15 Sentyabr 2025 / 07:44

NATO ölkələri Rusiyaya təzyiqləri artırmalıdır – Vadeful

Almaniyanın xarici işlər naziri Yohan Vadeful hesab edir ki, NATO ölkələri alyansın şərq cinahını daha da gücləndirməli və Rusiyaya təzyiqləri artırmalıdır.

Tezadlar.az xəbər verir ki, o, bu barədə ZDF telekanalının efirində bildirib.

“Rusiya bilməlidir ki, biz hər zaman cavab verəcəyik”, o, Polşa və Rumıniyada baş verən PUA insidentlərini şərh edərkən deyib. Onun sözlərinə görə, NATO üçün alyansın sərhədlərində müdafiə imkanlarını təkmilləşdirməsi vacibdir. “Bura, ilk növbədə, daha yaxşı və daha sürətli cavab verə bilən hava hücumundan müdafiə sistemi daxildir. Yunanıstan və İspaniyada bunun üçün müdafiə sistemlərimiz var. Biz onları birbaşa NATO-nun şərq cinahına göndərmək barədə düşünməliyik”, – Vadeful bildirib.

Sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Şərq keşikçiləri” əməliyyatına başladığını elan edib. Əməliyyat PUA insidentilə bağlı Varşavanın tələbi ilə sentyabrın 10-da başlayan NATO müqaviləsinin 4-cü maddəsinə əsasən keçirilən məsləhətləşmələrin nəticəsi olub.

Sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə hava sərhədlərinin 19 pozulması faktı qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankivsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində məhv edilməsi planlaşdırılan heç bir hədəf yox idi. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!