Devid Petreus: “Uğuru texnologiya ilə yanaşı, strategiya, liderlik və hərb sənəti müəyyən edir”. Cozef Votel: “Kitab köhnəlmiş ‘dron müharibəsi’ karikaturasını aşaraq qələbəni nəyin qazandırdığını göstərir”.
Tezadlar.az xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabı işıq üzü görüb. Əsəri Uest-Poynt Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunun təsisçi direktoru, təqaüdçü polkovnik Liam Kollinz və həmin institutda şəhər döyüşləri üzrə tədqiqatlara rəhbərlik etmiş, bu sahədə dünyanın ən çox istinad olunan ekspertlərindən biri olan Con Spenser yazıb.
Təxminən iki il ərzində hazırlanan kitab 44 günlük müharibə haqqında xaricdə aparılmış ilk geniş və sistemli hərbi tədqiqatdır. Onun məhz hərbi araşdırmalar üzrəixtisaslaşmış Uest-Poynt mütəxəssisləri tərəfindən yazılması əsərə xüsusi çəki verir: bundan sonra Qərbin hərbi akademiyalarında Azərbaycan təcrübəsi bu kitab üzərindən öyrəniləcək.
Kitabın çapından əvvəl ona ABŞ-ın son onilliklərdəki ən nüfuzlu hərbi rəhbərləri və aparıcı strateji tədqiqatçıları rəy verib. Bu rəylərdə səslənən əsas fikir eynidir: Azərbaycanın Qələbəsi təsadüfi deyil, onilliklər boyu qurulmuş milli gücün, düzgün strategiyanın və liderliyin nəticəsidir.
2020-ci ildən bəri dünya mətbuatında Azərbaycanın Qələbəsi çox vaxt sadəcə “pilotsuz uçuş aparatlarının qələbəsi” kimi təqdim olunurdu. Kitab bu yayğın fikri şübhə altına alır. ABŞ Mərkəzi Komandanlığının və Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş komandanı, general Cozef Votel bunu belə ifadə edir:
“Liam Kollinz və Con Spenser Qarabağ müharibələrinin həlledici tarixini yaradıblar. Onlar köhnəlmiş ‘dron müharibəsi’ karikaturasını aşaraq qələbəni əslində nəyin qazandırdığını göstərirlər: onilliklər boyu davam edən böyük strategiya, institusional islahatlar və nizam-intizamlı əməliyyat icrası.” – General Cozef Votel
Kolumbiya Universitetinin professoru, “Hərbi güc” (“Military Power”) əsərinin müəllifi Stiven Biddl də eyni qənaətdədir. Onun sözlərinə görə, bir çox analitiklər yalnız dəyişikliyə fokuslandığı halda, müəlliflər dronları, yüksək dəqiqlikli silahları və müasir kəşfiyyatı “öz real kontekstində” yerləşdirən daha balanslı baxış təqdim edirlər.
Bəs bu kontekst nədir? Müəlliflərin fikrincə, döyüş meydanında Azərbaycanın qələbəsinin əsas səbəbi ordunun “müasir döyüş sistemi” konsepsiyasına dərindən yiyələnməsidir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgəfəaliyyətinin dəqiq əlaqələndirilməsini özündə birləşdirir. Dronlar bu sistemin güclü alətidir, amma sistemin özü deyil. Texnologiyaya malik olub, onu düzgün döyüş sisteminə inteqrasiya edə bilməyən ordular məğlub olur; Azərbaycan Ordusu isə bu inteqrasiyanı bacaran ordu kimi təqdim edilir.
Kitabın əsas qənaəti ondan ibarətdir ki, hərbi qələbə təkcədöyüş meydanında qazanılmır. Onun arxasında milli güc, düzgün dövlət və ordu quruculuğu siyasəti, güclü iqtisadiyyat, kommunikasiya strategiyası və ideoloji iş dayanır. Bu fikri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general-leytenant Herbert Makmaster xüsusi vurğulayır:
“Bu kitab siyasi və hərbi liderlər üçün mütləq oxunmalıdır. Liam Kollinz və Con Spenser müharibədəuğurun əsas elementlərini – aydın strateji məqsədləri vəbu məqsədlər naminə milli gücün bütün elementlərini səfərbər etmək bacarığını üzə çıxarırlar.” – General-leytenant Herbert Makmaster
Makmasterin sözlərinə görə, kitab pilotsuz sistemlər kimi yeni texnologiyaların təsirini göstərsə də, onları birgəqoşun taktikası, əməliyyat planlaşdırması, coğrafiya, təlim, liderlik və ordu quruculuğu kontekstində təhlil edir.
