25 Sentyabr 2025 / 12:56

ADSEA İNSANLARI SU İLƏ İMTAHANA ÇƏKİR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Zəngilan şəhərciyi”nə suyu “qrafik rejim”i ilə verməsi vətəndaşların etirazına səbəb olub

Sentyabrın 15-dən etibarən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki “Zəngilan şəhərciyi”nin sakinləri sudan əziyyət çəkir. Deyəsən, ADSEA sovet dövründəki rejimə qayıdır. Artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “Zəngilan şəhərciyi”nin sakinlərinə suyu “cirə” ilə verir.

Görəsən, suyun qəflətən qəhətə çıxmasının, xüsusi qrafiklə verilməsinin səbəbi nədir və bu, nə vaxta qədər davam edəcək? Bilən yoxdur! Bəlkə, ADSEA-nın məsul şəxsləri bir anlığa özlərini suya ehtiyacı olduğu zaman su tapmayan insanların yerinə qoysunlar…

Bu barədə “Zəngilan şəhərciyi”nin sakinlərinin Tezadlar.az-a ünvanladıqları müraciətində  deyilir: “Sentyabrın 15-dən etibar şəhərcikdə yerləşən beşmərtəbəli 16 binanın sakinlərinə su qrafiklə verilir. Suyun verilməsində gün ərzində bir neçə dəfə fasilə olur. Gecə saat 24:00-dan sonra suyu yenə kəsirlər. Bir də səhər 6-dan sonra bərpa olunur. 6-7 nəfərlik ailə qrafiklə gələn su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Axı ailələrin qocası, xəstəsi, körpəsi var. Məlum olduğu kimi, məcburi köçkünlər bu şəhərcikdə müvəqqəti məskunlaşıblar. Və bir neçə ildən sonra işğaldan azad edilmiş rayonlarda bizə veriləcək evlərimizə köçəcəyik. Yəni yaşadığımız mənzillər  bizə məxsus  deyil ki, problemi aradan qaldırmaq üçün çən qoyaq, həm də bu, hamının imkanı daxilində deyil. Əgər bu binalarda su qrafiklə veriləcəkdirsə, zamanında çən də qoyula bilərdi. Deməli , o zaman suyun qrafiklə verilməsi nəzərdə tutulmamışdı. Məlum olduğu kimi, insan hüquq və azadlıqlarını, habelə vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin ali məqsədidir. Bu mənada, faktiki olaraq ADSEA-nın məsul şəxslərinin öz işlərinin öhdəsindən lazımınca gələ bilmədikləri üçün biz vətəndaşların sudan istifadə hüquqları hal-hazırda pozulur…

Məsələnin başqa tərəfi də var: əgər suyun qrafiklə verilməsi qənaətlə əlaqədardırsa, bu, ağlabatan versiya deyil. Çünki sayğac varsa, su olmalıdır və yaxud su verilirsə, sayğac qoyulmalıdır ki, sui-istifadə hallarına yol verilməsin. Məsələ ondadır ki, su şəhərciyə sayğac sistemi ilə verilir. O zaman hansı sui-istifadələrdən söhbət gedə bilər?! Ancaq buna baxmayaraq, biz bu problemlə üz-üzə qalmışıq. Əlimiz hər yerdən üzüldüyündən sizə müraciət etmək məcburiyyətində qaldıq. Ümid  edirik ki, nəhayət, bizim səsimiz aidiyyəti qurumların diqqətinə çatacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan qeyd olunan ünvanda suyun verilməsinin artıq müvafiq qrafik əsasında həyata keçirildiyi bildirildi: “Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb. Həmçinin qeyd edək ki, hazırda Bakı və Sumqayıt şəhərlərində abonentlərin 81,5 faizi 24 saatlıq, yəni fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Ümumilikdə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət göstərdiyi 6 şəhərdə (Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir və Naxçıvan) bu göstərici 78,1 faiz təşkil edir. Qalan abonentlər isə 12 saatlıq, 6 saatlıq, gündəlik və ya həftəlik qrafiklər əsasında su ilə təmin edilirlər. Həmçinin Xidmət tərəfindən mütəmadi olaraq yeni irimiqyaslı layihələr həyata keçirilir ki, bu da yaxın gələcəkdə bütün abonentlərin fasiləsiz içməli su ilə təmin edilməsinə imkan yaradacaq”.

Belə olan halda, “Zəngilan şəhərciyi”nin sakinlərinə tövsiyəmiz odur ki, evlərinizdə bolluca vedrə, balon, vanna… tədarükünü görün. Deyəsən, hələ uzun illər  suyun davamlı verilişini gözləyəsi olacaqsınız…

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!