4 Aprel 2025 / 23:29

Şəhid polkovnik Raquf Orucovun xatirəsi yad edildi

 Dünən Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb. Tezadlar.az – ın əməkdaşının da iştirak etdiyi tədbirdə qəhrəman polkovnikin döyüş yolundan bəhs edilib.
Xatırladırıq ki,  04 aprel 2025-ci il tarixdə Sumqayıt şəhər şəhidlər xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 9-cu ildönümü məzarı başında qeyd edilib. Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, millət vəkili Elman Məmmədov, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.
Allah rəhmət eləsin!
XXX
Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağaalmış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi. 2003–2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.

Raquf Orucova Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarınına görə  “Murov Qartalı” ləqəbi verilmişdir.

Aprel döyüşləri: 2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində  polkovnik–leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik–leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak etmişdir. SumqayıtınŞəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik–leytenant Raquf Orucovun əsgərləri olmuşdur.

Təltifləri

  • (1995) — “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
  • (1998) — “Hərbi xidmətlərə görə” medalı[2]
  • (2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
  • (2003) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  • (2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
  • (2008) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  • (2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
  • (2013) — “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
  • (2016) — “İgidliyə görə” medalı (ölümündən sonra).
  • Təqdim etdi: A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!