Təhsilimizdə xeyli problemlərimiz olmasına baxmayaraq addım-addım uğurlar da əldə olunur. Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz bu brarədə özünün sosial platformasında yazır. Tezadlar.az həmin şərhi təqdim edir:
-Ötən gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat açıqlayıb ki, Azərbaycan Texniki Universiteti də dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən AzTU 5 kateqoriya üzrə 5 ulduz əldə edib. “QS Stars” – universitetlərin güclü və inkişaf potensialı olan sahələrini obyektiv meyarlarla qiymətləndirərək onların tanınmasına töhfə verən nüfuzlu bir beynəlxalq sistemdir. Bununla da, AzTU müxtəlif istiqamətlər üzrə, yəni tədris, tədqiqat, idarəetmə, məzun məşğulluğu, infrastruktur, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər üzrə beynəlxalq rəqabətə davamlılıq sahəsində xeyli irəliləmiş olduğunu göstərib.
Bu nəticə həm ölkəmiz üçün , həm də AzTU üçün mühüm əhəmiyyət kəsb edir. Bu tip qlobal qiymətləndirmələr universitetlərin beynəlxalq aləmdə tanınmaq, tələbə və professor -müəllim heyəti cəlb etmək, beynəlxalq qrantlar və layihələr əldə etmək və s. imkanlarını xeyli genişləndirir.
Eyni zamanda ölkəmizin təhsil imicinin qlobalda güclənməsinə, xarici tərəfdaşların diqqətinin artmasına, regional rəqabət üstünlüyü qazanmasına da imkanlar yaradır.
Xatırladıram ki, cari ilin əvvəli Azərbaycanın iki universiteti, ADİU və Bakı Dövlət Universiteti də “QS Stars” -da 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
Beləliklə, Azərbaycandan artıq 3 universitet – AzTU, ADİU və BDU dünyanın nüfuzlu “QS Stars” reytinqində 5 ulduz əldə edərək ölkəmizin elm və təhsil brendini beynəlxalq miqyasda daha da möhkəmləndiriblər. Təbrik edirik və digər ali təhsil müəssisələrimizə bu yolda uğurlar arzulayırıq!
Təqdim etdi: RAMİZ ƏHMƏDOĞLU