28 İyul 2025 / 22:35

Ukraynadan rus dilində mahnılarla bağlı gözlənilməz açıqlama

Ukraynanın dil ombudsmanı Yelena İvanovskaya bildirib ki, ölkədə rus dilində mahnıların ifasına heç bir qadağa yoxdur.

Tezadlar.az xəbər verir ki, onun sözləri Ombudsman Aparatının rəsmi Facebook səhifəsində dərc edilib.

İvanovskaya bəyan edib ki, Ukraynada rus dilindən bu cür istifadə 2019-cu ildə qəbul edilmiş dövlət dili haqqında qanunun qadağasına aid deyil.

“Qanun bədii əsərlərin, xüsusən mahnıların ifasında başqa dillərdən istifadə imkanını istisna etmir, bir şərtlə ki, bu, digər qanunvericilik normalarına zidd olmasın”, – rəsmi iddia edir.

Lakin onun sözlərinə görə, Ukraynada rus ifaçılarının mahnılarının ifasını qadağan edən “Mədəniyyət haqqında” qanun var. Ölkənin paytaxtı Kiyevdə “rusdilli mədəniyyət məhsulları”nın ictimai istifadəsi məhdudlaşdırılıb.

Bundan əvvəl məlum olub ki, Kiyev vilayətinin Borispol Məhkəməsi Verka Serduçka kimi tanınan artist Andrey Danilkonun rus dilində iki mahnı ifa etdiyi konsert kompleksinin direktorunu inzibati məsuliyyətə cəlb edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!