Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 08:35

Ekspertlər: Qalstanyanın saxlanması Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır

İgityan: Qalstanyanın saxlanması Ermənistanda yeni etirazlara səbəb ola bilər

“Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın saxlanılması Ermənistanda keçiriləcək seçkilərlə bağlı ola bilər.

Tezadlar.az xəbər verir ki, ekspertlər bu fikri “İzvestiya”ya müsahibəsində bildiriblər.

Erməni Araşdırmalar İnstitutunun direktor müavini Karen İgityanın sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyanın erməni apostol kilsəsinə hücumu təsadüfi deyil. O hesab edir ki, bu, əvvəlcədən hazırlanıb və ölkədə qalan yeganə müstəqil milli quruma qarşı təzyiqlərin davamı olub.

“İnsanda belə bir təəssürat yaranır ki, hakimiyyət müxalifətlə fəal işə başlayıb və bu, kobud desək, siyasi meydanı fərqli fikirdə olan siyasi, sosial və ya dini dairələrin ən görkəmli nümayəndələrindən təmizləmək deməkdir”, – RİAC-ın proqram meneceri Milan Lazovic bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanda 2026-cı ildə parlament seçkilərinin təyin edilməsi ilə bağlı ola bilər. Ekspertlərin fikrincə, hakimiyyətin respublikada ruhanilərə qarşı hücumları, o cümlədən Qalstanyanın saxlanması yeni etirazlara səbəb ola bilər.

Xatırladaq ki, iyunun 25-də Ermənistanda maskalı təhlükəsizlik qüvvələri arxiyepiskop Baqrat Qalstanyanı saxlayıb. Onun Paşinyanın siyasətinə qarşı olduğu məlumdur. Respublikanın İstintaq Komitəsinin məlumatına görə, keşiş “terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham olunur.

Ermənistanın baş naziri daha sonra dövlət çevrilişinə cəhdin qarşısının alındığını bəyan edib. Ötən il Baqrat Qalstanyan ərazilərin təhvil verilməsinə qarşı etirazlara rəhbərlik edib və baş nazirin istefasını tələb edib. Onun ittihamları mediada dərc olunan və guya “çevriliş planı”nı təsvir edən sənədə əsaslanır. Lakin vəkillərin sözlərinə görə, müstəntiqlərin heç bir sübutu yoxdur.

Xatırladaq ki, Ermənistanda Paşinyanla erməni kilsəsi arasında ciddi münaqişə gedir. Baş nazir ölkə kilsələrinin “hər cür zibillə dolu olduğunu”, yepiskopların subaylıq andını pozduğunu, hətta erməni kilsəsinin başçısı katolikos II Qareginin də övladı olduğunu bildirib. Buna cavab olaraq Ermənistanda iğtişaşlar başlayıb. Bu etirazların liderlərindən biri, biznesmen Samvel Karapetyan həbs edilib. Qalan fəalları həbslə hədələyiblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!