Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar elm xadimi, professor Rafiq Əsgərov: “…Sizin qrupda bir qız var, məni tez-tez narahat edib çoxlu suallar verir. (Gülür) Müəllim mənə Mehriban xanımın böyük və tanınmış bir nəslin nümayəndəsi olduğunu bildirdi…”
El arasında belə bir atalar sözü var: “Niyyətin hara, mənzilin ora!” İnsan həyatının bünövrəsi gənclikdən, tələbəlik illərindən başlanır.
Söhbət açacağım insan xalqımızın sevimlisi, gözəl insan, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, daim xalqın arasında olan, şəhid və qazi ailələrinin problemlərinə yüksək həssaslıqla yanaşan, dünya siyasətində xalqımızın, vətənimizin yüksəlişi yolunda öz əməyini əsirgəməyən, hər yerdə, hər zaman xalqın sözünü deyən, Heydər Əliyev Fondunun hesabına Azərbaycanımızın bütün guşələrində təhsil ocaqları, uşaq bağçaları inşa etdirən, çoxsaylı yolların bərpasını həyata keçirən, kimsəsiz uşaqların təhsil haqlarını və imkansız xəstələrin müalicə xərclərini qarşılayan Mehriban xanım Əliyevadır. Onun gördüyü işləri saymaqla hesaba gələn deyil. Mətbuat, saytlar və televiziyalarımız daim onun gördüyü müsbət işləri barədə məlumat verirlər. Odur ki, mən bu gün Mehriban xanımın tələbəlik illərindən söz açmaq istəyirəm.
Bu yazını hazırlamaq üçün çox materiallarla tanış oldum və məni ən çox cəlb edən Mehriban xanım haqqında onun müəllimlərinin dedikləri oldu. Gəlin bu məlumatlarla sizlərlə birlikdə tanış olaq: Mehriban xanım Əliyevanın təhsil aldığı Azərbaycan Tibb Universitetində onun müəllimi olmuş şəxslərin Birinci vitse-prezidentlə bağlı bölüşdükləri xatirələr olduqca maraqlıdır. Tibb Universitetinin İnsan Anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Rusiya EA-nın üzvü Vaqif Şadlinskinin Mehriban xanım haqqında dedikləri: “Mən 1970-ci ildən Tibb Universitetinin İnsan Anatomiyası kafedrasında işləyirəm. Mehriban xanım tələbə olduğu zaman mən Xarkov şəhərində olmuşam. Amma əlimdə olan sənəd hər şeyi deyir. Paşayeva Mehriban Arif qızı 1981-82-ci tədris illərində Tibb Universitetinə imtahan verib və müvəffəqiyyətlə ora daxil olub. O, 2-ci Müalicə işi fakültəsinə, 102-ci qrupa qəbul edilib. 1981-ci ilin sentyabr ayından mayın sonlarına qədər bizim kafedrada təhsil alıb. Bu dövrdə Paşayeva Mehriban Arif qızı 4 bölmədən imtahan verib, qiymət alıb. Birinci bölmədən Osteologiya üzrə imtahanı 12 oktyabr 1981-ci ildə verib və “əla” qiymət alıb. İkinci bölmədən Sindesmologiya üzrə imtahanı isə 6 noyabr 1981-ci ildə verib və “əla” qiymət alıb. 3-cü bölmədən Hərəkət aparatı – Əzələlər üzrə imtahanı 21 dekabr 1981-ci ildə verib və “əla” qiymət alıb. 4-cü bölmədən imtahanı isə 20 aprel 1982-ci ildə verib və “əla” qiymət alıb. Nəhayət, axırıncı imtahanı isə 7 iyun 1982-ci ildə verib və “4” qiymət alıb. Sonuncu imtahan zamanı Mehriban xanım Moskvaya getməyə hazırlaşırdı. Həmin imtahandan sonra tələbə Paşayeva Mehriban Moskvaya köçür və Seçenov adına 1-ci Moskva Tibb İnstitutunda təhsilini davam etdirir”, – deyə professor bildirib. “Həmin institutda professor Balakişiyev, professor Hacıyev və professor Əsgərovla şəxsən mənim çox yaxşı əlaqələrim olub. Mehriban xanıma 2-ci kursda dərs demiş Rusiya Elmlər Akademiyasının üzvü, iki dəfə Rusiya Dövlət Mükafatı laureatı Mixail Romanoviç Sapin bu yaxınlarda rəhmətə gedib. Mən Ümumittifaq Morfoloqlar Cəmiyyətinə üzv seçiləndə Sapin o cəmiyyətin sədri idi. O, bir neçə dəfə Azərbaycana gəlib və bizim kafedrada olub. Görüşümüz zamanı o mənə dedi ki, bizim Universitetdən ora istedadlı bir qız köçürülüb. Hələ o vaxtlar Sapin də həmin qızın kim olduğunu bilmirdi. Mən də Sapinə dedim ki, həmin qızı şəxsən tanımıram. Amma axtarıb taparam. Mən M.Əliyevanın bütün imtahanlardan “beş” alması ilə bağlı məlumatları da Sapinə göndərmişdim”.
