21 Fevral 2025 / 17:16

Qaradağda silah-sursat aşkarlanıb

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62×39 millimetrlik mərmi, 142 ədəd 5.45×39 millimetrlik mərmi, 100 ədəd 9×18 millimetrlik mərmi, 1 ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiş tüfəng olduğu müəyyən edilib.

Silah-sursatlar Xidmətin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!