaşı içində ona deyə bilmirəm ki, mən Ağcabədi rayon Polis Şöbəsinin rəisinin və müstəntiqin hərəkətsizliyi, qanuni vəzifələrini yerinə yetirməmələri qarşısında hələki acizəm! Axı niyə belə olmalıdır??? Ailəmizə və övladıma əbədi faciə gətirmiş «sürücü» necə ola bilər ki, ortalıqda gəzsin və günahkar ola-ola cəzalandırılmasın, məsuliyyətə cəlb edilməsin?
Ulu Öndər Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda! İndi günahkar cəzasızdır, günahsız məktəbli qızım isə heç nədən əbədi olaraq həyati cəzaya məhkum edilib!
Hörmətli Kamran müəllim, yəqinki bir ata və valideyn olaraq Siz mənim acizanə vəziyyətimi qiymətləndirəcəksiniz. Xahişim odur ki, bu faciə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində qaldırılmış cinayət işi alınaraq başqa rayona verilsin. Eləcə də orta məktəb şagirdi olan azyaşlı qızımın bu vəziyyətə düşməsində birbaşa günahkar olan sürücü Elnur Məhərrəmov, eləcə də ona avtomobilini vermiş əsl sahibi, həmçinin qızımı həkim səhlənkarlığı ilə əbədi əlilliyə düçar etmiş Bərdə Müalicə-Diaqnostika Mərkəzinin travmatoloqu Xaliq Məmmədovun qanuna müvafiq qaydada cəzalandırılması üçün aidiyyəti üzrə tapşırıq verəsiniz».
Hamı susur, qanun isə vəzifəsini icra etmədən susanları bağışlamır!
Yuxarıda Azərbaycan CPM-nin 46 və 206-cı maddələrini elə-belə xatırlatmadıq. Söhbətin hüquqi şərhi onu deyir ki, məlum hadisə Ağcabədi rayonu ərazisində baş verdiyindən yazıda Ağcabədi rayon Polis Şöbəsində qaldırılmış cinayət işinin istintaqının qəsdən və müəmmalı səbəblərdən uzadılmasından və s. gedirdi. Odur ki, 2026-cı ilin yanvarın 9-da baş vermiş avtoqəza hadisəsi üzrə başlanılmış cinayət işinin istintaqının uzadılması səbəbindən zərərçəkmişin atası media vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edir ki, bu cinayət işi Ağcabədidən alınaraq başqa rayona verilsin(artıq həmin cinayət işinin istintaqı tamamlanıb və iş Ağcabədi rayon Məhkəməsində(məhkəmənin sədri və hakimi Sulduz Ləzimovun icraatındadır, məhkəmə baxışı davam edir) … Və şikayətdə Bərdə rayon Prokurorluğu barədə bir kəlmə də olsun söhbət getmir…
Bəs Bərdə rayon prokuroru hansı hüquqi əsasla Ağcabədidə baş vermiş hadisə ilə bağlı Bərdədə cinayət işinin başlanılmasına qərar verib?

Məsələ elə ondadır ki, Azərbaycan Respublikası CPM-nin 46-cı maddəsində konkret yazılır ki, «Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları… ola bilər».
Şəxsən «Təzadlar» qəzetinin rəhbərliyi bu şikayətlə bağlı toplanmış materialı və maddi sübutları rəsmi məktubla, redaksiyanın blankında yazılmaqla, Bərdə rayon prokuroru Rəşad İsgəndərova göndərməyib və xahiş edilməyib ki, CPM-nin 46-cı maddəsinin tələblərinə uyğun olaraq fakt üzrə cinayət işi başlanılsın, məktəbli qızı ömürlük faciəyə-əlilliyə düçar etmiş travmatoloq həkim Xaliq Məmmədov istintaqa cəlb olunsun və s.
Elə isə, Bərdə rayon prokuroru Rəşad İsgəndərovu nə məcbur etmişdi ki, dərhal adı çəkilən həkim Xaliq Məmmədovu istintaqa cəlb edir, cinayət işi başlayır, nəhayət, «həkimlə məsələ bitəndən sonra» 20 avqust 2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edir???
Prokuror Rəşad İsgəndərov deyə bilər ki, bizə göstəriş Baş Prokurorluqdan gəlmişdi! Olsun! Əgər belə idisə, qayda və qanuna görə, Baş Prokurorluq dərc olunmuş şikayətlə bağlı tədbir görülməsi üçün Bərdə rayon Prokurorluğuna göstəriş verərək iş üzrə istintaq hərəkətləri aparılması tapşırığını verirsə, mütləq məktubda yazılır: «Surəti: «Təzadlar» qəzeti redaksiyasına» və ardunca prokurora tapşırılır ki: «Nəticəsi barədə redaksiyaya məlumat verilsin!».
