Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hər birimiz həyatımızın dönüş nöqtəsində bir adı xatırlayırıq: Müəllim. Müəllim adı, müəllim sözü daim yüksək sanılıb, müqəddəs sayılıb, “Ana” və “Vətən” kəlmələrinə bərabər tutulub. O kəslər ki, bizə yalnız “Ana, Ata, Vətən” kəlmələrini yazmağı öyrətmirlər, həm də onların mənasını izah edir, sadə rəqəmlərin, uzaq ulduzların sirrini açır, keçmişimizlə, tariximizlə tanış etdir, eyni zamanda daxilimizdəki potensialı oyadır, arzularımıza istiqamət verirlər.
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr – Beynəlxalq Müəllimlər günü təqvimdəki adi bir tarix deyil; bu, bəşəriyyətin ən müqəddəs və fədakar peşəsinə, elm ocağının memarlarına borcumuzu etiraf etdiyimiz, saysız-hesabsız zəhmətə və fədakarlığa “təşəkkür” etdiyimiz gündür. Müəllimlik sənəti əsrlər boyu dəyişsə də, onun cəmiyyətdəki mərkəzi rolu dəyişməz qalıb. Bəs bu gün müəllimi sadəcə “dərs deyən şəxs”dən fərqləndirən nədir? Bu, onların çoxşaxəli missiyası və fədakar əməyidir. Müəllimlərin əməyi yalnız sinifdə keçdikləri dərs saatları ilə ölçülmür. Evə aparılan sənədlər, hər bir şagirdin fərdi inkişaf planının qurulması, valideynlərlə kommunikasiya və davamlı özünü təhsil – bütün bunlar bu peşənin böyük fədakarlıq tələb etdiyini göstərir. Onlar hər bir uğursuzluğa rəğmən ruhlandırmağı bacaran, hər çətinlikdə dayaq olan, tez-tez öz şəxsi ehtiyaclarını şagirdlərinin rifahı üçün qurban verən insanlardır. Müəllim həm də mədəniyyətin daşıyıcısıdır. Onlar dili, milli dəyərləri, tarixi və adət-ənənələri gənc nəsillərə çatdıraraq bir millətin kimliyini qoruyub saxlayırlar. Onların işi sayəsində gələcək nəsillər keçmişlə əlaqəni itirmir, öz köklərindən qüvvət alırlar. Bütün bunlar göstərir ki, müəllimə göstərilən ehtiram, əslində öz gələcəyimizə və millətimizə göstərilən ehtiramdır.
Nümunə olaraq sizə öz təhsil aldığım məktəbdən söz açım. Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbdən. Bu məktəbdə müəllimlərin şagirdlər üçün əməyi çox böyükdür. Ən əsası direktorumuz Sevil Cavadova çox böyük səylər göstərir. O, sadəcə, direktor vəzifəsinin yox, uzaqgörən liderliyin və misilsiz idarəçiliyin simvoludur. Məktəbimizi təhsil ocağından bilik mərkəzinə çevirən, hər zaman inkişafa yönələn təşəbbüskar ruhun daşıyıcısıdır. Sevil Cavadova hər bir müəllimin potensialını görən, onlara ilham verən və peşəkar inkişafda dəstək olan əsl bir mentordur. Mən inanıram ki, Sevil Cavadova kimi güclü və fədakar liderlərin rəhbərliyi altında təhsilimiz parlaq gələcəyə doğru inamla irəliləyir. Onun simasında bütün fədakar müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Səma TAĞIZADƏ,
Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi