Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Əvvəli saytın dünənki buraxılışında)
İsrailin rusdilli AVIV telekanalının baş redaktoru, ölkənin rusdilli “Sputnik” qəzetinin rəhbəri, politoloq Mark Qorin “Təzadlar”ın bir sıra suallarını cavablandıraraq, İsrail- İran müharibəsi ilə bağlı bəzi dünya ölkələrində, xüsusən də Rusiya, Türkiyə və İran mediasında yayımlanan bir çox məlumatların tamamilə təhrif edildiyini bildirdi. Müsahibə vatsap üzərindən götürülüb, hazırda rus dilində də yayıma hazırlanır. Həmin müsahibənin Azərbaycan dilində olan hissəsinin davamını təqdim edirik:
– Cənab Mark, bir sual da vermək istəyirəm. İsrail hakimiyyəti bilirmi ki, İranın Azərbaycanla sərhəd bölgəsində 40 milyona yaxın azərbaycanlılar yaşayır.
– Əlbəttə, bilirlər…
– Demək istəyirəm, nəzərə alınırmı ki, raket zərbələri bu ərazilərdə yaşayan azərbaycanlılardan uzaq olmalıdır…
-Mən bu problemi yaxşı bilirəm. Amma İsrail dövlətinin adından bu barədə nəsə deyə bilmərəm. Bununla belə, Azərbaycanlıların İsraili necə dəstəklədiyini bilirik… Amma mən deyim ki, bizim baş nazir səviyyəsində də İranda bütövlükdə dini rejimin dəyişməsi dilə gətirilib və bu labüddür. Mən yaxşı xatırlayıram, Xomeyninin hakimiyyəti ələ almasına qədər İranla İsrailin münasibətləri çox yaxşı idi. Mənim bir dostum var idi, İsraildən İrana ezamiyyətə göndərilmişdi. İrandan da çoxsaylı tikinti, sənaye və s. sahələr üzrə mütəxəssislər İzraildə çalışırdılar. Mən bunların hamısını yaxşı xatırlayıram. Bir hərbi həkim dostum var idi, göz həkimi idi, İsraildən, İranda çalışırdı, insanları müalicə edirdi… Ticarət sahəsində də yaxşı əlaqələrimiz var idi. Bunların hamısına Xomeyninin hakimiyyətə gəlməsi ilə və dini ayrı-seçkilik bəhanəsi ilə son qoyuldu. Mən dəqiq deyirəm sizə, İranda düşünən təbəqə, İranın gələcəyindən narahat olan insanlar bu molla rejimin dəyişməsini istəyir. Çünki bu rejimdir ayrı-seçkilik salan, başqalarına fərqli gözlə yanaşan. İran bir imperiyadır, orada müxtəlif xalqların nümayəndələri yaşayır. Təbii ki, 40 milyondan çox Azərbaycan türkləri var. İranın böyük bir ərazisini və əhali tərkibini azərbaycanlılar təşkil edir.

Mən bir tanınmış demoqrafiya mütəxəssisi ilə söhbət etmişəm, İsraildə də bunu yaxşı bilirlər… Bizim məqsədimiz isə aydındır, ümumən bu hərbi əməliyyatlarda 3 məqsədimizin olduğunu əvvəl dedim, birincisi, uranın zənginləşdirilməsində yolveriləbilən həddi keçdi İran, bunun qarşısı alındı. İkincisi və elə bu qədər də təhlükəli olan bir məsələ qalır, o da İrandakı mövcud rejimdir, yəni din pərdəsi altında insanların azadlıq haqqı əlindən alınır, qonşulara qarşı dini ayrı-seçkilik edilir. Üçüncüsü də, İranın İsrail və yaxın Şərqdə bir təhlükə mənbəyi olmasıdır ki, bu da həllini tapmalıdır. İran qapalı ölkə kimi qala bilməz. İnsanlar orada azadlıq, insan haqlarının tapdanmamasını istəyir. Qadınların hüquqlarının hansı səviyyədə olmasını da yaxşı bilirsiniz. İran ABŞ-dan, başqalarından haqq-ədalət istəyir, amma özü insanların bəşəri hüququnu pozur və haqqına girir. Əbəs yerə deyildi ki, ABŞ prezidenti İranı bölgənin «xuliqanı» adlandırdı… Güman edirəm ki, İranın cənubunda yerləşən Azərbaycan əhalisi də müstəqilliyinin arzusundadır, bu rejimdən canını qurtarmaq istəyir. Bu mübarizə keçmiş zamanlarda baş verib, amma rejim qarşısını alıb. Hansı səviyyədə bu olmalıdır, onu xalq özü seçim etməlidir. İnsanların mədəni, dil və təhsil hüququ nə vaxta qədər pozulmalıdır. Mən burada çoxsaylı hərbi mütəxəssislərlə, eləcə də İrandandan olan ziyalı insanlar var, onlarla danışıram. Deyirəm, əzizlərim, bizim məqsədimiz İran xalqı ilə mübarizə aparmaq deyil, bizim hədəfimiz rejimdir, bu dəyişməlidir, İran cəmiyyətinin İsrailə və digər dövlətlərə münasibətini də bu rejim pis mənada formalaşdırıb, müəyyənləşdirib. Biz rejimlə müharibə aparırıq, xalqla yox.

Biz gizlətmirik, məqsəd təkcə İrandakı rejimi dəyişmək deyil, biz daha çox öz təhlükəsizliyimizə də təminat yaratmaq istəyirik. O qədər İslam ölkələri var ki, çoxusu ilə də İsrailin normal münasibəti var, axı yer kürəsindən harasa qaçıb gedəsi deyilik, bura hamımızın evidir. Amma İranın molla rejimi bizi də dinc yaşamağa qoymur, daim təhlükə mənbəyi kimi ortadadır. Mən bilirəm ki, İran xalqı da bu rejimdən bezib, dəyişməsini istəyir. Axı insanlar nə qədər azadlıq arzusunda olmalıdır? Bu arzuları niyə ürəklərində dəfn etməlidirlər? Biz buna nail olacağıq. Bu İsrailin ümdə məqsədidir. Bizim Azərbaycanla, Bakı ilə əlaqəldərimizi nəzərə alsaq, biləsiz ki, biz İran rejimini dəyişdirəndə, ilk növbədə Cənubi Azərbaycan əhalisi ilə normal, dost münasibətlərimizi ortaya qoyacağıq. Axı vaxtilə İsrail həkimləri, mütəxəssisləri İranda çalışıblar, xidmət göstəriblər…

-Bəli, o vaxt İsrail mütəxəssisləri İranda çalışırdılar, indi də çalışırlar, amma İsrailin kəşfiyyat və hərbi mütəxəssisləri kimi…
-(Gülür)Bəli, tamamilə elədir… İndi onlar da İran xalqının xeyrinə fəaliyyət göstərirlər…
-Sosial mediada belə bir ləttifə də oxudum: İranlı hərbçilər bəyan edib ki, baxın, biz İsraildəki hərbi qərərgahı vurduq, bütün mütəxəssislər öldürülüb… İsraildən isə belə bir cavab verilir ki, hansısa hərbi qərərgah vurula bilər, amma orda İsrailli hərbçilər yoxdur, çünki indi onların hamısı İranda fəaliyyət göstərirlər…
-Biz birinci dəfə İrana zərbə endirəndə, bunu artıq hamı bilir, raket əleyhinə olan və kamikadze dronlarımız işə düşdü. Bəzi mütəxəssislər təəccüblənirdilər ki, bu qədər uzaq məsafədən, yəni İsraildən uçub gedən dronları necə olub ki, İranın Hava Hücumundan Müdafiə sistemləri görə bilməyib. Məlum oldu ki, israilli mütəxəssislər İran əraziçsində xüsusi meydançalar təşkil edərək bu dronları əvvəldən oraya yerləşdirmişdilər. Tehranda çoxsaylı generalların operativ məhv edilməsi də bunun sayəsində mümkün olmuşdu… Biz İranı İran ərazisindən vururduq… Bu bizim kəşfiyyatın peşəkar əl işi idi. Bu əməliyyat dünyanın hərb tarixinə, dərsliklərə yazılacaq bir nümunə idi. 200-ə yaxın qırıcımız bu əməliyyatda iştirak etmişdi, bizim bir təyyarəmiz də zədələnmədi. Bu tip əməliyyatlar davamlıdır, biləsiniz ki, İsrail iki həftəyə qələbə çalaraq İranı diz çökdürəcək… O günə az qalıb. Nə qədər ki, gec deyil, İran xalqı və bu xalqın azadlığını əlindən alan, bölgəni təhlükəli hala gətirən İranın dini rejimi düşünüb qərarını verməlidir. Əks halda, bu qərarı biz verəcəyik…
Dinlədi: Elçin Məmmədli
Tərcümə ilə təqdim etdi: Asif Mərzili