İndi sual verməkdə tamamilə haqlıyıq:
1.Baş Prokurorluqdan belə bir göstəriş olubmu? Bilirik ki, olmayıb. Niyə? Çünki hadisə barədə artıq Ağcabədi rayon Prokurorluğunda cinayət işi başlanılmışdı, Ağcabədi rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilirdi.
2.Redaksiya Bərdə rayon Prokurorluğuna yazıda qeyd edilənlərlə bağlı material göndərməyib, amma prokurorluğun müstəntiqi Sərxan İbrahimovun «Cinayət işinin başlanılmasının rədd edilməsi barədə» 20.08.2026-cı il tarixli qərarında isə çox maraqlıdır, az qala hər vərəqdə «Təzadlar» qəzetində dərc olunmuş materiala istinad edilir və cinayət işinin başlanılmasının da bu qəzet məqaləsinə görə olduğu yazılır, lakin redaksiyaya ən azı bu qərarın surəti göndərilmir, məlumat verilmir. Niyə???
3.Yaxşı, əgər prokuror Rəşad İsgəndərovun məqsədi həqiqəti üzə çıxarmaq idisə, niyə məktəbli qızın ayağını amputasiya etmiş «Funda» Klinikasının cərrah-travmatoloq həkimi Ceyhun Vahidli və bu məsuliyyətli əməliyyatda iştirak etmiş həkimlər istintaqda dindirilməmişdir? Axı əməliyyatdan qabaq xəstənin və xəstəliyin vəziyyəti barədə vəziyyət öyrənilir, rəy verilir. Bunlar olmur, amma müstəntiqin qərarında isə Bərdə Diaqnostika Mərkəzinin həkimləri danışdırılır, onların hər hansı müşahidə və ya xəstəliyə baxış sübutları olmadığı halda, əsassız, mənbəyi olmayan rəy hazırlanıb qərara doldurulur.
4.Müstəntiq cinayət işinin başlanılmasının rədd edilməsini əsaslandırmaq üçün xüsusi olaraq qeyd edir ki, zərərçəkmiş məktəbli xəstə-Yetər Əliyeva əvvəlcə avtoqəzanı gizlətmişdir və s. Axı baş verənlərin fizioloji motivi və hüquqi anlamı xəstənin yıxılaraq, sürüşərək, suya düşərək, dağdan yumalanaraq və s. zərərçəkməsindən deyil, həkimin günahı üzündən ayağın əzilmiş-sınmış hissəsinin deyil, ayağın dizdən də yuxarı hissəsinin gipsə qoyulmasından, əlavə hər hansı məsləhət verilmədən xəstəni taleyin ümidinə buraxılmasından, nəticədə ömürlük zəlil günə salınmasından gedir.
Niyə müstəntiq xəstəni dindirməyib? Lazım olmaıb? Səhiyyə Nazirliyinə müraciət edərək xüsusi həkim ekspertlər dəvət etməli, obyektiv rəy almalı deyildi? Nədən həkim Xaliq Məmmədovun iş yoldaşlarının ifadələri-rəyləri işə yaradı???
***
Biz media olaraq bu qarışıq işdə hər şeyi bilməsək də, çox şeyi bilirik və baş verənlərdən yetərincə nəticə çıxarmaq bacarığımız peşə vərdişimizdən irəli gəlir.
Sözümüzün mətləbi: cənab prokuror Rəşad İsgəndərov, səmimi desək, məktəbli qızı ömürlük şikəst qoymuş həkim Xaliq Məmmədovun barəsində cinayət işinin başlanılaraq həbs edilməsini, həkimin bütün karyerasına son qoyulmasını və s. istəməzdik, amma göydə Allah, yerdə Siz bilirsiniz ki, bu cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarınızdan başqa «qoxu gəlir»! Çünki zərərçəkmişin atası bu qərarınızdan Baş Prokurora və məhkəmələrə şikayət verməyə hazırlaşır. Axı həyatda ədalət və insaf, vicdan deyilən bir ilahi fəlsəfə var: siz gözəl bilirsiniz, «Funda» Klinikasının həkimləri də xəstənin atasına bildiriblər ki, həkim böyük səhlənkarlığa yol verib, diz qapağı olan hərəkətli hissənin gipsə qoyulmasına ehtiyac yox idi, gipsə ayaq qoyulmalı idi. O qədər belə xəstələr var ki! Məgər gipsə qoyulanların hamısının ayağı, qolu, barmağı… kəsilir- amputasiya olunur??? Bu barədə özünüzə sual verməmisiniz?
