Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Beynəlxalq Müəllimlər Günü ilə bağlı paylaşım edib. Tezadlar.az xatırladır ki, paylaşımda deyilir: “Bakı Slavyan Universitetində çalışan bütün həmkarlarımın simasında bu uca adı şərəflə, əzmkarlıqla daşıyan hər bir müəllimi beynəlxalq müəllim günü münasibəti ilə təbrik edirəm!
Ulu öndər Heydər Əliyev “mən müəllim adından uca ad tanımıram” demişdi. Prezident İlham Əliyev isə Vətənin azadlığı uğrunda vuruşan gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində müəllimin, Azərbaycan məktəbinin əvəzsiz rolunu vurğulamışdır. Azərbaycan müəlliminə verilmiş bu yüksək qiymət bizi sevindirərək ruhlandırmaqla yanaşı, gənc kadların hazırlanması işində məsuliyyətimizi daha da artırır.
Əziz həmkarlar, hər birinizi təbrik edir, dünən universitetimizdə keçirilmiş “Təhsildə yeni çağırışlar” beynəlxalq forumunun motosunda deyildiyi kimi, “sən bir ulduzsan, çünki müəllimsən!” arzusunu hər birinizə çatdırıram. Sizin və hər bir gəncdə yaradacağınız vətənpərvərlik, peşəkarlıq və inkişaf işığının hər zaman gur olması diləyi ilə!”.