19 Sentyabr 2025 / 08:10

Almaniya İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmir

Almaniya hökuməti İsrailin Qəzza zolağındakı hərəkətlərinin soyqırım kimi qiymətləndirilməsi ilə razılaşmır.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Madriddə İspaniyanın baş naziri Pedro Sançeslə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu hərəkətləri soyqırım kimi qələmə verməklə razılaşmırıq”, – kansler jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz bunun (İsrailin hərəkətləri – RED.) qeyri-mütənasib olması ilə bağlı qiymətləndirməni bölüşürük”, – o əlavə edib.

Mertsin sözlərinə görə, İsrail hökuməti bu yolla, yəni HƏMAS-ın məhv edilməsi ilə “məqsədlərinə çatmayacaq”. “Biz İsrailin tərəfindəyik, lakin bu o demək deyil ki, biz İsrail hökumətinin verdiyi hər qərarı dəstəkləyirik”, – kansler vurğulayıb.

Merts onu da təkrarlayıb ki, “Almaniya hökuməti üçün Fələstin dövlətçiliyinin tanınması hazırda müzakirə mövzusu deyil”.

“Biz bu cür tanınmanı iki dövlətli həll yolunda ilk deyil, sonuncu addım hesab etməyə davam edirik”, – o deyib.

Kansler Berlinin mövqeyinin qismən Almaniyanın tarixindən qaynaqlandığını etiraf edib. “Bir şey də aydındır: İsrail hökumətini tənqid etmək mümkün olmalıdır, lakin biz heç vaxt bundan yəhudilərə qarşı nifrətin qızışdırılması üçün istifadə edilməsinə imkan verməməliyik”, – deyib.

Mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı “Gideonun arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda hərbi əməliyyatlara başladığını elan edib. Onun bəyan etdiyi məqsəd radikal Fələstinin HƏMAS hərəkatının son məğlubiyyəti və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatdan sonra ordu bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!