Əsas məzmuna keç

TikTok-da səhifə açıb qazilərin heysiyyətinə toxunulur- FOTOLAR

Bu gün sosial şəbəkələr təkcə ünsiyyət, paylaşım deyil, həm də biznes qurmaq mənbəyinə çevrilib. Bunlardan biri də TikTok platformasıdır. Artıq son illər bu platforma vasitəsilə bloggerlər, influencerlər müxtəlif məzmunlu videolar paylaşaraq izləyici, abunə sayı toplamaqla reklam təklifləri alırlar və təbii ki, kifayət qədər izləyici kütləsi olanlar da yaxşı gəlir əldə etmək şansı qazanırlar. İnsanların bu platformaya marağı artdıqca, belə hal kütləviləşir: mətbəxdəki əl qabiliyyətini nümayiş etdirən evdar qadınlardan tutmuş  həkimlərə, siyasətçilərədək müxtəlif peşə sahibləri səhifələr yaradaraq şəxsi reklamlarını edir, hətta məşhurlaşırlar. Necə deyərlər, kim necə bacarırsa!
Lakin sosial platformalardan çirkin məqsədlər üçün istifadə edən üzdəniraqlar da az deyil… Belə “tiktokerlər” izləyici sayı toplamaq üçün baş vumadıqları yol, çıxarmadıqları hoqqa qalmır: mənəvi dəyərlərə zidd, etikadan kənar və ya qeyri-əxlaqi davranışlar, pis vərdişlər nümayiş etdirənlər sosial şəbəkə vasitəsilə topluma sırınır, alışdırılır. Əsasən də yeni nəsil – yeniyetmələr və gənclər üçün pis örnək olan belə əxlaq sahibləri zaman-zaman aidiyyəti qurumlar tərəfindən  aşkarlanaraq layiq olduqları cəzanı alırlar.
***
Əksəriyyətində olduğu kimi, mənim də sosial şəbəkə hesablarım var. Mən də bəzən bəyənmədiyim paylaşımlara şahidlik edirəm. Bu günlərdə TikTok-da təsadüfən qarşıma çıxan bir video isə qanımı çox qaraltdı və özüm-özümə sual verdim: bu, bizikmi?
Videoda gördüyüm şəxs isə qazi idi və onun dilindən deyilən sözlər neştər kimi ürəyimə sancıldı, ruhumu sarsıtdı, qəlbimi incitdi! Qazimizi (qaziləri, əlilləri) çox alçaldıcı tərzdə təqdim edən şəxsin əvəzinə mən utandım… Sözügedən şəxsi – Vətən yolunda iki gözünün nurunu itirmiş qazimiz Kamran Baxşızadəni tanıdım. Səhifədə müxtəlif məkanlarda, vəziyyətlərdə lentə alınan qazimiz guya TikTok izləyicilərinə üz tutaraq “Ölərəm ayaqlarının altında, qurban olaram, bir dənə təqib at, çevirmə, “Ya Əli” yaz, salam yaz” və digər bu qəbildən olan ürəkdağlayıcı sözlər deyirdi… Nə qədər acı olsa da, bunu demək məcburiyyətindəyəm: yalvarırdı -yalvardılırdı… Bunu qəhrəman qazimizin sanki özü söyləyirmiş kimi videoların üzərində qeydə alınmış səs yazısı şəklində əlavə etmişdilər. Video paylaşılan səhifəni araşdırdıqda isə məlum oldu ki, 200 mindən çox izləyici, milyonlarla bəyənmə sayı olan profildə təkcə qazilərin deyil, çoxlu sayda əlil insanın videogörüntüləri, fotoları eyni yalvarışlı cümlələrlə paylaşılıb və paylaşılmaqda da davam edir.  Hər birinin üzərində  guya azərbaycanlı qazi olduğu qeyd edilir. Hansı ki, bu adla “müəllif” tərəfindən izləyici kütləsi, bəyənmə sayı əldə edilir. Çoxsaylı foto və videolarda gördüyüm əlillərin çoxunun, ümumiyyətlə, Azərbaycanla əlaqəsi olmayan şəxslərdir. Hətta süni intellektdən də istifadə olunub. Səhifə  “Murov Bərdəli” adlı şəxsə məxsusdur. Və həmin səhifədə başqa məzmunlu videolar da yer alıb. Lakin yüz minlərlə izləmə sayı toplayan paylaşımlar məhz qazilərlə, əlil insanlarla bağlıdır. Hətta körpə övladları ilə paylaşılanlar da var… Əlbəttə, heç bir kəs qarşısına çıxan qazi “yalvarışına” dözmür, videomüraciətdə arzu edilən sözləri yazırlar. Yenə də vurğulayım ki, orada qazi kimi təqdim edilən çox insan var ki, əcnəbidir. Bunu diqqətlə baxan hər bir kəs seçə bilər. Eyni zamanda, bütün yalvarışlı müraciətlər də eyni şəxsin səsidir.
Şəxsən mən 2023-cü ildə qəhrəman qazilərimiz Kamran Baxşızadə və Rəhman Nuriyevə həsr edilmiş “Gözümün Nuru Vətən” layihəsi çərçivəsində lentə alınmış sənədli filmi seyr etmişəm. Hər iki gözünü itirmiş bu qəhrəman oğulların həyat hekayəsindən bəhs edən film barədə məqalə də yazmışdım.

