Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarının rəhbərliyi Rusiya paytaxtını hədəf alan dron təhlükəsi səbəbindən eniş və uçuşları müvəqqəti olaraq dayandırıb, Şeremetyevo hava limanındakı sərnişinlər isə təhlükəsiz ərazilərə təxliyə edilib.
Tezadlar.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) uçuş təhlükəsizliyini təmin etmək üçün dörd Moskva hava limanında eniş və qalxışlara müvəqqəti məhdudiyyətlər qoyulduğunu açıqlayıb.
Şeremetyevo Hava Limanından verilən açıqlamada hava hücumu xəbərdarlığının verildiyi və sərnişinlərin ən yaxın təhlükəsiz ərazilərə və sığınacaqlara yönləndirildiyi bildirilib.
Açıqlamada həmçinin terminallardakı steril ərazilərə girişin müvəqqəti olaraq məhdudlaşdırıldığı və sərnişinlərdən pəncərələrdən uzaq durmalarının və hava limanı işçilərinin təlimatlarına əməl etmələrinin xahiş olunduğu qeyd edilib.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri şəhərə yaxınlaşan dronları zərərsizləşdirməyə davam edir.
Sobyaninin açıqlamasına görə, yerli vaxtla saat 15:22-yə olan məlumata görə, Moskvaya doğru hərəkət edən 17 dron vurulub. Təcili yardım qruplarının dron qalıqlarının düşdüyü ərazilərdə işlədiyi bildirilir.
ELBAR







