12 Sentyabr 2025 / 07:24

Çexiya Rusiyanı Polşanın hava məkanını “qəsdən pozmaqda” ittiham etsə də…

Rusiya səfiri Aleksandr Zmeevski Çexiyaya Polşada pilotsuz təyyarələrlə bağlı insidentin kimə faydası barədə düşünməyi tövsiyə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Telegram-da məlumat yayıb.

Sentyabrın 11-də diplomat Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada departament rəhbərinin müavini Yan Marian ilə söhbət edib. Məlumatda deyilir ki, görüş zamanı Çexiya tərəfi Rusiyanı Polşanın hava məkanını “qəsdən pozmaqda” ittiham edib.

Zmeevski “belə mövqedən qətiyyətlə imtina etdi” və həmçinin Praqaya bu hadisədən həqiqətən kimin faydalanması sualını özünə verməyi təklif edib. Rusiya Xarici İşlər Nazirliyi pilotsuz təyyarələrin Rusiya silahlı qüvvələrinə məxsus olması faktının müəyyən edilmədiyini və vəziyyətlə bağlı araşdırmaların davam etdiyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə naməlum pilotsuz təyyarələr Polşa sərhədini keçib. Ölkənin baş naziri Donald Tusk bildirib ki, ümumilikdə 19 pilotsuz uçan aparat aşkarlanıb. Üstəlik, onun sözlərinə görə, onların əhəmiyyətli bir hissəsi Belarus ərazisindən gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!