qazi film

qazi film

Həmin ekran işinin ssenari müəllifi və rejissoru Reyhan Cəfərova, ideya müəllifi isə istedadlı aktrisa, yazar, həm də Birinci Qarabağ müharibəsi veteranı Simuzər Ağakişiyevadır.
Qeyd edim ki, Kamran Baxşızadə müharibəyə gedənədək məhkəmə orqanında çalışıb. O, xüsusi təyinatlı dəstədə fəaliyyət göstərib. Müharibədən sonra BDU-nun beynəlxalq münasibətlər fakültəsinə daxil olaraq ikinci ali təhsil alıb.
SUAL EDİRƏM: Kamran Baxşızadənin yuxarıda qeyd etdiyim səhifədə yazıq görkəmdə təqdim edilməyə ehtiyacı varmı, eləcə də digər qazilərimizin?
Vətənimizi işğaldan azad edərək bu yolda sağlamlıqlarını qurban verən qazilərimiz, o torpaqları Vətən edənlərdir. Onlar bizim qürurumuzdur – bu gün qürurumuzla oynanılır! Onlar bizim şərəfimizdir – şərəfimiz aşağılanır! Dünən onlar bizi – səni, məni,  Vətənimizi müdafiə etdikləri kimi, bu gün də biz onlara arxa durmalı, həm də hər cür aşağılayıcı sözlərdən, diqqətsizlikdən qorumalıyıq. Belə halları da görməzdən gəlmək olmaz. Qazilərimizlə bağlı bütün məsələlərə çox həssaslıqla yanaşılmalıdır. Hazırda yatağa məhkum olunmuş, sağlamlıq vəziyyəti çox ağır olan, ailələri də onlar kimi min bir əziyyət çəkən qazilərimiz var. Onlar hansısa əzasını itirə bilərlər, aralarında kömək olmadan həyatlarını davam etdirə bilməyənlər də az deyil,  lakin qəhrəman oğullarımızı – o qüdrətə, əzəmətə malik örnəklərimzi səs toplamaq naminə miskin, aciz duruma salaraq milyonlara göstərmək hansı vicdana sığır?!
Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimiz yalvardılırsa, bu, yolverilməzdir. Bu, insanlığa sığmayan bir əməldir. Heç bir kəs qazilərimizi bu duruma sala bilməz, onları yazıq, arxasız görkəmdə təqdim edə, aşağılaya bilməz. Çünki onlar hər birimiz üçün toxunulmazlıq, ucalıq, mərdlik, cəsurluq simvoludur və QAZİ kimi uca ad qazanmışlardır.
Ümid edirəm ki, həmin səhifənin yaradıcısı araşdırılacaq və barəsində müvafiq hüquq- mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi tədbirlər görüləcək.

Yasəmən Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…