Başqa sözlə, 2020-ci ilin payızında 44 gün ərzində əldəolunan nəticə uzun illərin məqsədyönlü işinin bəhrəsidir. İqtisadi inkişafın ordu quruculuğuna çevrilməsi, beynəlxalq münasibətlərin siyasi və hərbi dəstəyə yönəldilməsi, cəmiyyətin vahid məqsəd ətrafında səfərbər edilməsi – bunların hamısı eyni strategiyanın tərkib hissələri idi.
Milli gücün bu konfiqurasiyası öz-özünə yaranmır – onu quran və həlledici anda tətbiq edən iradə lazımdır. Kitabda Ali Baş Komandan İlham Əliyevin roluna xüsusi aksent edilir: döyüş əməliyyatlarının strateji idarə olunması, müharibə günlərində həm Azərbaycan cəmiyyəti, həm dəxarici auditoriya ilə fasiləsiz və fəal kommunikasiya, dezinformasiyaya qarşı mübarizə.
Müharibənin 44 günü ərzində Prezidentin xalqa müraciətləri, dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyini beynəlxalq arenada birbaşa çatdırırdı. Qərb hərb elmində “strateji liderlik” adlandırılan anlayış məhz budur: hərbi, siyasi, informasiya və diplomatik resursların vahid məqsədə tabe edilməsi.
Rəylərdə də liderlik faktoru ön plana çıxır. Keçmiş MKİ direktoru, ABŞ Mərkəzi Komandanlığının və İraqdakı çoxmillətli qüvvələrin keçmiş komandanı, general Devid Petreus yazır:
“XXI əsrin həlledici, lakin çox vaxt diqqətdən kənarda qalan hərbi kampaniyalarından birinin ustalıqla aparılmış təhlili… Nəticədə müasir döyüş meydanında uğuru texnologiya ilə yanaşı, strategiyanın, liderliyin, hərb sənətinin və adaptasiyanın müəyyən etdiyini göstərən təsirli bir əsər ortaya çıxıb.” – General Devid Petreus
Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin və ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş komandanı, general Stenli Makkristal isə kitabı “yaxın keçmişdəki bir müharibənin tarixindən qat-qat artıq” adlandırır:
“Liam Kollinz və Con Spenser müasir döyüş meydanında uğuru tək texnologiyanın deyil, strategiyanın, liderliyin, hazırlığın və nizam-intizamlı icranın müəyyən etdiyini nümayiş etdirirlər. Bu, hərbi peşəkarlar və dövlətlərin münaqişəyə necə hazırlaşması ilə maraqlanan hər kəs üçün mühüm kitabdır.” – General Stenli Makkristal
Yüz müsahibə və döyüş meydanlarında sahə işi
Kitabın elmi dəyərini onun metodologiyası müəyyən edir. Tədqiqat 100-ə yaxın hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bundan əlavə, müəlliflər əsas döyüşlərin getdiyi bütün ərazilərdə yerində baxış keçiriblər. General Votelin sözləri ilə desək, əsər “hər iki tərəfin komandirlərinə birbaşa çıxışa” və zəngin döyüş meydanı detallarına söykənir.
Müəlliflərin Azərbaycan təcrübəsinə marağı yeni deyil. Kitabdan əvvəl onlar Hadrut və Şuşa uğrunda şəhər döyüşlərinin necə aparıldığına dair ətraflı məqalə dərc etdirmişdilər. Şəhər döyüşləri üzrə tanınmış ekspert kimi Con Spenser Şuşa əməliyyatını müasir dövrün ən qeyri-adi şəhər əməliyyatlarından biri kimi dəyərləndirir: sıldırım qayalıqlarla əhatə olunmuş dağ şəhəri kütləvi artilleriya zərbələri ilə deyil, xüsusi təyinatlıların çətin ərazidən infiltrasiyası və yaxın döyüşlərlə, şəhər dağıdılmadan azad edilib.
General Votel kitabın hərbi peşəkarlar, siyasətçilər vəstrategiya tədqiqatçıları üçün “Qafqazdan çox-çox uzağa çatan dərslər” ehtiva etdiyini yazır. Bu, Azərbaycan üçün əsas mesajdır: 44 günlük müharibədəki Qələbə artıq beynəlxalq hərb elminin bir hissəsinə çevrilib.
ABŞ ordusunun ən tanınmış generallarının və aparıcı akademik dairələrin yekdil qənaəti budur: Qarabağ yalnız dronlarla deyil, onilliklər boyu qurulmuş milli güclə, düzgün dövlət və ordu quruculuğu siyasəti ilə və bu gücü həlledici anda doğru istiqamətə yönəldən strateji liderlikləazad olunub. Qələbənin memarı isə Ali Baş Komandanİlham Əliyevdir.







