Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış ictimai, dövlət və siyasi xadim, “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülmüş Həsən Həsənov Gürcüstanın paytaxtı Tbilisiyə səfər edib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, Tbilisidəki Tabidze adına 43 nömrəli ictimai məktəbin kollektivi Həsən Həsənovu bu təhsil ocağının fəxri məzunu kimi xüsusi olaraq dəvət edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbdə görkəmli dövlət xadiminin 85 illiyinə həsr olunmuş görüş keçirilib. Məktəbin direktoru Ekaterine Qaxariya Həsən Həsənovu müşayiət edərək sinif otaqları və kitabxana ilə tanış edib, tədris şəraiti barədə məlumat verib. Daha sonra məktəbin akt zalında şagird və müəllim kollektivi ilə görüş baş tutub. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Təhsil və Elm Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil Müəssisələri Departamentinin rəhbəri Lali Kalandadze də iştirak ediblər.
Direktor Ekaterine Qaxariya Həsən Həsənovu məktəbdə salamlayaraq onun bu təhsil müəssisəsinin ən tanınmış və qürurverici məzunlarından biri olduğunu vurğulayıb. O, yubilyara məktəb adından təbrik açıqcası təqdim edib. Daha sonra çıxış edən Həsən Həsənov təşkil olunan görüş üçün Gürcüstanın Təhsil və Elm Nazirliyinə, Azərbaycanın səfirliyinə və məktəb rəhbərliyinə təşəkkürünü bildirib, məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüb. Yubilyar məktəb direktoruna, Gürcüstan Təhsil və Elm Nazirliyinin nümayəndəsinə kəlağayı və milli suvenir, məktəbə isə müəllifi olduğu və ingilis dilində çap olunmuş “Qız qalası” kitabını hədiyyə edib.
Qeyd edək ki, Həsən Həsənov 1940-cı il oktyabrın 20-də Tbilisidə anadan olub. O, müxtəlif illərdə Azərbaycanın Baş naziri, Xarici İşlər Naziri, BMT-də daimi nümayəndəsi, həmçinin 2004–2021-ci illərdə Macarıstan və Polşadakı səfiri olub. 2022-ci ildə ona “Tbilisinin fəxri vətəndaşı” adı verilib.