1 Oktyabr 2025 / 20:04

“Komandamızda xəyanət olub, satqınlıq halları baş verib”

Hakim partiya “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, partiyanın 2012-ci il parlament seçkilərində qazandığı qələbənin ildönümündə bəyanatla çıxış edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o, son illərdə partiya daxilində baş verən proseslərə və xarici təsirlərə toxunaraq, ölkənin suverenliyinin təhlükə altında olduğunu bildirib. İvanişvili bəyanatında vurğulayıb ki, illər ərzində partiya daxilində “satqınlıq halları” baş verib və bu, təkcə “Gürcü Arzusu”nu deyil, bütövlükdə Gürcüstanı siyasi və inkişaf baxımından ciddi risklərlə üz-üzə qoyub: “Şəxsən mənim üçün ən ağır olan odur ki, keçmiş illərdə komandamızın daxilində məkrlə edilən xəyanətlər oldu. Bu, yalnız partiyamızı deyil, ölkəni də xarici maraqlara tabe qüvvələrin hakimiyyətə qayıtması təhlükəsi ilə üzləşdirdi,” – deyə İvanişvili bildirib. O qeyd edib ki, bəzi keçmiş partiya üzvləri şəxsi maraqlarını və xarici güclərin göstərişlərini Gürcüstan və xalqın maraqlarından üstün tutublar. Onun sözlərinə görə, bu prosesə baxmayaraq, partiya və cəmiyyət birgə müqavimət göstərib: “Dost və tərəfdaş maskası taxmış bəzi xarici qüvvələr açıq şəkildə etiraf etdilər ki, bizdən onların maraqlarına tam tabeçilik tələb olunur,” – deyə İvanişvili bildirib.

Sədrin sözlərinə görə, Gürcüstanın suveren siyasət yürütməsi bəzi xarici dairələrin narazılığına səbəb olub və bu, ölkəyə qarşı təzyiq və şantaj kampaniyasının güclənməsinə gətirib çıxarıb. O həmçinin qeyd edib ki, xarici təsirlərin ölkə daxilində əsas dayaqları müxalif partiyalar və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən şəxslərdir. “Bu qüvvələr üçün fərq etmir – bir siyasətçini digəri ilə, bir partiyanı və ya televiziyanı başqa biri ilə əvəz edə bilərlər. Onlar yenə də Gürcüstan əleyhinə xaricdən yeni ‘ekspertlər’ və ‘siyasətçilər’ səhnəyə çıxarırlar,” – deyə o qeyd edib. İvanişvili, bütün bunlara baxmayaraq, Gürcüstan cəmiyyətinin artıq daha ayıq olduğunu və xalqın siyasi qərarlarını konkret adlara deyil, məhz həqiqətə əsaslandığını vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!