10 Sentyabr 2025 / 15:29

Özbəkistan pensiya yaşını artırmağı planlaşdırır – kişilərdə 63, qadınlarda 58! Azərbaycanda isə…

Özbəkistan minimum pensiya yaşını mərhələli şəkildə artırmağı planlaşdırır.

TEZADLAR.AZ    spot-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 10-da Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Murodbek Atacanov məlumat verib.

Layihəyə əsasən, kişilər üçün pensiya yaşının 60-dan 63-ə, qadınlar üçün 55-dən 58-ə qaldırılması təklif edilir. Artımın tədricən – hər il altı ayda həyata keçirilməsi planlaşdırılır.

Atacanov qeyd edib ki, bir sıra ölkələrdə minimum pensiya yaşı 65-i keçir.

Onun sözlərinə görə, Özbəkistan 1993-cü ildə “Vətəndaşların dövlət pensiya təminatı haqqında” qanunun qəbulundan sonra pensiya yaşının dəyişmədiyi azsaylı ölkələrdən biri olaraq qalır.

“Yalnız Özbəkistan qalıb, digər ölkələr isə artıq pensiya yaşını qaldırıb”, – deyə qeyd edib.

Pensiya Fondunun nümayəndəsinin sözlərinə görə, ölkədə gözlənilən ömür uzunluğu artır və Səhiyyə Nazirliyinin məlumatına görə, orta hesabla 75 yaşa çatır. Əgər əvvəllər pensiyaçılar pensiyaya çıxandan sonra orta hesabla 8-9 il yaşayırdılarsa, indi bu, kişilər üçün 12,5, qadınlar üçün isə 20 ildir.

O, pensiya yaşının artırılması ilə bağlı qərarın hələ verilmədiyini vurğulayıb.

Əhalidən təkliflərin toplanması üçün xüsusi platformanın işə salınması nəzərdə tutulur ki, bunun üçün bir ay vaxt ayrılıb. Daxil olan ideyalar təhlil edildikdən sonra islahat layihəsi yekunlaşdırılaraq jurnalistlərin və bloggerlərin iştirakı ilə müzakirəyə təqdim olunacaq.

Atacanov  pensiya yaşının altı ay deyil, ildə üç ay artırılması imkanından da bəhs edib. Bu halda, bir illik artım dörd il çəkəcək və bütün islahat 12 ilə qədər uzanacaq.

***

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay, kişilərdə isə 65 yaşdır.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Doğrudan da Özbəkistan pensiya yaşının artırılması ilə bağlı tələsməyən ölkələrdəndir və 1993-cü ildən bəri ölkədə pensiya yaşı heç artırılmayıb. Nəzərdə tutulan pensiya yaşı – qadınlarda 58-ə, kişilərdə 63-ə qaldırmaqdır. Hansı ki, hələ uzun, mərhələli bir yol deməkdir.

Bu isə onu deməyə əsas verir ki, Özbəkistanda pensiya yaşına çatma ölkə vətəndaşları üçün əlçatan olaraq qalacaq və uzun illər zəhmətlərinin bəhrəsini yeyə biləcəklər.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!