Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz Gürcüstandakı bəzi diplomatik nümayəndəliklərin rolu və fəaliyyəti ilə bağlı əsassız və zərərli ittihamları qətiyyətlə rədd edirik”. Tezadlar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı və 26 Avropa ölkəsinin Gürcüstandakı səfirliklərinin yaydığı birgə bəyanatda bildirilib. Qeyd olunub ki, bu cür dezinformasiya ictimaiyyəti çaşdırır və diplomatik nümayəndəliklərin üzərinə düşən vəzifələri yerinə yetirməsi imkanlarını sarsıdır. Bəyanat Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi tərəfindən ictimaiyyətə təqdim olunub. Səfirliklər bildiriblər ki, diplomatların hökumət, müxalifət, vətəndaş cəmiyyəti və ümumiyyətlə cəmiyyətin müxtəlif təbəqələri ilə görüşləri diplomatik fəaliyyətin normal və zəruri hissəsidir və bu fəaliyyət tam şəkildə Vyana Konvensiyasına uyğundur. “Heç bir konkret siyasi partiyanı dəstəkləmirik və bizim guya zorakılıq və ekstremizmi təşviq etdiyimiz barədə yayılan iddialar sadəcə olaraq həqiqətə uyğun deyil”, – deyə bəyanatda qeyd olunur.
Diplomatik nümayəndəliklər bu tip dezinformasiyanın ictimaiyyəti yanlış yönləndirdiyini və səfirliklərin öz öhdəliklərini yerinə yetirmək imkanlarını təhlükə altına atdığını bildiriblər. Bəyanatda, həmçinin, bütün siyasi aktorlar zorakılığın istənilən formasından imtina etməyə və onu qətiyyətlə pisləməyə çağırılır. “Bütün siyasi liderləri qarşıdurma yaradan ritorikadan çəkinməyə və səylərini gərginliyin azaldılmasına yönəltməyə çağırırıq”, – deyə bəyanatın sonunda vurğulanır. Bəyanatı imzalayan ölkələr bunlardır: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Danimarka, Estoniya, Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya.