26 Sentyabr 2025 / 12:09

İlham Əliyev təkcə Qarabağı Azərbaycan etmədi, həm də Azərbaycanı Qarabağlı etdi!

…Düz 5 il əvvəl, sentyabrın 26-dan 27-nə keçən gecə Azərbaycan torpaqlarında müharibə başladı… BDU-nun professoru İmdad Bayramovun avtomobili ilə səhər tezdən Ağdama getdik… Quzanlıya çatanda bir raket yanımıza düşdü… Düşsün! Biz bu müharibəni-savaşı düz 30 il idi gözləyirdik, deməli, müharibənin raketini də, gülləsini də gözləməliydik! Axı, Qarabağda güllə də, mina da, raket də hər kəsin alın yazısı idi!

Dərhal Muğam Mərkəzinə baş çəkdik, Ağdamın rəhbər heyəti burdakı qərərgahda idi… Əlimizdən nə gələ bilərdi ki! Ürək-dirək verməyə, həyan və həmrəy olmağa gəlmişdik. İcra başçısı Vaqif Həsənov lazım olan hər şeyə nəzarət edirdi… Sonra tanış-bilişlə görüşdük, bəzi ailələrə baş çəkdik. Sabiq polis rəisi, polkovnik Toğrul Rəhimovla da burda görüşdük… Adətən, hamı müharibə istəmədiyini deyir, amma burda hamı bu müharibəni istəyirdi. Vaqif Həsənova dedim ki, ehtiyatlı olun, raket yağır… Dedi, siz o tərəfə yağanı görmürsünüz, 30 ildi bu raketləri gözləmirdikmi?! Orda düşmənin başına raket nədir, od yağır…

Bu əhval-ruhiyyə ilə qardaşım Yusifin Quzanlıdakı evinə baş çəkdik, həyətində üstü betonlu səngəri-sığınacağı gördüm… Burda hamının həyətində belə sığınacaqlar var idi, gecələr ailəlikcə bu sığınacağa doluşub raket zərbəsindən yayınmağa çalışırdılar…

Bilirsiz, bu gün ağzını erməni qibləsinə qoyub köçkün, Qarabağ, müharibə deyib cəm halda əsassız fikirlər söyləyənlər müharibə görməyənlərdir, o sığınacaq-səngərdə ailə-uşaqla hər gecə yatmağın nə demək olduğunu bilməyənlərdir…

***
Qısası, bu sinəgərmə, müharibə, şəhidlik, igidlik 44 gün çəkdi! Azərbaycan bu 44 gündə nələri görmədi, görənlər və o ağrıları və o məsuliyyəti yaşayanlar bilir…

 44 günün tamamında Prezident İlham Əliyev həm də dünyaya səsləndi: “Şuşa, sən azadsan!” və ardınca məşhur “Qarabağ Azərbaycandır!”- dedi… Təkcə demədi, həm də Azərbaycan xalqı və rəhbəri olduğu ordu ilə birgə bunu de-fakto və de-yure etdi!
Təvazökarlıqdan uzaq, hələ o vaxt yazmışdım, indi- tarixi Qələbəmizin 5 illiyində təkrar deyirəm: İlham Əliyev bu müharibədə təkcə Şuşanı və Qarabağı xilas etmədi, o, həm də Azərbaycanı xilas etdi!
Hələ bu harasıdır, İlham Əliyev Ali Baş Komandan olaraq eləcə də Qarabağı Azərbaycan etmədi, həm də Azərbaycanı Qarabağlı etdi!
Yox, bu da deyil: Qarabağ mənfur separatçılardan ilk dəfə-son 200 ildə tam azad edildi! Ona görə, gəlin həm də birlikdə deyək: Şuşa, Qarabağ, Azərbaycan, sən ermənizmidən- o mənfur separatçılıqdan azadsan!!!

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!