Professor stolunun üzərində olan şəkli bizə göstərir və onun tarixçəsini danışıb, jurnalistə bildirdi ki, özü bu şəkildə olmasa da, bu şəkil Mehriban xanım üçün çox maraqlı olar. Çünki oradakıların hamısı qrup yoldaşlarıdır. Şəkil çəkilərkən Mehriban xanım artıq nişanlanmışdı və Moskvaya getmişdi. Professor bir müddət öncə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı fikirlərini də bölüşüb: “Mehriban xalqımızın mərd qızıdır. Mən Avropa Oyunlarının açılışı zamanı Xarkov şəhərində idim. Həmin vaxt orada keçmiş “Lider” telekanalı Bakıdan Avropa Oyunları ilə bağlı reportaj göstərirdi. Mən bu zaman proqramı Xorvatiya kanalına çevirdim. Orada da Avropa Oyunlarının açılış mərasimi yayımlanırdı. Rus dilinə də tərcümə olunurdu. Mehriban xanım ingiliscə, azərbaycanca nitq söylədi. Nitqinin sonunda bir cümlə işlətdi: “Tanrı Azərbaycanı qorusun!”. Bu sözün əvəzinə, Mehriban xanım başqa söz də işlədə bilərdi. Amma o, Azərbaycanı nə qədər sevdiyini bir daha bütün dünyaya sübut elədi. Bu, daxildən, ürəkdən gələn bir sözdür. Ona görə də bu millət Mehriban xanıma, onun Azərbaycanı sevdiyi qədər hörmət etməlidir”.
Həmin kafedrada 60 ilə yaxındır ki, çalışan əməkdar elm xadimi, professor Rafiq Əsgərov da bir zamanlar tələbəsi olan Mehriban Əliyeva ilə bağlı xatirələrini bölüşdü: “Mən Mehribangilin qrupunda mühazirələr oxuyurdum. Tələbələrin valideynlərini yaxşı tanımırdım. Mühazirədən sonra həmişə arıq bir qız uşağı ayağa durub mənə suallar verərdi. Auditoriyada həmişə birinci-ikinci sırada oturardı. Bu qızın tibbə çox böyük marağı vardı. Bir gün həmin qızdan soruşdum ki, hansı qrupda oxuyursan? O, mənə oxuduğu qrupun adını dedi. Sonra yavaş-yavaş bu qızın kim olması ilə maraqlandım. Rus bölməsində dərs keçirdim. Sonra gedib həmin qızın müəllimini tapdım. Ona zarafatla dedim ki, sizin qrupda bir qız var, məni tez-tez narahat edib çoxlu suallar verir. (Gülür) Müəllim mənə Mehriban xanımın böyük və tanınmış bir nəslin nümayəndəsi olduğunu bildirdi…
Tibbdə təhsil alanlar gərək Mehriban kimi canla-başla oxusunlar. İndi tələbələr başqa cürdür. O vaxtlar oxumağa meyil daha çox idi. Mehriban həmişə mühazirəyə aid suallar verərdi. Məsələn, mən mühazirəni oxuyurdum və izah edirdim. Bundan dərhal sonra Mehriban ayağa qalxıb mövzudan kənara çıxmadan mənə suallar verərdi. O, ailədə babası Mir Cəlal Paşayevi, Nəsir İmanquliyevi görürdü. Anası professor, atası professor-akademik idi. Mehriban öz ailəsinin içərisində yetişən bir tələbə idi. Daha sonra o, ailə həyatı qurdu. Yenə də təhsilini davam etdirirdi. Bu dəfə Mehribanın müəllimi Heydər Əliyev oldu. Ona daha ayrı məktəb lazım deyildi. Onun məktəbi yanında – öz evində idi. Onun ailədə çox böyük müəllimlərindən biri isə məşhur oftalmoloq, akademik Zərifə xanım Əliyeva idi…
Nümunə olaraq, Mehriban xanımın həyat salnaməsinin hər səhifəsinin araşdırılıb öyrənilməsinə ehtiyac var. Gənclərə örnək olaraq, mən də onun tələbəlik illərini az da olsa işıqlandırdım. Bugünkü Mehriban Əliyeva kimdir? Nümunəvi həyat yoldaşı, adı kimi mehriban ana, nənə və ən əsası Azərbaycan Respublikasının siyasi xadimi, Birinci vitse-prezidenti. 26 avqust xalqımızın sevimlisi Mehriban xanımın dünyaya gəlişi günüdür. Bu münasibətlə mən də bir şair kimi öz adımdan, ailəmiz adından təbrik edir, ona ürəyi istəyən hər şey daxil XOŞBƏXTLİK diləyir və ürəyimdən qopan poetik misralarımı ona ünvanlayıram:
AD GÜNÜNDÜR
Günəş şölə saçan gündür,
Sevincdən qəm qaçan gündür,
Qönçələr gül açan gündür,
Ad günündür, şad günündür,
Mübarək!
Təzə yaşın hökmün etdi,
Köhnə taxtdan düşüb getdi,
Qəlblərə nur saçıb getdi,
Ad günündür, şad günündür,
Mübarək!
Demə, şair, qəlbin boşdu,
Köksümdə ürəyim coşdu,
Şəninə misralar qoşdu,
Ad günündür, şad günündür,
Mübarəkdir, mübarəkdir,
Mübarək!
Abil İSLAM
Şair-jurnalist, Prezident təqaüdçüsü, iki dəfə “Həsən bəy Zərdabi” diplomunun mükafatçısı, “Qızıl Qələm” media mükafatçısı, 227 mahnının söz yazarı, Göyçay Yazarlar Birliyinin yaradıcısı və rəhbəri

P.S. “Təzadlar” qəzetinin və eyni adlı saytının kollektivi xalqımızın sevimli qızı Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik etməklə yanaşı, ona xalqımıza və dövlətimizə xidməti yolunda uğurlar diləyirik. Dəyərli Mehriban xanım Əliyevaya Allahdan sağlam və uzun ömür arzu edirik!