Cənab prokuror, Sizə belə bir məsləhət verməyimiz bəlkə də çox yersiz görünər, amma düşünürük ki, xalqımız humanistdir, ədalətlidir, ürəyi yumşaqdır… Bir hadisə olub, ayaq yerinə qayıdan deyil, amma ömürlük şikəst qoulmuş, ata-anasına həmişəlik göz dağı olan zərərçəkmiş məktəbli qızın, onun valideynlərinin bir təsəllisi də olmalıdır. O da budur ki, siz həkimlə atanı çağırıb barışdırmalı idiniz, məcburi köçkün ailəyə həkimin maddi-mənəvi dəstəyi olmalı idi. Amma bu olmayıb, Siz bunu təmin edə bilmədiniz! Bu el dili ilə desək, böyük qəbahətdir! Amma hələ də gec deyil!
Bəs Ağcabədi rayon Məhkəməsində bu iş üzrə rayon Polis Şöbəsində başlanmış cinayət işinin materiallarının məhkəmə istintaqını necə aparılır?
Zərərçəkmiş ailənin başçısı Zabil Əliyevdən bu barədə soruşduq. O, bunları dedi:
-Qızımın ayağının amputasiyasına gətirib çıxarmış məlum yol-nəqliyyat hadisəsi ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində başlanılmış cinayət işinin istintaqı başa çatıb. İş materalları Ağcabədi rayon Məhkəməsinə göndərilib, məhkəmənin sədri və hakimi olan Sulduz Ləzimovun icraatındadır. Məhkəmə istintaqında hamımız ailəlikcə iştirak edirik, məhkəmənin ədalətli qərarına inanırıq. Lakin məhkəmə prosesində qızımın ömürlük şikəst olmasına bais olmuş sürücünün hüquqlarının daha çox müdafiə olunmasını hiss edirik, bundan çox narahatıq. Bu bizi çox ciddi düşündürür. Məlumat üçün deyim ki, sürücülük hüququ olmayan şəxsin qanunsuz olaraq idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi 2026-cı ilin yanvarın 9-da baş verib, Ağcabədi rayon Polis Şöbəsinin Təhqiqat Qrupu hadisəni araşdırıb, amma təhqiqatçılar həm avtomobili qanunsuz idarə edənlə, həm də avtomobilin sahibi ilə görüşüb-danışandan sonra cinayət işinin başlanılması rədd edildi. Lakin «Təzadlar» qəzeti bizim şikayətimizi ictimailəşdirəndən sonra rayon polis şöbəsində yenidən cinayət işi başlanıldı… Rayon prokuroru Vüqar Hacıyevin imzaladığı 25 iyul 2026-cı il tarixli «İttiham Aktı» ilə hadisəni törədən Məhərrəmov Elnur Novruz oğlunun barəsində Azərbaycan CM-nin 263-1.1 maddəsi ilə qaldırılmış cinayət işinin materialları baxılması və hüquqi qiymət verilməsi üçün Ağcabədi rayon Məhkəməsinə göndərildi… Diqqətinizə çatdırım ki, yol-nəqliyyat hadisəsi bu ilin yanvarın 9-da baş verib, lakin Elnur Məhərrəmov 26 yanvar tarixində maşının sahibindən tələm-tələsik, qanunsuz etibarnamə alır. Təəssüf ki, istintaq Məhərrəmov Elnur Novruz oğlunun və avtomobil sahibinin bu sənəd saxtalaşdırma və istintaqı aldatma əməlinə hüquqi qiymət verməyib. Axı avtomobilin əsl sahibi, mülkiyyətçisi bu hadisədən dərhal məlumatlı idi və o, Elnur Məhərrəmova bilə-bilə saxta sənədi-etibarnaməni nə məqsədlə vermişdir? Onun da əməlinə hüquqi qiymət verilməli idi. Hazırda məhkəmədə də onların tərəfini tutan hakim mövqeyi ilə qarşılaşmaqdayıq. Amma inanıram ki, məktəbli qızın ömürlük şikəst qalmasını bilən hakim və məhkəmə sədri ədalətli qərar verəcək… Biz hazırda Bərdə rayon Prokurorluğunun məlum əsassız və ədalətsiz qərarından da şikayət verməyə hazırlaşırıq… Bir sözlə, başqasının göz yaşı və bədbəxt taleyi üzərindən haqqı, ədaləti və qanunu bir kənara atıb şəxsi maraqları naminə qanunsuz addım atanları heç Allah da bağışlamaz!
REDAKSİYADAN: Araşdırma yazı aidiyyəti üzrə Baş Prokurorluğa, Ali Məhkəməyə, Məhkəmə –Hüquq Şurasına, həmçinin Səhiyyə Nazirliynə və Daxili İşlər Nazirliyinə göndəriləcək. Eləcə də Bərdə rayon Prokurorluğunun məlum qərarından Baş Prokurorluğa və məhkəməyə qanuni tədbir görülməsi üçün zərərçəkmiş tərəfindən şikayət veriləcək.
Əlavə məlumat veriləcək.













