Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 10:04

Rusiya İran və İsrail arasında münaqişənin deeskalasiyasında vasitəçilik etmək istəyir

İsrail və ABŞ-ın İrana zərbələri BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır

Rusiya İran və İsrail arasında münaqişənin deeskalasiyasında vasitəçilik etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Beloussov deyib.

Onun sözlərinə görə, Moskva dərhal və bütün səviyyələrdə çoxsaylı insan tələfatı ilə bağlı İrana başsağlığı verib.

“Biz münaqişənin deeskalasiyasını asanlaşdırmağa və bu prosesdə vasitəçilik səylərini təmin etməyə hazır olduğumuzu bəyan etdik”, – Beloussov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi idarələrinin rəhbərlərinin görüşündə deyib.

O, həmçinin bəyan edib ki, İsrail və ABŞ-ın İranın hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirməsi BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov ABŞ hakimiyyətini İranın uranı zənginləşdirməsini qadağan etmək ideyasına aludə olmaqda ittiham etmişdi. O vurğulayıb ki, uranın zənginləşdirilməsi prosesinə Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) tərəfindən nəzarət olunarsa, heç bir qəbahət yoxdur. Ulyanovun fikrincə, ABŞ-ın atdığı addımlar bütün planetdə sülhə təhlükə yarada bilər.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi Eyal Zamir İsrailin İrana qarşı hərbi kampaniyasının bitmədiyini və onu gələcəkdə yeni mərhələnin gözlədiyini, lakin indi hərbçilərin Qəzzada HƏMAS-a qarşı döyüş əməliyyatlarına qayıtmaq məcburiyyətində olduğunu bildirib.

İsrailin İrana hücumu

İyunun 13-nə keçən gecə İsrail İrana hücum edib. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, əsas hədəf nüvə infrastrukturu obyektləri olub. Mülki əhali arasında itkilər var.

ABŞ prezidenti Donald Tramp İsrail ordusunun hücumundan sonra İranı nüvə sazişi bağlamağa çağırıb. O bildirib ki, İsrailin ABŞ-dan çoxlu silahları var və “onlardan necə istifadə edəcəyini bilirlər”.

Daha sonra Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Rusiya lideri vurğulayıb ki, Moskva İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir. Netanyahu ilə danışan Putin danışıqlar prosesinə qayıtmağın və İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb.

İyunun 13-ü axşam saatlarında İran “Ağır cəza” əməliyyatına başlayıb və İsrailə doğru yüzlərlə ballistik raket atıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!