Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
“Dünən Parisdə Ermənistan və Fransa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşdə iqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahələrində əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Tərəflər, həmçinin strateji tərəfdaşlıq sənədinin imzalanması və onun müddəti barədə fikir mübadiləsi aparıblar”. Politoloq Azad Məsiyev tezadlar.az- a bildirib ki, Paşinyanı hakimiyyətə gətirən Qərb onu həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə dəstəkləyir. Əas məqsədləri Cənubi Qafqazda Qərbin maraqlarını həyata keçirməkdir:
“Düzdür, hər bir dövlət daxili və xarici siyasətində müstəqildir və istədiyi dövlətlə əməkdaşlıq edə bilər. Bu, hər bir dövlətin suveren hüququdur. Lakin məsələ ondadır ki, iki dövlət arasında əməkdaşlıq üçüncü dövlətin əleyhinə yönəlməməlidir. İndiyədək biz Fransa ilə Ermənistan arasında əməkdaşlığın birbaşa Azərbaycan əleyhinə yönəldiyinin bir çox faktlarına şahid olmuşuq. BMT-də və digər beynəlxalq platformalarda Fransanın Azərbaycan əleyhinə qərəzli mövqeyini dəfələrlə görmüşük. Fransa açıq şəkildə Ermənistanı müdafiə edir və obyektivlik prinsipindən uzaqlaşır. 44 günlük Vətən müharibəsi və sonrakı sülh danışıqları prosesində də Fransanın Azərbaycana qarşı qərəzli yanaşmasını müşahidə etmişik”.
Politoloq əlavə edib ki, hazırki məqamda da Ermənistanla Fransa arasındakı siyasi əməkdaşlıq birbaşa Azərbaycanın əleyhinə yönəlib:
“Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi iqtisadi sahədə də özünü göstərir. Fransa və ümumilikdə Qərb, Ermənistanı iqtisadi cəhətdən dəstəkləyərək onu Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Bildiyiniz kimi, Qərbin təşəbbüsü ilə Rusiya-Ermənistan münasibətlərində gərginlik yaradılır, əlaqələr zəiflədilir. Təbii ki, Ermənistanın Rusiya ilə iqtisadi asılılığı mövcuddur. Əgər Qərb bu asılılığı aradan qaldıra bilməsə, Ermənistan ciddi sosial-iqtisadi problemlərlə üzləşə bilər. Bu baxımdan Qərbin, xüsusilə də Fransanın Ermənistana iqtisadi dəstəyi onu Rusiyanın həm siyasi, həm də iqtisadi təsirindən uzaqlaşdırmaq məqsədi daşıyır. Ancaq bir daha vurğulamaq lazımdır ki, bu əməkdaşlıq Azərbaycan əleyhinə yönəlməməlidir. Əks halda, Ermənistan-Azərbaycan sülh danışıqlarına mənfi təsir göstərə və prosesə kölgə sala bilər. Ermənistanın siyasi rəhbərliyi daha ehtiyatlı davranmalıdır. Fransayla əməkdaşlıq Azərbaycan əleyhinə qurulmamalıdır. Əks halda, Azərbaycan da bu cür addımlara adekvat cavab vermək məcburiyyətində qalacaq”.